Türkiyənin Samsun əyalətində sel səbəbindən dərslər dayandırılıb Dünya

Türkiyənin Samsun əyalətində sel səbəbindən dərslər dayandırılıb

Türkiyənin şimalında, Samsun əyalətinin Havza rayonunda güclü yağışların törətdiyi daşqın və subasmalara görə məktəblərdə dərslər bir günlük dayandırılıb.

Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, güclü yağışlar çayların daşmasına və bir sıra yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub. Bəzi məktəblərdə zərər qeydə alınıb və bərpa, habelə təmizlik işlərinin aparılması zərurəti yarandığı üçün tədris prosesinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

Rəsmi məlumatlara görə, daşqın nəticəsində 12 nəfər yüngül xəsarət alıb. Onların hamısı xəstəxanalara çatdırılıb; yaralılardan biri — 83 yaşlı kişi həkim nəzarətində saxlanılır, digərləri isə ambulator müalicə alır.

Qeyd olunur ki, güclü yağışlar səbəbindən Hacı Osman və Tersakan çaylarında suyun səviyyəsi kəskin şəkildə qalxıb. Binaların zirzəmiləri və birinci mərtəbələri su ilə dolub, həmçinin avtomobillərin sel suları tərəfindən aparılması halları qeydə alınıb.

Məryəm Quliyeva