G7-dən İrana çağırış: Yəməndəki husilərə dəstəyi dayandır Dünya

G7-dən İrana çağırış: Yəməndəki husilərə dəstəyi dayandır

Yəməndəki husi terrorçular Səudiyyə Ərəbistanına hücumlarına ara vermirlər. Ər-Riyad, neft obyektləri və hətta müqəddəs Məkkə belə hədəfə götürülüb. Bu isə beynəlxalq təşkilatların etirazına səbəb olub. Hətta məsələ BMT səviyyəsində gündəmə çıxarılıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) husi terrorçularının Səudiyyə Ərəbistanı Krallığına qarşı sərhədlərarası hücumlarını, o cümlədən paytaxt Ər-Riyadı hədəf almaq cəhdini və Krallığın digər bölgələrindəki mülki şəxslərə və enerji infrastrukturuna edilən hücumları – bir daha pisləyərək, tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıb.
BMT-nin sözçüsü Stefan Düjarrik bazar ertəsi keçirilən gündəlik mətbuat konfransında Yəməndə və onun ətrafında hərbi gərginliyin artması – xüsusilə husi milislərinin Taiz, Lahic və Mərib mühafəzələrindəki hücumları və bu hərəkətlərin Yəməndəki mülki əhali və daha geniş region üçün yaratdığı ağır nəticələrlə bağlı dərin narahatlığını ifadə edib.
Düjarrik beynəlxalq humanitar hüquq çərçivəsindəki öhdəliklərə, o cümlədən mülki şəxslərə və mülki infrastruktura qarşı birbaşa hücumların qadağan edilməsi qaydasına riayət olunmasının zəruriliyini vurğulayıb.
BMT-nin yenilənmiş bəyanatı koalisiya qüvvələrinin rəsmi sözçüsü general-mayor Türki əl-Malikinin şənbə günü verdiyi açıqlamadan sonra yayımlanıb. Əl-Maliki bildirmişdi ki, Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri husi milisləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi uğurla ələ keçirib məhv edib, həmçinin Biş, Taif, Cizan və Yanbu şəhərlərini hədəf almaq cəhdlərinin qarşısını alıb.
Düjarrikin şərhləri ilə bağlı əvvəlki məlumatlar Krallığın cənub bölgələrinə edilən hücumların pislənməsinə diqqət yetirsə də, həftəsonu baş verən hadisələrdən sonra keçirilən BMT brifinqində Ər-Riyadı hədəf almaq cəhdinin açıq şəkildə qeyd edilməsi yeni bir təfərrüat kimi ortaya çıxıb.
Bu arada G7-yə üzv ölkələrin xarici işlər nazirləri İranı Yəməndəki husi terrorçu dəstələrini silahlandırmağı və onlara dəstək verməyi dayandırmağa çağırıblar. Onlar bəyanatda qeyd ediblər ki, bu fəaliyyətlər beynəlxalq ticarətə zərbə vurmaq və qlobal qeyri-sabitlik yaratmaq təhlükəsi törədən təhlükəli gərginlik tendensiyası təşkil edir.
Bəyanat BMT Baş Assambleyasının sessiyaları çərçivəsində Nyu-Yorkda Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın xarici işlər nazirləri arasında keçirilən görüşdən sonra yayımlanıb və "Reuters" agentliyi tərəfindən işıqlandırılıb.
Nazirlər Tehranı husi dəstələrini silahlandırmaq və onlara dəstək vermək siyasətinə son qoymağa çağıraraq, bu cür hərəkətlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulayıblar.
Bəyanatda "Yəməndə və Səudiyyə Ərəbistanı Krallığına qarşı husi dəstələri tərəfindən həyata keçirilən qəbuledilməz hücumlar" ən sərt şəkildə pislənilib.
Nazirlər husi terrorçu dəstələrini bütün hərbi əməliyyatları, eləcə də mülki gəmilərə qarşı yönəlmiş təhdid və hücumları dərhal dayandırmağa və səmimi niyyətlə siyasi prosesə qayıtmağa çağırıblar.
Bu bəyanat Yəməndə siyasi prosesə qayıtmaqla bağlı davamlı çağırışlar və sözügedən dəstələrin gəmilərə hücumlarının regiondakı enerji təhlükəsizliyinə təsiri ilə bağlı artan beynəlxalq narahatlıq fonunda verilib.
Səudiyyə Ərəbistanı "Məkkə sazişi" nə qoşulub və əgər öz təhlükəsizliyini qorumaq üçün saziş üzvlərinə (Pakistan və Türkiyə) müraciət edərsə, jafisələr necə cərəyan edə bilər?
