14:00
784
Bildirilir ki, son zamanlar İran Prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Arakçının fəaliyyətindən narazıdır. Ona görə də Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf Arakçının istefasını tələb edirlər.
Mövzu ilə bağlı xalqcebhesi.az-a danışan politoloq Turan Rzayev qeyd edib ki, İran daxilində ciddi bir problem yaranıb və fərqli iddialar yayılmaqdadır: “Məsələn, İran ali dini rəhbəri Əli Xamenei öləndən sonra İrandakı qüvvələr balansında ciddi bir pozuntu yaranıb. Yəni SEPAH, Prezident İnstitutu, ruhanilər və digər qüvvələr artıq gücü ələ keçirməyə çalışırlar. Yeni dini rəhbərin isə səhhəti yaxşı deyil, müharibədə yaralandığı və hələ tam olaraq sağalmadığı deyilir. Hətta öldüyünə dair iddialar da var. Belə bir dönəmdə, əlbəttə ki, bu cür məsələlər başa düşüləndir”.
T.Rzayev söyləyib ki, ən diqqətçəkən iddia isə İranda SEPAH-ın çevriliş etməsi ilə bağlıdır: “Əgər bu iddia doğrudursa, həmin bu istefalar başa düşüləndir. Ali rəhbərin vəfatından sonra İranda sülhmeyillilər və əlehdarları olaraq iki qrup formalaşıb. Bu, əvvəl də var idi, amma indi daha qütbləşmiş haldadırlar. Ancaq Pezeşkian, ümumiyyətlə, İranda ciddi bir fiqur deyil. Daha çox Türkiyə və Azərbaycanın əlaqədə olduğu şəxsdir. Lakin onun xaricində İranın gücü, nüfuzu təsir mexanizmi çox deyil. Əgər belə bir tələb irəli sürülübsə, bu, böyük ehtimal onun özü ilə bağlı yox, SEPAH-dan gələn təlimatdır”.
Röya İsrafilova