İsrail vədini pozdu Dünya

İsrail vədini pozdu

Təl-Əvivin tankları Qəzzaya girib

Cavid

İsrail ordusunun Qəzzaya quru əməliyyatının başladıldığı bildirilib. İsrail baş naziri Netanyahu orduya Qəzzaya quru əməliyyatının başladılması əmrini verib.
İsrail baş nazirliyinin mətbuat katibi Ofir Gendelman baş nazir Binyamin Netanyahunun orduya fələstinli döyüşçülər tərəfindən Qəzzadan İsrailə doğru açılan tunellərin vurulması məqsədiylə quru əməliyyatının başladılması əmrini verdiyini açıqlayıb.
İsrail ordusuna aid çox sayda tank və zirehli texnika Rəfah və Xan Yunus şəhərindən şimala - Qəzzaya doğru hərəkət edərək Qəzza torpaqlarına girib.
İsrail ordusunun Qəzzanın cənubunda atdığı artilleriya atəşi nəticəsində biri uşaq olmaqla, 2 dinc fələstinli dünyasını dəyişib, çox sayda yaralı olduğu bildirilir.
Bundan başqa, Fələstin hökuməti səhiyyə nazirliyi Rəfah şəhərinin Əş-şövqə bölgəsində İsrail ordusunun hücumu nəticəsində çox sayda insanın qazlı bombadan təsirləndiyini açıqlayıb.
Fələstin hökuməti səhiyyə nazirliyinin mətbuat katibi Əşrəf əl-Küdra zərərçəkənlərin xəstəxanalara göndərildiyini qeyd edib.
Hadisə şahidləri bildiriblər ki, İsrail ordusu Qəzzanın şimalındakı Beyt Ləhya bölgəsinə girib. Fələstinli qruplarla İsrail əsgərləri arasında qarşıdurmalar başlayıb.
Qəzzanın şimalına çılan top atəşindən sonra işıq xətləti də sıradan çıxıb.
İsrail qüvvələri tərəfindən jurnalistlərə qaldığı oteli boşaltmalarını ilə bağlı xəbərdarlıq edilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan islam dünyasına mesaj göndərib: "Günahlandırmaqdan asan heç nə yoxdur. Qərbi günahlandıranlar ayılın, islam dünyası özü Qəzzada olanlara göz yumur".
O, 1948-ci ildən bəri İsrailin, xüsusən də müqəddəs Ramazan ayında Fələstində sistemli bir soyqrım apardığını söyləyib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ana qədər 220-dən artıq Qəzzalı günahsız insanlar həyatını itirib: "Hardasınız, ey islam dünyası, sizin canınız, ürəyiniz parçalanmırmı?. Bundan sonra deyirik ki, Qərb niyə susur. Sizlər Qərbi bir tərəfə qoyun. Əgər sən evin içindəkilərə sahib çıxmırsansa, qərb sahib çıxarmı?".
Atəşkəs baş tutacaqmı? Misirin vasitəçiliyi ilə sakitləşən ara, 6 saat sonra pozulmuşdu.
Bundan başqa Türkiyə İsrailin Qəzzada yerüstü əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və BMT-nin İnsan hüquqları Şurasının fövqəladə iclasınnın çağırış təşəbbüsünə başlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Davudoğlu İsraili Qəzzada yerüstü əməliyyatlara başladığına görə pisləyib və başqa ölkələrdən də bu cür təşəbbüslərin gözləməsini vurğulayıb.
"Mən indicə BMT-nin baş katibi Pan Gi Mun ilə danışmışam. Biz BMT TŞ-nin təcili açıq iclasına çağırış üzrə təşəbbüsünü başlayırıq", - Türkiyə XİN rəhbəri deyib.
İsrail ordusu sonuncu dəfə Qəzzada genişmiqyaslı quru əməliyyatını 2008-2009-cu illərdə həyata keçirib.