Mövzu ilə bağlı qəzetimizə danışan Yaxın Şərq üzrə ekspert Vasili Papava (Gürcüstan) deyib ki, Yəmənin "Ənsar Allah" hərəkatının Səudiyyə Ərəbistanının əsas infrastruktur obyektlərinə — o cümlədən Yanbu sahil terminallarına, Ər-Riyaddakı obyektlərə və Qırmızı dənizdəki nəzarət məntəqələrinə (məsələn, Muxa limanı və Perim adası) — qarşı fəal zərbələri bərpa etməsi İranın proksi müharibə strategiyasının yüksək effektivliyini bir daha nümayiş etdirdi. İllər ərzində formalaşdırılmış "Müqavimət oxu" Tehrana minimal birbaşa xərclə Ər-Riyada davamlı hərbi və iqtisadi təzyiq göstərmək imkanı verir: "İlk baxışdan, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında kollektiv müdafiəyə dair" Məkkə sazişi"nin imzalanması təsirli bir hərbi-siyasi blokun yaradılması təəssüratını yaradır. Lakin ətraflı geosiyasi təhlil göstərir ki, elan edilmiş "İrana qarşı cəbhə" praktikada institusional baxımdan məhdud qalacaq və İranın strateji mövqeyinə zərbə vura bilməyəcək. Məkkə sazişinin əsas zəif cəhəti iştirakçıların milli maraqları arasındakı fundamental uyğunsuzluqdur; belə ki, Ankara və İslamabad üçün bu ittifaqda iştirak ilk növbədə maliyyə və sənaye xarakterli bir vasitə rolunu oynayır.
Səudiyyə kapitalı Pakistan üçün valyuta ehtiyatlarını qoruyub saxlamaq, Türkiyə üçün isə birgə müdafiə proqramlarını maliyyələşdirmək və müdafiə sənayesinin ixrac bazarlarını genişləndirmək baxımından həlledici əhəmiyyət daşıyır. Eyni zamanda, nə Pakistan, nə də Türkiyə rəhbərliyinin İran İslam Respublikası ilə birbaşa və ya dolayı münaqişəyə cəlb olunmaq barədə ən kiçik bir niyyəti belə yoxdur.
İslamabad və Tehran sərt coğrafi reallıqlar və daxili təhlükəsizliklə bağlı narahatlıqlar vasitəsilə bir-birinə bağlıdır. Min kilometrlik ortaq sərhəd və son dərəcə həssas Bəluc məsələsi İranın sabitliyini Pakistanın öz ərazi bütövlüyü üçün birbaşa zəruri şərtdə çevirir. Tehrana qarşı hər hansı məcburedici təzyiq cəhdi İran Bəlucistanında vəziyyəti qeyri-sabitləşdirə və dərhal Pakistanın Bəlucistan əyalətində separatizmin kəskin şəkildə artmasına səbəb ola bilər".
Papava vurğulayıb ki, bunun üzərinə Pakistanın böyük şiə icması amili də əlavə olunur; İran əleyhinə gərginliyin artması halında bu icmanın radikallaşması qaçılmaz olaraq daxili məzhəb böhranına səbəb olardı. Türkiyə isə öz növbəsində İranla birgə yaşayışın praqmatik çərçivəsinə — hələ 1639-cu il Qəsri-Şirin (Zuhab) müqaviləsi ilə təməli qoyulmuş münasibətlərə əsaslanır. Ankara İranın enerji təchizatından ciddi şəkildə asılıdır və sərhədyanı kürd məsələsi ilə bağlı Tehranla sıx əlaqə saxlayır.
O, qeyd edib ki, Türkiyə rəhbərliyi üçün kəşfiyyat məlumatlarının mübadiləsi və kürd qruplaşmaları üzərində birgə nəzarət, Səudiyyə monarxiyasının Yəməndəki ambisiyalarından qat-qat daha vacibdir. Buna görə də, Pakistan və Türkiyənin prosesdəki iştirakı qoşunların birbaşa yerləşdirilməsi ilə deyil, diplomatik bəyanatlar, silah təchizatı və Səudiyyə heyətinin təlim keçməsi ilə məhdudlaşacaq: "İranın davamlılığında rol oynayan ikinci əsas amil Türkiyə və Pakistanın müharibə aparma tərzləri ilə İranın real döyüş tərzi arasındakı fundamental fərqdir." Məkkə sazişi" müntəzəm ordular arasında klassik bir cilovlama sazişi kimi nəzərdə tutulmuşdu. Lakin Tehran tamamilə asimmetrik üsullarla müharibə aparır və bu cür mübarizəyə qarşı sadəcə ənənəvi hərbi imkanların cəmləşdirilməsi faydasızdır. Nə İslamabad, nə də Ankara Yəmən dağlarında üsyançılara qarşı əməliyyatlar keçirmək və ya Bab əl-Məndəb boğazından keçən gəmiləri müşayiət etmək üçün qoşun yerləşdirəcək. Husilər yerli dəstək bazasına və İran texnologiyasına arxalanaraq müstəqil şəkildə fəaliyyət göstərirlər. Bu qarşıdurmanın hərbi-iqtisadi aspektləri Səudiyyə Ərəbistanı üçün təbiətən əlverişsizdir: İranın kamikadze dronlarının və qanadlı raketlərinin tətbiqi on minlərlə dollara başa gəldiyi halda, Səudiyyənin hava hücumundan müdafiə sistemlərində istifadə olunan ələkeçirici raketlərin qiyməti milyonlarla dollar təşkil edir. Müdafiə sisteminə Türkiyə və ya Pakistanın hərbi vasitələrinin inteqrasiyası ələkeçirmə xərclərini yalnız cüzi miqdarda azaldar, lakin həssaslığın köklü səbəbini aradan qaldırmaz.
Beləliklə, "Məkkə sazişi" İran üçün yalnız müvəqqəti diplomatik gərginlik yaradacaq və Tehranı Ankara və İslamabadla münasibətlərdə daha həssas bir tarazlıq gözləməyə məcbur edəcək. Uzunmüddətli perspektivdə İran bu dolayı təzyiqə tab gətirəcək. "Məkkə sazişi"nin əsas tərəfləri öz prioritetlərinə — Pakistan iqtisadiyyatını xilas etməyə, Türkiyə isə müdafiə sənayesini inkişaf etdirməyə — diqqət yetirdiyi müddətcə, bu güclərin heç biri Səudiyyə Ərəbistanının neft terminallarını qorumaq naminə Tehranla birbaşa qarşıdurmaya girməyi riskə atmayacaq".

Cavid