Rusiyaya qardaş zərbəsi Dünya

Rusiyaya qardaş zərbəsi

Bloqarıstan və Serbiya "Cənub axını"ndan çıxdıqlarını bəyan etdi, Avropa Birliyi Kremli çıxılmaz vəziyyətə saldı

Cavid

Bolqarıstan baş naziri Plamen Oreşarski ölkəsinin "Cənub axın" layihəsində iştirakını dayandırdığını bəyan edib.
Bu bəyanatla Oreşarski ABŞ senatorları Con Makkeyn, Ron Conson və Kristofer Merfi ilə qapalı görüşdən sonra keçirilmiş birifinqdə çıxış edib.
Bu səbəbdən Bolqarıstan hökumətinin "Cənub axını"nın tikintisini Vaşinqtonun təzyiqi ilə dayandırdığı şübhə doğurmur. Görüşdə Ukraynadakı situasiya diqqət mərkəzində olub. Görüşdən sonra Con Makkeyn bildirib ki, Bolqarıstan "Cənub axını" problemini Aİ ilə əməkdaşlıq şəraitində həll etməlidir.
"Brüssel ilə əlavə məsləhətləşmələrdən sonra işlərin sonrakı gedişi müəyyən ediləcək", İTAR TASS Bolqarıstan baş nazirnin sözlərini sitat gətirir.
Onu da bildirək ki, ötən həftənin əvvəlində Aİ rəsmi Sofiyadan "Cənub axın" qaz kəmərinin tikintisini qeyri-müəyyən müddətə dayandırmağı tələb edib.
Bu layihə Rusiya üçün gələcəkdə qazını Avropaya Ukraynadan yan keçməklə nəql etməyə imkan verəcək.
Avropa Komissiyası nümayəndələrinin bildirdiyinə görə, layinənin sənədləri Avropa qanunvericiliyinə uyğun gəlmir.
Ötən həftə Ukrayna Ali Radasında çıxış edən Ukraynanın baş naziri Arseni Yatsenyuk da Avropa İttifaqını "Cənub axınından" imtina etməyə çağırmışdı.
"Biz Avropa İttifaqını "Cənub axın" layihəsini dayandırmağa çağırırıq", Yatsenyuk bəyan edib.
Onun sözlərinə görə, Ukrayna etibarlı tranzit ölkə kimi Rusiyadan gələn qazın Avropaya nəql edilməsilə bağlı öhdəliklərini yerinə yetrimək əzmindədir.
Xatırladaq ki, Bolqarıstan 2012-ci ilin noyabrında bu layihəyə qoşulub.
"Cənub axını" layihəsi daxilində Bolqarıstan ərazisindən keçəcək Rusiya qazını almaq üçün Moskva və Sofiya arasında sənəd imzalanıb.
Bolqarıstanın da "Cənub axını" layihəsinə daxil olması ilə bu ölkənin Rusiyadan alacağı təbii qaz qiymətində 20% endirim əldə edəcəkdir. Bolqarıstanın Rusiyadan ildə 2,9 milyard kub metr təbii qaz alması nəzərdə tutulur.
3 min 600 km uzunluğunda olan boru kəmərinin tikintisi 16 milyard Avroya başa gələcək.
Onu da qeyd edək ki, "Cənubi axını" boru kəməri Qara dənizin altından keçərək Rusiyadan Bolqarıstan sahillərinə, bir qolu Yunanıstan vasitəsilə İtaliyaya, digər qolu isə Serbiya, Macarıstan və Sloveniya vasitəsilə Avstriyaya çatacaq.
Ötən ilin dekabrında Komissiya bildirib ki, "Cənub Axını" layihəsi üzrə Rusiyanın Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya ilə bağladığı ikitərəfli müqavilələr (İGAs) Aİ qanunlarına ziddir. Bu müqavilələr yenidən nəzərdən keçirilməlidir. Komissiya eyni zamanda hüquqi məsələlərin həllinə öz köməyini təklif etmişdi.
Xatırladaq ki, ötən ayın 27-də keçirilən sammitdən sonra çıxış edən Joze Manuel Barrozu bildirib ki, Avropa İttifaqı (Aİ) Komissiyası Bolqarıstana qarşı qayda pozuntusuna görə müvafiq tədbirlər görə bilər. Səbəb isə Aİ qanunlarına zidd olaraq "Qazprom"un xeyrinə "Cənub axını" layihəsinin icrasıdır. Bu barədə "EurActiv" xəbər portalı məlumat verir.
