“Normand dördlüyü” bu dəfə Parisdə keçiriləcək Dünya

“Normand dördlüyü” bu dəfə Parisdə keçiriləcək

Ukraynanın şərqində rus separatçılarla hərbçilər arasında döyüşlər ara vermir

Cavid

Ukraynanın Mariupol şəhərinin yaxınlığında yerləşən Şirokino yaşayış məntəqəsində separatçılarla Ukrayna hərbçiləri arasında döyüş gedib. Bu haqda məlumatı "İntefaks-Ukrayna" agentliyi yayıb. "M" sektorunun mətbuat xidmətinin rəhbəri Dmitri Çalıy deyib ki, separatçılarım məqsədi Şirokinonu ələ keçirməkdir.
"Döyüş yerli vaxtla saat 15.15-də başlayıb. Düşmən artilleriyadan atəş açdı, bizim artilleriya isə cavab vermədi. Biz yalnız atıcı silahlardan istifadə edirik", - deyə Çalıy bildirib.
Qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri Eduard Basurina deyib ki, separatçıları ağır silahlarla təchiz ediləcək. Basurina iki gün davam edən iş nəticəsində ordunun ağır silahlarla təchiz edilməsi planının hazır olduğunu bildirib.
Bu arada məlumat yayılıb ki, Ukrayna ordusu və Rusiyameylli separatcılar atəşkəs razılaşmasına uyğun olaraq, ağır hərbi texnikanı cəbhə xəttindən geri cəkməklə bağlı razılığa gəliblər.
Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin sözçüsü Petro Kanonik bildirib ki, proses fevralın 22-dən başlayaraq iki həftə davam edəcək.
Bu gün isə Parisdə "Normand dördlüyü"nün növbəti görüşünün keçiriləcəyi bildirilir.
Görüş bu dəfə xarici işlər nazirləri səviyyəsində baş tutacaq. Rusiya, Almaniya, Ukrayna və Fransa rəsmiləri Ukraynadakı son vəziyyəti müzakirə edəcəklər. Görüşün hansı nəticələr verəcəyi isə məlum deyil. Politoloq Ərəstun Oruclu görüşün nəticələri barədə açıqlama verərkən deyib ki, ilk növbədə Rusiyadan öz separatçı dəstəsini Ukraynadan geri çəkməsi istəniləcək: "Normand dördlüyü"nün yeni anlaşmasını kobud şəkildə pozdular.
Əslində, komanda verən Rusiyadır. Rusiya bununla göstərmək istəyirdi ki, həmin qondarma hakimiyyətin danışıqlar prosesinə cəlb olunmaması sabitliyə təminat vermir. Rusiya "Normand dördlüyü"ndə olan digər ölkələrin danışıqlarda iştirak etməsini istəmir. Qərb Rusiyanı bir daha inandırmağa çalışacaq ki, üzərinə götürdüyü öhdəliklərə əməl etsinlər. Olmayacağı təqdirdə isə Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək".
Politoloqun sözlərinə görə, Ukraynanın silahla təmsil olunması məsələsinin reallaşması istisna edilmir: "Bu məsələdə həlledici rolu ABŞ oynayır. Bir müddət əvvəl Ukraynanın silahlandırmasına Avropa ölkələri etiraz edirdi. Görünür, bu prosesin baş tutmaması ona gətirib çıxaracaq ki, ABŞ işə qarışmalı olacaq.
Vəziyyət Balkan prosesinə doğru gedir. Bosniyada serb terrorçularından istifadə edilərək müsəlmanlar qırılırdı. Avropa ölkələri də danışıqlar aparmaq tərəfdarı idi. Bu danışıqlara ABŞ etiraz edirdi. Bildirirdi ki, bunun nəticəsi yoxdur. Danışıqlar aparıldı və heç bir irəliləyiş baş vermədi. Əksinə müsəlman soyqırımı davam etdi. Sonradan NATO qərar verdi ki, ABŞ-ın təkidi ilə serb qüvvələri o separatçıları bombalamalıdı. Məhz bundan sonra münaqişə bitdi. Ukraynada bu hadisəni təsdiq etmək çətindir. Tərəf olaraq, münaqişədə söhbət Serbiya kimi zəif ölkədən deyil, Rusiya kimi ektsremist ölkədən gedir. Sözügedən məsələdə ən azı Ukraynanı silahlandırmaq mümkün olacaq ".
Millət vəkili Vahid Əhmədov isə Putinin sonuncu prezidentlik dönəmindən etibarən Rusiyanın xarici siyasət kursunun olduqca aqressivləşdiyini vurğulayıb: "Rusiya dövləti son vaxtlar, xüsusilə də Putinin prezidentliyi dönəmində aqressiv-işğalçı siyasət yürütməkdədir. Rusiyanın xarici siyasətində çox ciddi dəyişiklik edilib. Xüsusilə də, Avrasiya İttifaqının yaradılması, Gömrük İttifaqının təşkil edilməsi, bəzi dövlətlərin bu qurumlara cəlb edilməsi və s. bütün bunlar ondan ötrüdür ki, Rusiyanın öncüllüyündə hansısa yeni bir ittifaq formalaşdırsınlar. Əlbəttə, Rusiya yaxşı bilir ki, Ukrayna güclü, önəmli bir dövlətdir. Ukrayna həm Avropa, həm də Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də Ukraynada bu hadisələri törətdilər. Yəni Ukrayna birmənalı şəkildə Qərbə üz çevirəndən sonra Rusiya ona qarşı məlum siyasətə əl atdı. Lakin hesab edirəm ki, bu problemlər gec-tez öz həllini tapacaq. Ukrayna müstəqil, Avropaya inteqrasiya edən bir dövlət kimi öz fəaliyyətini genişləndirəcək. Bütün beynəlxalq aləmə qarşı müharibə aparmaq olmaz. Bu bir reallıqdır və Rusiya da gec-tez bu reallığı qəbul etməli olacaq".
V.Əhmədov Rusiyanın Çin və Hindistanla yaxınlaşmaq siyasətini də şərh edib. Millət vəkilinin sözlərinə görə, bu gün bəzi şəxslər Rusiya-Çin-Hindistan üçlüyünün ABŞ-Avropa ikiliyinə bərabər rəqib kimi dəyərləndirir ki, bu da tamamilə yanlışdır:
"Son günlər Rusiyanın bəzi Asiya ölkələri, xüsusilə də Çin və Hindistanla Avropa və Amerikaya qarşı birliklər yaratdığı ilə bağlı fikirlər səslənməkdədir. Bəziləri bunu həqiqətən də Avropa və ABŞ-a qarşı layiqli güc mərkəzləri hesab edir. Lakin mən sizin diqqətinizə bəzi faktları, statistik rəqəmləri çatdırmaq istəyirəm. Hansı ki, bu rəqəmlər bütün tərəflərin malik olduğu həqiqi gücü ortaya qoyur. Baxın, Amerikanın ümumdaxili məhsulu 17 trilyondur. 16 trilyon isə Avropanın ümumdaxili məhsuludur. Bu, bir yerdə 33 trilyon edir. Çinin ümumdaxili məhsulu 9 trilyondur. Rusiyanınkı isə 2 trilyondur. Bunlar bir yerdə 11 trilyon edir. 3 dəfə ABŞ və Avropanın ümumdaxili məhsulu Rusiya və Çinin ümumdaxili məhsulundan çoxdur. ABŞ və Avropa inkişaf etmiş, öz iqtisadiyyatlarını qurmuş dövlətlərdir. Bu dövlətlərə qarşı hansısa bir cəbhə açmaq çətin və problemli bir məsələdir".