13:31
672
“ABŞ-nin Rusiyaya sanksiyalar tətbiq etməsi Rusiya iqtisadiyyatını daha da çətin vəziyyətə sala bilər. Hazırda müharibə iqtisadiyyatına keçən Rusiyada ciddi iqtisadi itkilər olduğu haqda məlumatlar var. Hətta məlumatlara görə, Rusiya rəsmiləri ölkə rəhbərliyinə müharibənin davam etməsinin iqtisadi fəlakət doğuracağı haqda məlumat verirlər. Amma buna rəğmən Rusiya hərbi və siyasi rəhbərliyi müharibə iqtisadiyyatından əl çəkmək niyyətində deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, bu kontekstdə baxdıqda ABŞ-nin sanksiyalarla bağlı yeni layihəsi Rusiyanın onsuz da çətin olan iqtisadiyyatını bir qədər də çətin vəziyyətə salacaq: “Təbii ki, bu da Rusiyanın bir tərəfdən müharibə aparmaq imkanlarını zəiflədir, digər tərəfdən isə danışıqlar masasında mövqeyini zəiflədən amildir. Əslində, fikrimcə, Vaşinqtonun sanksiyalar məsələsini gündəmə gətirməsi, bununla bağlı qanun layihəsi irəli sürməsi o deməkdir ki, Tramp administrasiyası Ukrayna məsələsinin həllinə yenidən xüsusi diqqət ayırmaq niyyətindədir”.
A.Nərimanlının sözlərinə görə, Tramp administrasiyası daha öncə məsələnin həlli ilə bağlı müəyyən təkliflər irəli sürmüşdü, İran müharibəsinə görə bu danışıqlar prosesi bir qədər arxa plana keçdi: “Artıq İranla bağlı müəyyən danışıqlar prosesinin olacağı gözləntiləri var. Yəni bu proses davam edir. Bu kontekstdə ABŞ yenidən Ukrayna məsələsinə xüsusi diqqət ayırmaq istəyir və Rusiyaya qarşı bu sanksiyaları genişləndirməklə Moskvanı danışıqlar masasındakı həll planına razı salmağa çalışır. Düşünürəm ki, əsas məqsəd budur”.
Röya İsrafilova