Bolqarıstanın baş naziri Plamen Oreşarski Barrozu ilə keçirilən ikitərəfli görüşdə o, Barrozunu "Cənub axını" layihəsinin Aİ qanunlarına uyğun inşa olunacağına arxayın edib. ABŞ sanksiyaları altında olan "Qazprom"un layihənin Bolqarıstan hissəsinin inşası haqqında rəsmi qərar verdiyi görüş zamanı məlum olub.
Bundan əlavə, Bolqarıstanın "Capital" qəzeti Rusiyanın "Stroytransgaz" konsorsiumunun "Qazprom"un xeyrinə "Cənub axını" layihəsini inşa edəcəyi xəbərini yayıb.
"Stroytransgaz" konsorsiumunda əsas pay sahibi (63%) Gennadi Timçenko "Volga" qrupuna rəhbərlik edir. Qrupun adı ABŞ-ın mart ayında Rusiyaya qarşı açıqladığı sanksiya siyahısındadır. "Forbes"ə görə, Timçenko Rusiyanın 6-cı ən varlı adamıdır və prezident Vladimir Putinlə yaxın əlaqələri var.
"EurActiv" agentliyinin məlumatına əsasən, 14 avqust, 2013-cü ildə Aİ Komissiyası Bolqarıstan hökumətinə Bolqarıstan-Rusiya müqaviləsini təhlil edən məktub göndərib. Bolqarıstan parlamentindəki bəzi deputatların təzyiqi ilə Bolqarıstanın energetika nazirinin müavini Evgenia Haritonovaya göndərilmiş 6 səhifəlik sənəd çoxlarına açıqlanmayıb.
Aİ enerji bazarı qaydalarının ("mülkiyyətin ayrılması": istehsalçı şirkətin nəqliyyat şəbəkəsinə də nəzarət etməsi, 7 müqavilənin hamısında bu var) pozulmasından əlavə, həmin məktubda aşağıdakı uyğunsuzluqlar müəyyənləşdirilib:
- Bolqarıstan "Qazprom" üçün ən sərfəli vergi rejimini tətbiq etməyi öhdəsinə götürüb: Aİ Komissiyası hesab edir ki, bu Aİ "dövlət yardımı" qaydalarına ziddir;
- Hökumətlərarası müqavilələrə görə, Bolqarıstan və Yunanıstan şirkətləri subpodrat müqavilələr imzalaya bilərlər. Başqa bir yerdə göstərilir ki, üstünlük müqavilə bağlayan tərəflərin şirkətlərinə veriləcək, bu isə Aİ-nin rəqabət qaydalarına ziddir;
- Hökumətlərarası müqaviləyə görə, boru kəmərindən istifadə ilə bağlı tariflər "Şirkət" tərəfindən təyin olunmalıdır. Bu da Aİ qanununa müvafiq olaraq milli tənzimləyicilərin nəqliyyat tariflərini təsdiqləmək səlahiyyətinə ziddir.
Qeyd edək ki, Bolqarıstan hissəsindəki inşaat işlərinin ümumi dəyəri 3.5 milyon avrodur. Layihənin 20-30%-ni Bolqarıstanın suppodratçı şirkətləri icra edəcəklər.
"Stroytransgaz" şirkətinin boru kəmərinin inşasında maraqlı olması haqqında xəbəri "Capital" qəzeti ilin əvvəlində yaymışdı. "Cənub axını" layihəsinin Bolqarıstan üzrə rəhbəri Vladimir İnkov bu məlumatı rəsmi olaraq təsdiqləyib. Layihənin icrası haqqında qərar Oreşarskinin Barrozu ilə görüşündən 1 saat əvvəl verilib. Oreşarski Barrozunu Bolqarıstanın Aİ qanunlarına sadiq qalacağına əmin edib.
Qeyd edək ki, "Cənub Axını" üzrə Bolqarıstan-Rusiya ikitərəfli müqaviləsinin yalnız Bolqarıstan və Rusiya şirkətlərinə üstünlük verməsinə Komissiya qəti etiraz edir. Bu Aİ-nin rəqabət qaydalarına ziddir. Komissiya hesab edir ki, "İGA" (hökumətlərarası beynəlxalq müqavilə) Aİ qanunlarına ziddir. Bütün bunlara baxmayaraq, ötən ay "Qazprom"un icraçı direktoru Aleksey Miller layihənin Bolqarıstan və Serbiya hissəsinin inşasının iyul ayında başlayacağını bildirib.
