Türkiyə Krım tatarları müdafiə edəcəkmi? Dünya

Türkiyə Krım tatarları müdafiə edəcəkmi?

Əhməd Davudoğlu buna söz verib

Cavid

Rusiyanın Krıma hərbi qüvvə yeritməsi, orada yaşayan tatarların rus işğalçıları ilə mübarizəyə qalxması, Ukraynanın ərazi bütövlyünü dəstəkləmələri Türkiyə tərəfindən anlaşılmaz bir sakitliklə qarşılanmaqdadır.
Düzdür, Rusiya prezidenti Putinlə Türkiyənin baş naziri Ərdoğan arasında telefon danışığında bu məsələlər müzakirə olunub. Amma rəsmi Ankara HATO üzvü kimi Krımda baş verənlərlə bağlı öz mövqeyini açıqlamayıb. Daha doğrusu, Krımdakı tatarların hüquqlarının qoruması ilə bağlı rəsmi açıqlama verməyib. Rəsmi Ankaranın seyrçi mövqe tutması isə bir qədər şübhəli görünür.
Qısa xatırlama verək ki, son 200 il ərzində Krım Rusiyanın nəzarəti altında olub. Lakin 1954-cü ildə Ukraynayaya Xruşşov tərəfindən hədiyyə edilib. Krım 1783-cü ildə Osmanlı dövləti tərəfindən Rusiyaya xoşluqla verilməyib, zorla və mərhələli şəkildə Rusiya tərəfindən alınıb.
Etnik ruslar Krımın Ukraynaya verilməsinin "tarixi səhv" olduğunu deyirlər. Krım tatarları isə bir vaxtlar yarımadada çoxluq təşkil etdiklərini diqqətə çəkirlər. Onlar adadan 1944-cü ildə almanlarla əməkdaşlıq ittihamı ilə Stalin tərəfindən deportasiya edilmişdilər.
Krımda etnik ukraynalılar 24%, ruslar 58%, tatarlar isə 12% təşkil edib. 1991-ci ildə SSRİ dağılandan sonra tatarlar Krıma qayıtmağa başlayıblar. Bu etnik ruslarla krım tatarları arasında gərginliyin torpağa görə artmasına səbəb olub.
Krım Ukraynanın tərkib hissəsidir. Bu statusu Rusiya 1994-cü ildə ABŞ, Britaniya və Fransa ilə birgə memorandum imzalayaraq təsdiqləyib. Muxtar respublikanın seçilən parlamenti var. Prezident vəzifəsi isə 1995-ci ildə rusiyapərəst separatçı siyasətçi böyük üstünlüklə qələbə qazandıqdan sonra ləğv edilib.
Krım uğrunda dəfələrlə müharibələr baş verib, yarımada əldən-ələ keçib. Belə müharibələrdən biri 1853-1856-cı ildə baş verib və məhşur "Sevastopolun mühasirəsi" də o zaman olub.
Həmin dövrdə dünya imperiyaları arasında gedən rəqabət müharibəyə səbəb olub. Osmanlı İmperiyasının zəiflədiyi dövrdə, Britaniya və Fransa Rusiyanın Balkanlara iddiasından narahat olduqlarından, rusları geriyə oturtmaq üçün Krıma qoşun göndəriblər. 4 il çəkən müharibə nəticəsində Rusiya məğlub olub.
Bu gün Krım tatarlarının müdafiəsi yalnız sözdədir. Çünki artıq rəsmi Moskva rusların təhlükəsizliklərinin "təmini" ilə bağlı Krıma hərbi birləşmələr yeridib, orada baş verənlərdən tatarlar da əziyyət çəkirlər. Bu isə nədənsə rəsmi Ankaranı narahat etmir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krım Tatar Məclisinin sabiq sədri Mustafa Cəmilovla görüşdə deyib ki, əgər Krım tatarları təhlükəyə məruz qalarsa, köməyə gələn birinci Türkiyə olacaq. Bu barədə M.Cəmilov keçirdiyi brifinqdə açıqlama verib: "Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu mənə dedi ki, zərrə qədər də şübhəniz olmasın, əgər krım tatarları təhlükə ilə üzləşsə, Türkiyə sizə kömək edən birinci ölkə olacaq".
Onun sözlərinə görə, Ə.Davudoğlu Ukraynaya strateji tərəfdaş ölkə kimi baxır və bu ölkənin müstəqilliyini, bütövlüyünü dəstəkləyir. Rəsmi Ankara istər iqtisadi, istərsə də siyasi tərəfdən Ukraynaya yardım etməyə hazırdır.