Qeyd edək ki, üç yəhudi yeniyetmənin oğurlanaraq qətlə yetirilməsindən sonra İsraillə Qəzza sektoruna nəzarət edən "Həmas" arasında başlayan növbəti müharibə bir həftədir ki, davam edir.
İsrailin Qəzza sektoruna endirdiyi hava və raket zərbələri nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 200-ə yaxın fələstinli həlak olub. İsrail tərəfi isə cəmi bir nəfər itirib.
Bu müharibədə tərəflərin qüvvələri qeyri-mütənasibdir. Bir tərəfdə dünyanın ən müasir silahları ilə silahlanmış güclü İsrail ordusu, o biri tərəfdə kustar üsullarla düzəldilən və ya İrandan alınan yaxın mənzilli raketlərlə silahlanmış "Həmas" döyüşçüləri dayanıb.
Bəs qalib gəlmək üçün heç bir şansı olmadığı halda "Həmas" qruplaşması İsraillə hərbi qarşıdurmanı niyə bərpa etdi və bu cür dağıdıcı avantüraya getdi?
Fransanın "Slate" qəzetinin məqaləsində deyilir ki, əslində "Həmas" İranın sifarişini yerinə yetirir və İsrailin raketdənmüdafiə sisteminin nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün bu müharibəni başlatdı.
Məqalədə yazılır ki, İsrailin ordu qərargahında isə hələ də başa düşə bilmirlər ki, Fələstin hərəkatı qüdrətli ordu ilə qarşıdurmada qalib gəlməyə heç bir şansının olmadığı halda iflasa məhkum olan bu dağıdıcı avantüraya nədən əl atdı.
İsrail hərbçiləri sözün əsl mənasından Qəzzadan uğursuz raket atəşlərini anlaya bilmirlər.
Əlbəttə, İsrailin "Dəmir günbəz" raketdənmüdafiə sistemi Qəzzadan atılan raketlərin 80 faizini uçuş zamanı vuraraq öz effektivliyini nümayiş etdirib. Lakin "Həmas" yaraqlılarının atdıqları raketlərin xeylisinin İsrailə düşdüyünü nəzərə alaraq onları heç də sadəlövh hesab etmək olmaz.
Bu gün bir çox hərbi ekspertlər hesab edir ki, bu yüzlərlə raket heç də dağıntı və ölüm gətirmək üçün atılmır, məqsəd İsrail müdafiəsini və "Dəmir günbəz"in effektivliyini yoxlamaqdır.
"Həmas" döyüşçüləri İsrailin lənətlənmiş düşmənlərinin, yəni İranın və "Hizbullah"ın sifarişlərini yerinə yetirirlər.
Şiələrin və sünnilərin bu alyansı paradoksal görünə bilər. Lakin bu alyans İranın Yaxın Şərqdə həmişə üstünlük verdiyi strategiyanın bir hissəsidir. Bu strategiya iki siyasi məntiqə əsaslanır. Birincisi, istər sünni olsun, istər şiə, əsas hədəf Qərb, İsrail və ABŞ-dır.
İkinci məntiq isə şiələrin tələblərinin və maraqlarının birinci yerdə olmasıdır.
İranın Qərbin "terrorçu" hesab etdiyi və nəzəri olaraq bir-biri ilə vuruşmalı olan iki hərəkatla - "Hizbullah" və "Həmas"la əlaqələr saxlamasını da bununla izah etmək olar.
Şiə "Hizbullah" təşkilatının İsrail işğalına qarşı müqavimətdə, daha sonra 2006-cı ilin Livan müharibəsi zamanı İsrail ordusuna qarşı döyüşlərdə oynadığı rol ona müsəlman-ərəb dünyasında real prestij qazandırıb.
"Hizbullah" sünni-şiə parçalanmasının fövqündə dayanmağa çalışır. Son onillik ərzində İran sünni "Həmas"la sıx münasibətlər yaradıb, bu hərəkata siyasi, maliyyə və hərbi dəstək verib.
