Azərbaycan - regionda insan hüquqlarının qorunduğu əsas ölkə Dünya

Azərbaycan - regionda insan hüquqlarının qorunduğu əsas ölkə

Küçədən siyasi Olimpə yüksələrək davranışları ilə "küçə çalğıçılarını" xatırladan Nikol Paşinyanın qaynı, dostu, həkimi, hətta bərbərini deputat seçdirməsi dünya mətbuatının əsas müzakirə mövzusudur. Hələ seçkilərdən öncə Paşinyanın həyat yoldaşı Anna Akopyanın prezident mülkünə köçməyə başlaması haqqında yayılan xəbərlər seçkinin vaxtından əvvəl "həll olunduğunu" nümayiş etdirirdi. Paşinyan və komandası opponentləri əks-inqilabçı adlandırıb Xüsusi İstintaq İdarəsini onların başı üzərində "Domokl qılıncı"na çevirmişdi. Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermədə iştirakla bağlı qoyduğu qadağa isə milyonlarla insanın səsvermə hüququndan məhrum edilməsi demək idi.
Şərqdə ilk dəfə qadına səsvermə hüququ verən Azərbaycanla müqayisəyə gəlməz vəziyyətdə olan Ermənistanda yaxın zamanlarda "acların inqilabı"nın başlayacağı şübhəsizdir.
Tarixən hər bir dövlətin və cəmiyyətin inkişafının demokratiya və insan hüquqlarına hörmətdən başladığı məlumdur. İnsan hüquq və azadlıqlarının müdafiəsi olmadan, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsini yüksəltmədən, sosial və siyasi fəallığı artırmadan inkişafdan söhbət gedə bilməz.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın fikrincə, Azərbaycanda sabitlik və insan hüquqları tam təmin olunur, insan haqları və azadlıqlarının təmin edilməsinə xüsusi önəm verilir. "Azərbaycan bu sahədə beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan ilk Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilib. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda qadınlara kişilərlə bərabər geniş hüquqlar, o cümlədən seçki hüququ verilmişdi".
"Gender bərabərliyi haqqında" qanunun qəbul edildiyini xatırladan ombudsman bütün dövlət qurumlarında qadınların ən yüksək səviyyədə təmsil olunduğunu söyləyib.
Təsadüfi deyil ki, Konstitusiyamızın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilib.

Prezidentdən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə həssas münasibət

Azərbaycanda insan hüquqları sahəsində problem Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsindən sonra yaranıb. Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Erməni əsirliyində və girovluğunda işgəncə, təhqir və zorakılıqlara məruz qalan, azad ediləndən sonra mənəvi-psixoloji sarsıntılar yaşayan soydaşlarımız da kifayət qədərdir. Azərbaycan vətəndaşlarını etnik təmizləməyə məruz qoyan Ermənistana isə lazımi təpki göstərilmir. Beynəlxalq səviyyədə soydaşlarımızın haqları qorunmasa belə, Azərbaycan dövləti bütün imkanlarını səfərbər edərək hətta girovluqda olan vətəndaşlarımızın hüququnun müdafiəsinə qalxır.
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Azərbaycanın mövqeyini bir daha çatdıraraq qeyd edib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı , o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesab edir ki, humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər: "Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəf müqabilləri ilə görüşlərdə hər dəfə qaldırır. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır".
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Şahbaz Quliyev və Dilqəm Əsgərovlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üzrə kommunikasiya davam etdiyini açıqlayıb: "Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu, bizim ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub".

"Avropa insan haqlarını biznesə çevirib"

Hüquqları tapdanan Azərbaycan vətəndaşları beynəlxalq müstəvidə himayə olunmalı halda, əksinə zaman-zaman ölkəmiz Qərbin ikili standartları ilə üz-üzə qalır. Müxtəlif qeyri-hökumət təşkilatlarının hesabatlarında bunun şahidi oluruq.
Azərbaycan Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun sözlərinə görə, Avropanın, Avroatlantik məkanın özündə ötən ilin 60-70-ci illərində elan etdikləri demokratiya, insan haqları, hüququn aliliyi kimi dəyərlər demək olar ki, deformasiyaya uğrayır: "Demokratiya anlayışını o qədər hörmətdən və nüfuzdan salıblar ki, artıq Avropa rəsmilərinin insan haqlarından danışması ironiya doğurur. İstər Avropa İttifaqı, istərsə də Avropa Şurası və digər beynəlxalq təşkilatların əsas prinsipləri hüququn aliliyi, insan hüquqları və demokratiyadır. Amma bunlar hüququn aliliyini gücün hüququna - yəni kim güclüdürsə o da haqlıdır, demokratiyanı "5-ci kolon"a və insan haqlarını isə biznesə çevirdilər".
Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkəmizdə bunun əksinin hakim olduğunu bildirib. Sədr qeyd edib ki, son illər ölkəmizdə aparılan genişmiqyaslı islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəliliyi artırılıb, məhkəmə sistemi daha da təkmilləşdirilib. Onun sözlərinə görə, bu proses əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasından, hakimlərin sayının artırılmasından, yeni və şəffaf prosedurlarla hakimlərin seçilməsindən, respublikamızda müasir məhkəmə infrastrukturunun yaradılmasından ibarətdir: "Azərbaycanın müstəqilliyini, bütövlüyünü qoruyub saxlamış, ölkədə demokratik, hüquqi, dünyəvi dövlətin qurulub bərqərar olmasını təmin etmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquqlarını insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyar, hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyət, insan hüquqlarına hörməti və qorunmasını müasir dünyaya qovuşmağın əsas yolu kimi qiymətləndirirdi. Ulu öndər bəyan edirdi ki, Azərbaycan dövləti insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir və bu prinsiplə yaşayacaq, işləyəcək".
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Mehti Əsədov deyib ki, ölkəmizdə aparılan demokratik, o cümlədən məhkəmə hüquq islahatları, hüququn aliliyinin təmini yalnız insan amilinə xidmət edir: "Əgər biz demokratik dövlət qururuqsa, vətəndaşlar mütləq hüquqi cəhətdən savadlı olmalıdırlar. Etiraf etməliyik ki, vətəndaşlar hüquqi maarifləndirməyə o qədər də meylli deyil. Lakin vətəndaş öz hüququnu bilsə, nə dövlət, nə də məhkəmə üçün problem yaranar".