"Mən Aİ sammitində enerji təhlükəsizliyi məsələsində İttifaqın birliyinin vacibliyini çox aydın şəkildə bildirdim. Heç kəs buna etiraz etmədi", - Barrozu "EurActiv" agentliyinə deyib.
Barrozu Komissiyanın mövqeyini və "Cənub axını" ilə bağlı bəzi müqavilələrin Aİ qanunlarına zidd olduğunu Avropa Şurası üzvlərinə də açıqladığını bildirib.
"Biz bu qayda ilə də davam edəcəyik. Əslində, mən Bolqarıstanın baş nazirinə Aİ Komissiyasının niyyətini çatdırdım. Biz daxili bazar qaydalarına riayət etməliyik. Təkcə borcumuz olduğuna görə deyil. Həm də ona görə ki, bu qaydalara riayət olunmasa, Bolqarıstanın və Avropanın enerji təhlükəsizliyi risk altında ola bilər", - Barrozu deyib. "Biz vəziyyətdən tam xəbərdarıq, bir neçə aydır ki, vəziyyəti yaxından izləyirik", - o əlavə edib.
Qeyd edək ki, Bolqarıstan "Cənub Axını" layihəsinə və Dövlət Energetika və Su Tənzimləmə (DKEVR) agentliyinin Bolqarıstanda 3 elektrik təchizatı şirkətinin lisenziyalarını ləğv etməsinə görə Aİ-nin qayda pozuntusuna əsasən, müvafiq tədbirlərlə üzləşib. Həmin 3 şirkət Çex Respublikasının "İEZ" və "Energo-Pro", Avstriyanın "EVN" şirkətidir.
Bundan əlavə, Bolqarıstandakı mərkəz-sağ müxalifətçilər sosialist hakimiyyətin enerji siyasətini bəyənmir, rusyönümlü siyasəti qınayırlar. Bu gün Bolqarıstan parlamentində bu barədə müzakirə aparılacaq.
"GERB" mərkəz-sağ müxalifət partiyasından Vladimir Uruçev "EurActiv"ə verdiyi müsahibəsində bildirib ki, Timçenkonun "Stroytransgaz" şirkətinin Bolqarıstan ərazisində "Cənub axını" tikməsi təəccüblü deyil. O, belə "iri müqavilə" üzrə şəffaf tenderin keçirilməməsinə, tenderə aparıcı Avropa şirkətlərinin dəvət olunmamasına görə təəssüfləndiyini deyib. "Hökumətin niyyəti bəllidir: Müqaviləni Rusiya şirkətləri ilə bağlamaq istəyirlər", - o əlavə edib.
"Hökumətin bunda marağı Rusiyaya rəğbət, yoxsa korrupsiya olub", - sualına cavab verən Uruçev bunun rəğbətlə əlaqəsi olmadığını bildirib.
Aİ-nin enerji məsələləri üzrə komissarı Gunter Ottinger isə "Allgemeine Sonntagszeitung" qəzetinə verdiyi müsahibəsində qeyd edib ki, Ukrayna böhranı kontekstində Rusiya beynəlxalq qanunlara riayət edərsə, "Qazprom"un xeyrinə "Cənub axını" qaz boru kəməri ilə bağlı hüquqi məsələlərin həlli üçün Komissiya danışıqları davam etdirə bilər.
Mayın 31-də "Qazprom"un baş icraçı direktoru Aleksey Miller bildirib ki, Komissiya "Cənub Axını" layihəsini dayandıra bilməz. Boru kəmərinin inşası bu ilin yayında başlayır və Bolqarıstana ilk təbii qaz 2015-ci ilin dekabr ayında çatdırılacaq. Onun sözlərinə görə, Yunanıstan da şəbəkəyə qoşulmaq üçün artıq müraciət edib.
Dünən Bolqarıstanın ardınca Serbiya hökuməti də Rusiyanın "Cənub axını" qaz kəmərinin tikintisini təxirə saldığını elan edib. Bu barədə Serbiyanın nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç bildirib. "RİA Novosti"nin məlumatına görə, Zoran Mixayloviç bildirib ki, Serbiya Bolqarıstanın Avropa İttifaqı ilə "Cənub axını"ına dair danışıqlarının necə yekunlaşacağını gözləyəcək. Onun sözlərinə görə, "istənilən halda kəmərin ölkə ərazisində tikintisi təxirə salınıb".