Beləliklə, İran hazırda Fələstin müqavimətinin lideri mövqeyindədir. O, fələstinliləri satan ərəb ölkələri və monarxiya rejimlərindən fərqli olaraq sünni-şiə fərqi qoymadan fələstinlilərə dəstək verir.
Misirdə rejim dəyişikliyindən və general əl-Sissinin hakimiyyəti ələ almasından sonra "Həmas" tam təcrid vəziyyətində qaldı. O, yalnız şiə İranın dəstəyinə ümid edə bilərdi.
Bu il iyulun 12-də "Həmas"ın tanınmış simalarından biri Üsamə Həmdan "sionist düşmən"lə mübarizədə Livanın "Hizbullah" hərəkatı ilə əməkdaşlıq haqda danışıb.
"Bu gün "Həmas"la "Hizbullah" arasında münasibətlər, o cümlədən "Həmas"la İranın münasibətləri bəzilərinin təxmin etdiyindən daha yaxşıdır" - deyə Üsamə Həmdan bildirib.
Hələ iki il əvvəl Qəzza sektorunda fəaliyyət göstərən "İslami cihad" qruplaşması Misir üzərindən qaçaqmalçılqı yolu ilə uzaqmənzilli raketlər aldı. "İslami cihad"ın İran istehsalı olan "Fəcr-5" raketləri var, bu raketləri "Hizbullah" verib. Raketlər 90 kiloqramlıq döyüş başlığını 75 kilometr məsafəyə çatdıra bilər.
2012-ci ildə İranın İnqilab Keşikçiləri Korpusu etiraf etdi ki, Təl-Əvivə zərbə endirmək üçün Qəzzanı belə raketlərlə təchiz edib.
Bundan əlavə son günlər Suriya istehsalı olan və 160 kilometr məsafəyə uçan M-302 raketləri işə salınıb. "Həmas" həmçinin 100 kilometr radiusa malik M-75 raketlərinin Qəzzada istehsalını təşkil edib. Bununla belə yaraqlılar nisbətən müasir hesab edilən bu raketləri hələ işə salmayıblar.
İsrail ekspertlərinin diqqəti uçuş məsafəsini artırmaq üçün döyüş başlığı sökülən yüngül raketlərə yönəlib. Bu raketləri atmaqda məqsəd İsrailin mümkün qədər dərinliklərini hədəf alıb əhalini qorxuya salmaq, eyni zamanda bütün ölkə boyu raketdənmüdafiə sisteminin effektivliyini yoxlamaqdır.
İsrail ekspertlərinin qənaətinə görə, "Həmas"ın sərəncamında 10 minə yaxın raket var idi və onlardan ən uzağı 3 minini məhv etmək mümkün olub. "Həmas"ın İsraildə hansısa strateji məntəqəyə raket zərbəsi endirib mümkün qədər çox tələfata səbəb olmağa çalışdığı barədəki nəzəriyyəni əsaslı hesab etmək olmaz. "Dəmir günbəz" sisteminin effektivliyi "Həmas"ı bu zərbələrin əhəmiyyətsizliyinə əmin etməli idi, xüsusən də İsrailin dağıdıcı cavab zərbələri nəzərə alınarsa.
Ona görə də istisna deyil ki, "Həmas"ın müttəfiqləri İran və "Hizbullah" total və irimiqyaslı müharibə zamanı İsrailin müdafiə sisteminin nə dərəcədə etibarlı olduğunu sınaqan keçirmək üçün "Həmas"a tapşırıq veriblər. Məqsəd ondan ibarət olub ki, İsrailə eyni vaxtda maksimal sayda raket buraxılsın və onların nə qədərinin raketdənmüdafiə sistemi tərəfindən neytrallaşdırıla bildiyi hesablansın.
"Həmas" artıq sübut edə bilib ki, İsrailin müdafiəsi heç də keçilməz deyil və "Dəmir günbəz"in imkanları qeyri-məhdud sayıla bilməz.