AŞPA üzvü: "İnsanlar siyasi cəhətdən fəaldır"

Onu da qeyd edək ki, Azərbaycanda sosial və siyasi fəallıq yetərincədir. Cari ilin aprelin 11-də keçirilən prezident seçkilərində müşahidə aparan AŞPA üzvü Predraq Sekuliç vurğulayırdı ki, Azərbaycan xalqı seçkidə yüksək siyasi fəallıq nümayiş etdirir: "Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada referendumda və parlament seçkilərində iştirak etmişəm. Azərbaycanda insanlar siyasi cəhətdən fəaldır".
Ermənistanda isə seçkidən əvvəl seçicilərdən xal qazanmağa hesablanan Dağlıq Qarabağla bağlı bəyanatların Nikol Paşinyanın dadına çatmayacağı açıq-aşkardır. Paşinyan seçkidə "qalib" gəlsə də, şübhəsiz 2019-cu ilin soyuq qış günlərində Ermənistan qaranlığa qərq olacaq. Qonşu ölkəni nələr gözləyir:
1. İnflyasiya – son yeddi ayda bahalaşma sürətlə artır.
2. Ərzaq qıtlığı – Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin məlumatına görə, bu ölkəyə aparan yolların mühasirəyə alınması ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradacaq.
3. Enerji qiymətləri – Ermənistanda "Qazprom"a qarşı başlanan kampaniya Rusiyanın bu ölkəyə verdiyi qazın qiymətini artırması ilə nəticələnə bilər.
4. Gəlirlərin azalması – Moskva-İrəvan xəttində gərginlik Rusiyada yaşayan ermənilərin ailələrinə pul göndərməsinə də maneələr yarada bilər. Bu isə Ermənistanda onsuz da səfalət içində olan böyük kəsim üçün ağır zərbə olacaq.
5. Rusiya Ermənistan iqtisadiyyatında verdiyi dəstəyi kəsə, yaxud azalda bilər.
Seçici sayını şişirdərək "qələbə çalmağı" bacaran Paşinyanın ağır günlər yaşayacağı şəksizdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi üçün düşdüyü blokada şəraiti də getdikcə daralır. Rusiya ilə münasibətlər kəskinləşir, ABŞ-ın İrana sanksiyalarına görə bu ölkə ilə açıq ticarət mümkün olmayacaq. Gizli aparılan ticarətin həcmi isə yetərli olmur. Gürcüstan sentyabrın 15-dən etibarən Rusiyadan Ermənistana daşınan taxılın tranzitini məhdudlaşdırmağa başlayıb. Ekspertlər hesab edir ki, vəziyyət getdikcə Nikol Paşinyanın əleyhinə çevriləcək. Bu situasiya isə onu göstərir ki, Azərbaycanın əks-həmlə göstərəcəyi zaman uzaqda deyil. Çünki Azərbaycan cəmiyyətinin dövlətə bağlılığı, dövlət siyasətinə dəstəyi göz qabağındadır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı söyləyib ki, hər zaman seçkidən öncə vətəndaşlarla keçirilən görüşlərdə insanların yüksək siyasi fəallığı müşahidə edilir: "Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursu daim dəstəkləyib. Bu günə qədər keçirilən bütün seçkilərin nəticələri də, insanların ölkə başçısına olan rəğbəti onu deməyə əsas verir ki, xalqımız cənab İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslərin məhz insanlarımızın yaxşı yaşamasına, dövlətmizin daha güclü olmasına xidmət etdiyini dərk edirlər".

Nərgiz Cavadzadə

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"