Onu da qeyd edək ki, Krımın paytaxtı Simferopolda Rusiya əleyhinə etiraz nümayişi keçirən Krım tatarları Türkiyənin baş naziri Ərdoğan və Türkiyəyə böyük ümid bağladıqlarını Ruslar Ərdoğan hökumətinin tövründən məmnundurlar və rəsmi Ankaranın bu susqunluğunu "ABŞ-ın türklərə mənfi münasibəti"nin nəticəsi kimi dəyərləndirməklə, sanki suyu daha da bulandırmağa çalışırlar. Rus politoloqu Leonid Savinin fikrincə, Türkiyə yaxşı başa düşür ki, o, "ABŞ-ın hədəfində olan növbəti ölkədir". O, Türkiyənin Avropa İttifaqı və ABŞ-ın siyasətindən canını qurtarmağa çalışdığını deyib: "Türkiyə yaxşı başa düşür ki, o, ABŞ-ın hədəfində olan növbəti ölkədir. O da Ukrayna kimi qeyri-stabilliyə meyllənəcək. Ərdoğanın Suriya döyüşçülərinə dəstək verməsi, həmçinin kürd məsələsi onun başının üstündə "Domokl qılıncı" kimi dayanıb. Fətullah Gülənin Ərdoğan və partiyasına qarşı fəaliyyəti isə məsələləri tamamilə qarışdırıb. Bununla bərabər isə Türkiyənin Rusiyadan asılılığı çoxdur və Avropa İttifaqı ilə münasibətləri yaxşı deyil. Əgər Türkiyə siyasətçilərinin Şərqə doğru irəliləməklə bağlı çıxışlarına fikir versək görərik ki, onlar da Avropa İttifaqının ekspansiyasına nifrət edirlər. Bu nifrəti xüsusilə Avropa İttifaqının Vaşinqtonla birgə həyata keçirdikləri Ukrayna siyasətində müşahidə edə bilərik".
ALDP sədri Fuad Əliyevin fikrincə isə Ukrayna məsələsində Avropa Rusiya ilə heç bir qarşıdurmaya getməyəcək: "Getsəydi 2008-ci ildə Gürcüstan müharibəsində rəsmi Moskvanı yerində oturda bilərdi. Türkiyənin Krım məsələsində bir qədər hadisələrə sakitliklə yanaşmasına gəlincə isə Ankara rəsmi Moskvanın məsələni sülh yolu ilə həllini gözləyir. Əgər rus hərbçilərinin tatarlara hər hansı bir təhlükəsi olarsa, təbii ki, rəsmi Ankara öz etirazını bildirməlidir. Rusiya Ukrayna məsələsində özünü yandıra bilər. Çünki onun göz dikdiyi Krımda təkcə ruslar yaşamır. Rusların təhlükəsizliklərini müdafiə edəndə orada yaşayan digər millətlərin təhlükəsizliyinə zəmanət verilməyəcək. Ona görə də rəsmi Moskva çıxış yolunu hərbdə yox, sülh danışıqlarında axatrmalıdır".
Politoloq Mütəllim Rəhimli isə bildirib ki, Ukraynada hakimiyyət dəyişikliyi baş verəndə çoxlarının ağlına gələn bu oldu ki, Krımın taleyi necə olacaq: "Hətta belə fikir irəli sürənlər də vardı ki, Türkiyə üçün tarixi fürsət yaranıb ki, Krıma daxil olsun və ya öz iradəsini ortaya qoysun. Lakin mövcud geopolitik şəraitdə bu mümkün deyildi. Rusiya birmənalı olaraq bu bölgədə öz təsirini saxlamaq istəyir və bunun üçün hər şeyə hazırdır. Türkiyədə bu ayın sonunda keçiriləcək bələdiyyə seçkiləri, hakimiyyətlə nurçular arasında qarşıdurmalar Türkiyə hökumətinin başını xeyli dərəcədə qatıb. Üstəlik Rusiya-Türkiyə münasibətlərində hiss edilən yaxınlaşma da ikincinin ehtiyatlı addımlar atmasına səbəb olub. Yəni uzun illərdir ki, Avropa Birliyinə buraxılmayan Türkiyə ehtiyat kimi Rusiya ilə əməkdaşlıq variantını saxlamaqdadır. Bütün bunlar isə Türkiyənin Krım məsələsində kənarda qalmasına gətirib çıxarıb".
Son məlumata görə, Rusiya qoşunları Krımda Ukrayna hərbi hissələrinin mühasirəsini gücləndirib. Ötən gecə mühasirə bir qədər zəifləyib - hərbi hissələrin ətrafında yalnız "Krımın özünümüdafiə dəstəsi" adlandırlan hərbi qruplaşmanın nümayəndələri qalıb. Daha sonra tanınma nişanəsi olmayan kamufljalı hərbçilər yenidən qayıdıb və səngər qazmağa başlayıblar.