Suriya məsələsi bu gün həll ediləcək? Dünya

Suriya məsələsi bu gün həll ediləcək?

Türkiyə ilə Rusiya liderlərini bu gün Moskvada gərgin müzakirə gözləyir. Ölkələrin nümayəndə heyətləri arasında aparılan danışıqların nəticə verməməsi və fevralın 27-də İdlib istiqamətində 34 türk əsgərinin Bəşər Əsəd rejiminin hücumu nəticəsində öldürülməsindən sonra bütün diqqət həmin görüşə fokuslaşıb. İndiyə qədər Suriya mövzusunda türk və rus nümayəndə heyətləri arasında 2 dəfə Ankarada, 1 dəfə isə Moskvada müzakirələr aparılıb, amma razılıq əldə olunmayıb. Məhz bu məsələlərdən sonra son ümid yeri Moskvada baş tutacağı gözlənilən Ərdoğan-Putin görüşüdür.
Moskva görüşü öncəsi Suriya ilə bağlı məsələdə Türkiyə və Rusiyanın hansı mövqedən çıxış edəcəyinə dair müxtəlif fikirlər səslənir. Tərəflərin bu görüşdə əldə etmək istədiyi nəticəyə gəlincə, qısaca onu demək olar ki, rəsmi Ankara Bəşər Əsəd qüvvələrinin Soçi razılaşması çərçivəsində müəyyən olunan sərhədlərə çəkilməsi, Moskva isə son gəlişmələrin nəzərə alınması ilə razılaşmanın yenilənməsi mövqeyindən çıxış edəcək.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi mövqe və tələblər aşağıdakı şəkildə ola bilər:
Suriya rejimi qüvvələri “İdlib Gərginliyin Azaldılması Bölgəsi” olaraq qəbul olunan və Soçi razılaşması çərçivəsində müəyyən edilən sərhədlərə çəkilməlidir.
Suriya rejim qüvvələri ələ keçirdikləri ərazidən geri çəkilməli və hazırda mühasirəyə alınan 6 türk hərbi müşahidə postunun ətrafını boşaltmalıdır.
Bildirək ki, Türk Silahlı Qüvvələrinin 4 (Ana), 5 (Rəşid), 6 (Tel Eys), 7 (Tel Toukan), 8, (Surman) və 9 nömrəli (Morik) müşahidə məntəqələri rejim tərəfindən ələ keçirilib.
Əhalisi 4 milyona yaxın olan İdlibdə daimi atəşkəs təmin edilməli, insanlar tərk etdikləri evlərinə və yurdlarına geri dönməlidirlər.
Kreml isə bu görüşdə fərqli mövqe və tələblərlə çıxış edəcək:
Moskva Bəşər Əsəd rejiminin irəliləməsi nəticəsində bölgədə yeni vəziyyətin yarandığını və bu səbəbdən Soçi razılaşmasının yenilənməsini vacib sayır.
Rəsmi Moskva Türk Silahlı Qüvvələrinin Soçi konsensusuna uyğun şəkildə qurduğu 12 hərbi müşahidə postunun strateji əhəmiyyətə malik M-4 və M-5 şosesinin şimalına çəkilməsini istəyir.
Bu günə qədər rəsmi Ankara Rusiyanın tələb etdiyi “Gərginliyin Azaldılması Bölgəsi”nin 60 faiz azaldılmasına müqavimət göstərir. Səbəb kimi bunun qəbul ediləcəyi təqdirdə TSK-nın İdlibin yüzdə 40 faizlik bölümünə geri çəkilmək məcburiyyəti ilə üzləşəcəyi göstərilir.
Türkiyə bu halın milyonlarla insanı yerindən edəcəyini və yeni bir qaçqın dalğasına səbəb olacağını dilə gətirir.
Rusiya, eyni zamanda, Türkiyənin Soçi razılaşmasına uyğun olaraq üzərinə götürdüyü “Əl-Qaidə” ilə əlaqəli Heyəti Təhrir Şamla (HTŞ) mübarizədə silahsızlaşdırma öhdəliyini yerinə yetirmədiyini iddia edir və bunu Ankaradan tələb edir.
Ankara isə hələlik Moskvanın ona qarşı bu ittihamını qəbul etmir.
Bu gün Moskvada keçiriləcək görüşdə rus və türk dövlət başçıları məhz bu çərçivədə müzakirələr aparacaq və mümkün olarsa, razılaşma əldə edəcəklər.
Yaxın Şərq üzrə ekspert doktor Əyyub Ərsoy deyib ki, Suriyanın İdlib vilayətində artan gərginlik hələ davam edəcək.
Ekspertin sözlərinə görə, gərginliyin davam etməsinin 3 əsas səbəbi var:
“Birinci səbəb Əsəd rəhbərliyinin nəzarətindən kənarda yalnız iki bölgənin qalmasıdır. Əsəd hökuməti ilk hədəf olaraq İdlib bölgəsini seçib. İdlib bölgəsi Hələb-Şam və Hələb- Latakiyanı birləşdirir. Bu səbəblə bu bölgə Əsəd rejimi üçün çox əhəmiyyətlidir. Əsəd rəhbərliyi bu bölgəyə qarşı hərbi əməliyyatlarını davam etdirəcək”.
Əyyub Ərsoyun fikrincə, ikinci əsas səbəb Türkiyənin İdlib bölgəsini öz milli təhlükəsizliyi üçün olduqca əhəmiyyətli hesab etməsidir:“Bu səbəbdən Türkiyə Əsəd qüvvələrinin İdlibə hakim olmasını istəmir. Bu faktor son üç gündə sözügedən bölgədəki hərbi əməliyyatları daha da gücləndirdi. Türkiyənin bu bölgədən çəkilməsi hərbi mübarizədə məğlub olması kimi şərh olunacaq. Bununla yanaşı, bu ərazidə yaşayan çox sayda insanın Türkiyəyə qaçqın olaraq gəlmə ehtimalı var. Bütün bu faktorlar Türkiyənin İdlibdəki hərbi mövcudluğunu davam etdirməsinə gətirib çıxarır”.
Politoloqun sözlərinə görə, İdlib bölgəsində gərginliyi davam etdirəcək üçüncü səbəb Rusiya faktorudur:“Üçüncü faktor Rusiya üçün İdlib bölgəsindəki gərginliyin davam etməsinin önəm kəsb etməsidir. İdlib bölgəsində gərginlik davam etdikcə Rusiyanın həm Əsəd rəhbərliyi, həm də Türkiyəylə “bazarlıq” imkanları artır. Rusiyanın İdlib bölgəsində gərginliyin davam etməsində marağı var.
Beləliklə, İdlib bölgəsindəki üç əsas gücün strateji hədəfləri bir-birinin tam əksinədir. Buna görə bölgədəki gərgin mühit davam edəcək”.
Ekspert bu gərginliyin azalıb və ya çoxalmasını şərtləndirəcək əsas amilin Rusiya və Türkiyə liderlərinin 5 mart tarixində baş tutacaq görüşü olduğunu bildirib.