“Türkiyə ona qarşı həyata keçirilən ssenarilərə hazır idi” Dünya

“Türkiyə ona qarşı həyata keçirilən ssenarilərə hazır idi”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında cümə axşamı günü planlaşdırılan görüş İdlibdəki vəziyyət, Suriyadakı böhrana siyasi bir həll yolu tapılması üçün son dərəcə əhəmiyyətlidir”. Bunu türk politoloq İmbat Muğlu söyləyib.
Ekspert hesab edir ki, liderlərin tələbləri çox fərqli olarsa, Moskvadakı danışıqlar masasında nəticə əldə etmək çətin olacaq.
Muğlu, bununla belə liderlərin görüşdə İdlib məsələsində irəliləyiş əldə edə biləcəyinə ümid etdiyini dilə gətirib:
“Rusiya paytaxtındakı danışıqlar Ankaranın Suriya problemini həll etmək üçün son diplomatik təşəbbüsü ola bilər. Bu, Türkiyənin Moskvaya təqdim etdiyi yol xəritəsinin qarşı tərəfdən qəbul edilməməsi ilə əlaqədardır. Ümid edirəm ki, Rusiya Ankaranı məmnun edəcək yeni bir yol xəritəsini Türkiyəyə təqdim edəcək”.
Kremlin mətbuat xidmətinin daha əvvəl xəbər verdiyi kimi, prezident Putin martın 5-də Rusiyaya işgüzar səfərdə olacaq prezident Ərdoğanla danışıqlar aparacaq. Tərəflərin İdlib de-eskalasiya zonasında vəziyyətin gərginləşməsini nəzərə alaraq Suriyanın nizamlanması problemlərini müzakirə edəcəyi gözlənilir.
Politoloq Vüqar Zifəroğlu diqqətə çatdırıb ki, martın 5-də Rusiya və Türkiyə Prezidentləri arasında keçiriləcək görüşdə əsas müzakirə predmeti İdlib məsələsidir: “Yəni Suriyada baş verən son proseslərdir".
Politoloqun sözlərinə görə, Türkiyənin mövqeyi əvvəldən belə oldu ki, konkret şəkildə Astana formatında qəbul olunan qərarlara tərəflər əməl etməlidirlər: "Rusiyadan da gözləntilər bundan ibarətdir ki, Astana formatında qəbul olunan bu qərarlar həyata keçirilsin. Amma son bir ayda Bəşər Əsəd rejiminə məxsus qüvvələrin aktiv əməliyyatlara başlaması, hücumlar etməsi, türk ordusunun şəhidlər verməsi və s. bütün bunlar hamısı Suriyada yeni bir qarşıdurmanın alovlanmasına gətirib çıxardı. Baxmayaraq ki, son iki ildə müəyyən bir nisbi sakitlik hökm sürürdü. Artıq müəyyən mənada hamıda Suriyada olan problemlərin qismən daha axıcı və daha normal məcraya qədəm qoyması barədə bir təsəvvür yaranırdı. Göründüyü kimi bu belə olmadı. Maraqlı bir məqamdır ki, eyni günlərdə Liviyada və Suriyada əməliyyatlara start verilməsi onu göstərdi ki, burada Türkiyənin konkret şəkildə Yaxın Şərqdən sıxışdırılıb çıxarılması, onu iki cəbhədə savaş açmağa məcbur etməklə qüvvələrini parçalamaq və zəiflətmək hədəf kimi qarşıya qoyulub. Təbii ki, onlar nəticələrə nail ola bilmədilər. Son bir həftədə Əsəd rejiminin ciddi itkilərə məruz qalması göstərdi ki, Türkiyə əslində prinsip etibarilə belə vahim ssenarilərin ona qarşı həyata keçiriləcəyinə hazır idi".