Yaxın Şərqi daha böyük və dağıdıcı müharibə gözləyir Dünya

Yaxın Şərqi daha böyük və dağıdıcı müharibə gözləyir

Yaxın Şərqi tezliklə daha dağıdıcı və daha böyük münaqişə bürüyə bilər. Virtualaz.org xəbər verir ki, belə qənaətlə "The National İnterest" dərgisinin ekspertləri çıxış ediblər. Ekspertləri qənaətinə görə İranla İsrail arasında getdikcə artmaqda olan gərginlik elə gələn il birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər.
İran artıq indidən regionda böyük fəallıq nümayiş etdirir. İnqilab Keşikçiləri korpusu Suriyadakı müharibədə iştirakçıdır. İran Suriyada öz hərbi iştirakını möhkəmləndirir və orada uzunmüddətli hərbi bazalar yaratmağa çalışır. O cümlədən, öz raketlərini İsrailə mümkün qədər yaxınlaşdırmağa can atır. İran habelə Livanda "Hizbullah"a dətək verir.
Fevralın ikinci yarısında İranla İsrail arasında ilk birbaşa hərbi toqquşma baş verdi. İran pilotsuz aparatının İsrail hava sahəsinə daxil olmasına cavab olaraq İsrail aviasiyası Suriya ərazisində İran hədəflərinə güclü zərbələr endirdi. Ekspertlər hesab edir ki, əgər vəziyyət bu cür gərginləşməyə davam etsə İranla İsrail arasında müharibə elə 2019-cu ildə başlaya bilər. Digər tərəfdən İran daxilində də vəziyyət gərgindir və ölkə rəhbərliyi hakimiyyətdən artan narazılığı səngitmək üçün xarici düşmənlə hərbi münaqişəyə əl ata bilərdi.
Xatırladaq ki, İsrail rəhbərliyi İranın Suriyada hərbi iştirakına yol verməyəcəyini və zərurət yaransa bu ölkəyə birbaşa hərbi zərbələr endirəcəyini dəfələrlə bildirib.