“Seçkilər CHP və MHP liderlərinin zəifliyini sübuta yetirdi” Dünya

“Seçkilər CHP və MHP liderlərinin zəifliyini sübuta yetirdi”

Azər Rəşidoğlu: "Ehtimal edirəm ki, hər iki partiyada yeni lider axtarışı başlayacaq"

Türkiyədə prezident seçkiçindən sonra müxalifətdaxili ziddiyyətlər başlayıb. CHP və MHP-nin biabırçı məğlubiyyətindən sonra partiya liderlərinin istefası tələb olunur.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu istefa getməyə çağırırlar. O da bildirilir ki, belə bir tələb ilə millət vəkili Əminə Ülkər Tarxan başda olmaqla CHP-nin parlamentdəki 100-dən artıq deputatı çıxış edib.
Cümhuriyyət Xalq Partiyasının üzvləri öz tələblərini onunla izah edirlər ki, Kılıçdaroğlunun yürütdüyü siyasət müxalifətin vahid namizədinin prezident seçkilərində tam məğlubiyyətinə gətirib çıxardı.
Bundan sonra Türkiyədə müxalifətdaxili hansı proseslər gedəcək? Müxalifət bataqlıdan çıxmaq üçün hansı addımı atmalıdır?
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, seçkilər CHP və MHP liderlərini zəifliyini bir daha sübuta yetirdi: "Ehtimal edirəm ki, hər iki partiyada yeni lider axtarışı başlayacaq. Partiyalar yeniləşməyə doğru gedəcək və növbəti parlament seçkilərinə yeni liderlə qatılacaq".
Azərbaycan Sosialist Partiyasının Elşən Qaraçuqlu vurğuladı ki, Türkiyədə keçirilən seçkilərin öncədən nə ilə nəticələnəcəyi bəlli idi: "Buna həm Ərdoğanın populyarlıq dərəcəsinin yüksək olması səbəb oldu. Düşünürəm ki, bundan sonrakı proseslər Türkiyə daxilindəki siyasi meydanda MHP-nin çəkisinin artmasına səbəb olacaq".
Politoloq Hatəm Cabbarlı dedi ki, Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi, iki böyük siyasi partiyanın (CHP və MHP) və digər partiyaların ortaq namizədi Ekmələddin İnsanoğlunun məğlub olması təbii olaraq bu partiyalarda narazılıqla qarşılandı: "Xüsusilə CHP-də partiya daxili müxalifətin Kılçdaroğlunun istefasını tələb etməsi təbiidir. Müxalifətin ortaq namizədinin məğlub olmasının səbələri İhsanoğlunun ictimaiyyət tərəfindən yaxşı tanınmaması olmaqla birlikdə, müxalifətin təşkilatçılıq qabiliyyəti və təbliğat mexanizmlərinin zəif olması idi. Siyasi etik qaydalara əməl etmək məcburi olmasa da, CHP və MHP liderlərinin istefa edərək qurultay keçirmələri daha məntiqli olardı. Hələlik görünən odur ki, Kılıçdaroğlu və Dövlət Daxçalı liderlik mövqeyini legitimləşdirmək üçün yenidən qurultay keçirməlidirlər. Qurultayda daha çox səs olan da partiya lideri olacaq. Amma nə Kılıçdaroğlu, nə də Baxçalı hələlik qurultay keçirmək və istefa etmək kimi fikir bildirməyiblər. Bu isə partiya daxili çəkişmələrin artmasına və hətta istefalara səbəb ola bilər".
"Sabah" qəzetinin redaktoru Mehmet Barlas isə maraqlı fikirlər səsləndirib. O, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Abdullah Gül kimi bir adama ehtiyacı olmadığını söyləyərək əlavə edib: "Əgər aktiv fəaliyyət göstərmək istəyirsə, hörmətli Gül Cümhuriyyət Xalq Partiyasına, ya da Milliyyətçi Hərəkat Partiyasına getsin. Onların buna daha çox ehtiyacı var". Mehmet Barlas NTV-də AKP-nin konqresini və prezidentlik seçkilərini qiymətləndirib. Proqram boyunca Abdullah Gülə olduqca maraqlı mesajlar göndərən Barlas Çankaya köşkü ilə partiya arasında dövr uyğunsuzluqlarının yaşandığını iddia edib.
