TBMM komissiyasından Xocalı bəyanatı Dünya

TBMM komissiyasından Xocalı bəyanatı

"Minsk qrupu bu faciəyə lazımi qiymət verməlidir"
Sinan Oğan: "Türkiyə parlamenti Xocalı faciəsini soyqırım olaraq tanımalıdır"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
APA-nın TBMM-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, Türkiyə azərbaycanlıların 22 il əvvəl Xocalıda üzləşdikləri vəhşilikləri və qətliamı hər zaman qəlbinin dərinliklərində hiss edir, Ermənistan silahlı birləşmələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını qınayır: "İnsanlıq tarixinin ən qara səhifələrindən biri olan Xocalı qətliamı, nəticələri etibarilə bölgənin sülh, asayiş və təhlükəsizliyi baxımından bu gün üçün də bir problem olaraq qalır. Mülki vətəndaşlara yönəlmiş bu amansız, insanlığa qarşı əməllər və işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı qardaşımız yurdlarından ayrılmaq məcburiyyətində qalıb, iyirmi ildir qaçqın həyatı yaşamağa məcbur ediliblər".
Sənəddə qeyd olunur ki, bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin və Minsk Qrupunun bu faciəyə lazımi qiymət verməsi vacibdir. Bəyanatda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırılıb.
"Türkiyənin Xocalı soyqırımına səssiz yanaşması yeni soyqırımlara qapı açmaq deməkdir". Bunu isə Türkiyə parlamentinin MHP-dən olan üzvü Sinan Oğan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır: "Təəssüf ki, nə Türkiyə dövləti və TBMM, nə beynəlxalq məhkəmələr, nə də beynəlxalq ictimaiyyət Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini açıqlamayıb. Yalnız TBMM-in Xarici işlər komissiyası açıqlama yayıb. Xocalı faciəsinin soyqırım olaraq tanınmasına dair verdiyim təklif isə parlamentin rəflərində gözlədilir".
Millət vəkili qeyd edib ki, Türkiyə Xocalıya yetərincə dəstək verə bilmədiyi üçün Şərqi Türküstanda, İraqda, Suriyada bənzər təhdid və təhlükələr var: "Bunları görməzdən gəlməyimiz soyqırım gerçəyini gizlətməyəcək. Türkiyə Cümhuriyyətinin bütün səlahiyyətli qurumlarını, millət vəkillərini təklifimizə dəstək verməyə çağırırıq".