Ukrayna parlamenti Rusiyanı təcavüzkar dövlət kimi tanıyıb Dünya

Ukrayna parlamenti Rusiyanı təcavüzkar dövlət kimi tanıyıb

Ukrayna Ali Radası Rusiya Federasiyasını təcavüzkar dövlət kimi tanıyıb. APA-nın "112.ua" saytına istinadən yaydığı xəbərə görə, bu barədə hazırlanan qanun layihəsinin lehinə 271 deputat səs verib. Qanun layihəsi "Batkivşina" fraksiyasının lideri Yuliya Timoşenko, Radikal Partiyanın lideri Oleq Lyaşko, "Samopomiç" (Özünəkömək) fraksiyanın nümayəndəsi Oleq Berezyuk və digər deputatların imzası ilə təqdim olunub.
Sənədə əsasən baş nazirə Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə qarşı tədbirlərin görülməsi və təcavüzün nəticələrinin aradan qaldırılması məsələləri üzrə səlahiyyətli nümayəndə təsisatının yaradılması tövsiyə olunur. Ali Rada beynəlxalq ictimaiyyəti Ukraynaya qarşı hərbi təcavüzün qarşısının alınması üçün hər cür tədbirlər görməyə və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Bundan başqa, qanunda Ukraynaya hərbi-siyasi dəstək verilməsi və Donbassdakı vəziyyətlə bağlı bütün qərarlara BMT Təhlükəsizlik Şurasında veto qoyan Rusiyanın bu qurumun daimi üzvlüyündən kənarlaşdırılması çağırışı da yer alıb.
"Mən tezliklə qanunu imzalayaraq onu bütün müvafiq ünvanlara göndərəcəyəm", - deyə Ali Radanın sədri Vladimir Qroysman bəyan edib.
Bundan başqa, Ali Rada ölkənin şərqindəki separatçı rejimlər - "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın terrorçu təşkilatlar kimi tanınmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.