İran əleyhinə iddialar siyahısı Dünya

İran əleyhinə iddialar siyahısı

15 May

ABŞ hökuməti onların heç birini isbatlaya bilməyib

Son həftələrdə ABŞ və İran arasında gərginlik yaşanarkən, Tramp administrasiyasının rəsmiləri Tehrana qarşı ittihamların siyahısını artırıblar. Siyahıya İranın bölgədəki ABŞ qoşunlarına hücum etməyə hazırlaşması iddiası da daxildir; guya İranın “əl-Qaidə” ilə əlaqəsi var və İran Körfəzdəki neft tankerlərinə hücum edib. Bu iddiaları dəstəkləmək üçün sübutlar çox azdır və bəzi mütəxəssislər Vaşinqtonun bəzi iddialarının, həqiqətən, etibarlı olduğunu şübhə edirlər. Digərləri Tramp administrasiyasının 2003-cü ildə ABŞ-ın İraqı işğalını “əsaslandıran” ssenari ilə, İranla müharibəyə başlayacağı barədə narahatlıqlarını bildiriblər.

“Strateq” “Middle East Eye”yə istinadən yazır ki, keçən həftə ABŞ-ın şəxsiyyəti naməlum rəsmiləri bir İran səlahiyyətlisinin bölgədəki amerikalı qüvvələrə hücum üçün yaşıl işıq yandırdığını bildiriblər. “NBC News” 3 ABŞ səlahiyyətlisinə istinadən, mayın 9-da İranın Körfəz ölkələrində balıqçılar tərəfindən istifadə edilən kiçik yelkənli gəmidən hücuma edəcəyi barədə məlumat yayıb. Anonim rəsmilər İraq və Yəməndəki İran dəstəkli milislərin regiondakı ABŞ qüvvələrinə hücumu həyata keçirəcəklərini bildirib.

“NBC News” öz qaynaqlarının şəxsiyyətini və ya ABŞ hökumətinə mənsubluğunu açıqlamayıb, amma onların “kəşfiyyat məlumatları ilə tanış olduqlarını” gizlətməyib. İran rəsmisinin şəxsiyyəti də “NBC News”-un hesabatında qeyd olunmayıb. ABŞ rəsmilərindən biri İranın nüvə silahlı raket atmağa çalışacağını söyləyib. “NBC News”-un məlumatına görə, bu, ekspertlərdə demək olar ki, dərhal şübhə doğurub.

Mayın 9-da ABŞ-da yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun təmsilçisi olan Fabian Hinz deyib: “Gəmilərdən ballistik raketlərin buraxılması asan iş deyil və əvvəldən geniş sınaqlar tələb edir”. Hinz keçmişdə İran gəmilərindən atılan raketləri görmədiyini və İranın Qərb hökumətləri bilmədən və ya bir cəzasız qalmadan bu qabiliyyəti inkişaf etdirdiyini ehtimal etmədiyini söyləyib. Ancaq o, Yəmən kimi yerlərə İranın “AK47” kimi kiçik silahların qaçaqmalçılıq tarixinə bələd olduğunu bildirib.

Mayın 5-də Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Con Bolton “bir sıra narahatedici və eskalasiya göstəriciləri və xəbərdarlıqlar”a əsasən, ABŞ-ın Körfəzə bir təyyarə daşıyıcı gəmi göndərəcəyini deyib. Bir gün sonra, mayın 6-da “New York Times” xəbər verib ki, 3 ABŞ rəsmisi “İran və ya onun vəkillərinin İraq və Suriyadakı amerikalı qüvvələrə hücum etməyə hazırlaşdıqlarına dair yeni kəşfiyyat məlumatları”nı açıqlayıb.

Qəzet bu “yeni kəşfiyyat” haqqında əlavə məlumat verməyib, ya da anonim olaraq istinad edilən üç ABŞ rəsmisinin şəxsiyyətini açıqlamayıb. “NBC News”un 9 may hesabatında yer alan 3 ABŞ səlahiyyətlisinin onlarla eyni adamlar olib-olması da bilinməyib.

Mayın 14-də “New York Times” qəzeti aprelin sonunda məlumatlar toplamış bir “Amerika kəşfiyyatı təhlili” haqqında məlumat verərək, “İranın proksi qüvvələrinin döyüşə hazır olduğu” barədə məlumat yayıb. Amma analizi kimin həyata keçirdiyi haqqında əlavə məlumat verməyib. Ayın 14-də Böyük Britaniyanın bir hərbi rəsmisi ABŞ-ın İran dəstəkli milislər haqqında məlumatına kölgə salıb.

ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiyasının baş komandanı, general-mayor Kristofer Qika İranla bağlı olan şiə milislərə dair heç bir narahatlıq əlaməti görmədiyini söyləyib. “The Guardian” qəzetinin xəbərinə görə, Qika deyib: “Biz bu vəziyyətdə heç bir dəyişiklik görməmişik”.

Birləşmiş Ərəb Əmirlikləri ilk dəfə bazar günü Körfəz sahilindəki “sabotaj hücumunda” dörd neft tankerinin zədələndiyini bildirib; gəmilərdən ikisi Səudiyyə Ərəbistanına, biri Norveç, dördüncü isə Əmirliyə aid imiş. BƏƏ-nin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Norveç gəmisinin sahibi olan şirkət “naməlum bir obyekt tərəfindən vurulduğunu” bildirərək, gövdəsinə zərər dəydiyini bildirib.

BƏƏ hadisə ilə əlaqədar istintaqa başlayıb. Bazar ertəsi günü “CBS News”-un xəbərinə görə, ABŞ səlahiyyətliləri, ilk araşdırmalara əsasən, İran və ya İran dəstəkli qrupların tankeri sabotaj etmək üçün partlayıcı maddədən istifadə etdiyini bildirib. “CBS News” ABŞ səlahiyyətlilərinin adlarını açıqlamayıb. Həmçinin, hesabatda vəzifəli şəxslərdən birbaşa sitat gətirilməyib.

Həmçinin, hesabatda İran və ya İran dəstəkli qrupların hadisənin arxasında olduğunu iddia etmək üçün konkret sübut təqdim etdilməyib. Eyni zamanda, dəniz ekspertləri hücumun əhatə dairəsi ilə bağlı suallara cavab tapmayıblar. Dəniz təhlükəsizlik şirkəti “Dryad Global”-ın açıqlamasına görə, “Səudiyyə Ərəbistanının öz media kanallarında hadisəni geniş işıqlandırmaması və hücumun görüntü dəlillərinin təqdim edilməməsi əhəmiyyətli suallar doğurur”.

Digər dəniz ekspert qrupu “FleetMon” a buna bənzər bir şəkildə BBC-yə bildirib ki, hadisə çoxlu sual yaradıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonla Tehran arasında son günlərdə baş vermiş gərginlikdən bir neçə həftə öncə İranı “əl-Qaidə” qrupu ilə gizli danışıqlar aparmaqda ittiham edib. “İran İslam Respublikası ilə “əl-Qaidə” arasında əlaqə var, – deyə Pompeo aprelin 10-da Senatın Xarici Əlaqələr Komitəsi qarşısında söyləyib. – “Əl-Qaidə” ilə əlaqələrlə bağlı faktiki məsələ çox vacibdir, bu realdır, “əl-Qaidə”yə tranzit icazəsi veriblər”.

Lakin üst səviyyəli ABŞ rəsmisi iddialarını dəstəkləmək üçün kifayət qədər dəlil gətirə bilməyib. “Yeni Amerika” Fondunun baş elmi işçisi, “əl-Qaidə” və İran haqqında bir kitabın müəllifi olan Nelli Lahud bu “ittifaq”ın heç bir sübutunu taplmadığını söyləyib.

Lahud Usamə bin Ladenin öldürülməsindən sonra ABŞ missiyasından əldə etdiyi gizli “əl-Qaidə” fayllarını araşdırıb. “Bu sənədlərin heç birində “əl-Qaidə” ilə İran arasında terror əməkdaşlığını göstərən istinadlar tapmadım”, – deyə o, 2018-ci ilin sentyabrında Atlantik Şurasındakı bloqunda bildirib. Bunun əvəzinə, Lahud bu ikisi arasında düşmənçiliyi aşkarlayıb. “İrana açıq hədələr Bin Laden və digər “əl-Qaidə” liderlərinin İran hakimiyyətinə qarşı düşmənçiliyini nümayiş etdirir”.

Əslində, “əl-Qaidə” ilə əlaqəli qrup fevral ayında Pakistanla sərhəddə 27 İnqilab Keşikçisini öldürən intihar hücumuna görə məsuliyyət daşıyır. Hücum zamanı Sistan-Bəlucestan əyalətində İİKK üzvlərini daşıyan bir avtobus hədəfə alınıb.