“Dünya çempionatı başa çatdıqdan sonra müharibə davam edəcək” Dünya

“Dünya çempionatı başa çatdıqdan sonra müharibə davam edəcək”

“ABŞ və İran arasında 11 iyulda Pakistanda keçiriləcək danışıqlardan ciddi bir nəticə gözləmirəm. Əvvəlki danışıqların taleyi kimi bunun da heç bir xüsusi nəticəsi olmayacaq”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens eskalasiyanın qarşısının alınmasından ötrü bu danışıqların davam etdirilməsinin tərəfdarıdır: “İran isə bu danışıqlardan istifadə edərək öz agendasını qorumaq və xüsusilə də nüvə məsələləri ətrafında uzun-uzadı danışıqlar vasitəsilə ABŞ-ni çətin vəziyyətə salmaq üçün istifadə edir. Hətta mən hesab edirəm ki, ABŞ və İran üçün bu danışıqlar taym-autdur və futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra böyük ehtimal ABŞ İrana qarşı yenidən zərbələr vurmağı bərpa edəcək”.

Deputatın sözlərinə görə, Ceyms Devid Vens isə daha çox əməkdaşlıq, sülh gündəmi ilə çıxış edir: “İstəyir ki, növbəti ABŞ prezident seçkilərində Trampdan sonra Respublikaçılar Partiyasının əsas namizədi olsun. Ancaq dövlət katibi Marko Rubio isə daha çox sükut vəziyyətindədir, danışmamağa üstünlük verir. Rubio danışmamaqla İsrail və ABŞ-nin İrana hücumunun və İsrailin mövqeyinin dəstəklənməsinin tərəfdarıdır. Ona görə də o, hələ ki kölgədə qalaraq danışıqlara getməməklə İsrail lobbisinin və ABŞ-dəki aqressiv köklənmiş qüvvələrin də simpatiyasını itirmək istəmir. Ona görə də mən bu məsələdə danışıqların daha çox hər iki tərəf üçün fasilə olduğu, İranın heç vaxt zənginləşdirilmiş uran məsələsi, eyni zamanda, ballistik raketlərlə bağlı ABŞ-yə güzəştə getməyəcəyini fikirləşirəm. Bir daha qeyd edirəm ki, futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra müharibənin davam etməsi riski böyükdür”.

Röya İsrafilova