Abdullah Gülün partiyanın başına keçmək istəməsi halında Ərdoğanın buna "xeyr" deməsinin o qədər də mümkün olmadığını irəli sürən Barlas belə bir tələbin də reallaşmasının mümkün olmadığını söyləyib: "Gül əgər hökmən mən ümumi başçı olmaq istəyirəm desə Ərdoğanın buna "xeyr" deməsi çox çətindir. Abdullah Gül isə ağıllı və şüurlu bir insan olaraq bunu istəməz. Şərtlərin inkişafını gözləyər, ondan sonra qərar verər. Bu fantaziya təbii ki! Əgər Gül Türkiyə siyasətinə xidmət etmək istəyirsə AKP-yə gəlmək yerinə Cümhuriyyət Xalq Partiyasına ümumi başçı olsun. Çünki onların ehtiyacı var buna. AKP-nin beyinə, müvəffəqiyyətə-filan ehtiyacı yox! Həm beyinə, həm müvəffəqiyyətə CHP-nin ehtiyacı var. Bəlkə MHP-yə də köməkçi ola bilər. Abdullah Gülün AKP-yə dönməsi halında, partiyanın daha zənginləşəcəyi qəti mümkün deyil. AKP Tayyib Ərdoğan ilə onsuz da zatən zəngindir".
Onu da əlavə edək ki, CHP və MHP-nin vahid namizədi Ekmələddin İhsanoğlu Azərbaycanda Ərdoğandan daha çox səs toplayıb ki, bu da ekspertlərin marağına səbəb olub.
Politoloq Qabil Hüseynli deyir ki, Azərbaycandakı türk vətəndaşların Əkmələddin İhsanoğluna daha çox səs verməsi "nur" icmasının ölkəmizdə güclü olması ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycandakı türk iş adamlarının, bu yaxınlarda bağlanan türk liseylərində, "Araz" Kurslarında və "Qafqaz" Universitetində çalışan türkiyəli müəllimlərin çoxu sözügedən icmaya bağlı adamlardır. Amma Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev bu fikirlərlə razılaşmır. Mehdiyevin qənaətincə, İhsanoğlunun Azərbaycanda daha çox səs toplaması başqa səbəblərlə bağlıdır: "Azərbaycan əhalisinin çoxu Türkiyəni dünyəvi, demokratik ölkə kimi görmək istəyir. Diqqət yetirsəniz görərsiniz ki, azərbaycanlılarla yanaşı, burdakı türklər də bundan yanadır. Azərbaycana gələn türklər Türkiyə vətəndaşlarına nisbətən dini-mövhumati dəyərlərdən bir qədər uzaqlaşıblar. Mən İhsanoğlunun Azərbaycanda daha çox səs toplamasını sırf bununla bağlayıram. Çünki İhsanoğlu dünyəvi və demokratik Türkiyəni müdafiə edirdi. Ancaq Ərdoğan tərəfindən bu belə deyil. Biz bilirik ki, Ərdoğanın özünün aid olduğu AKP qurucuları tərəfindən dini siyasi partiya kimi qəbul olunur. AKP-nin qurucu üzvləri bu partiyanı məhz dini partiya kimi təsis ediblər. Hətta vaxtilə Türkiyə Baş Prokurorluğu AKP-nin Türkiyənin dünyəvi düzəninə təhlükə yarada biləcəyi ehtimalını nəzərə alıb onun bağlanması üçün Konstitusiya Məhkəməsində iddia qaldırıb. Bu baxımdan düşünmürəm ki, Azərbaycanda yaşayan türklərin çoxu "nur" camaatına bağlıdır. Azərbaycanda çalışan türklər daha çox inşaat sektorunda, restoran biznesi şəbəkəsində çalışanlardır. Onların "nur" camaatı ilə nə qədər bağlı olduqları mübahisəli məsələdir".
Politoloq Zərdüşt Əlizadə də Fərhad Mehdiyevin fikirlərini dəstəkləyir. Onun düşüncəsinə görə, İhsanoğlu uzun müddət İslam Konfransı Təşkilatının baş katibi olub və kifayət qədər tanınıb: "Nə üçün İhsanoğlu çox səs yığmasın? Türkiyə miqyasında 38 faiz səs yığan bir şəxsin Azərbaycanda qalib gəlməsi təəccüb doğurmamalıdır. Məsələ burasındadır ki, başqa ölkələrdə yaşayan türklər Türkiyənin daxilində yaşayan türklərdən fərqli düşünə və qərar qəbul edə bilirlər. Azərbaycanda yaşayan türklər də Ərdoğandan fərqli Türkiyəni düşünürlər".

Əli