Ukraynanın şərqində gərginlik artır Dünya

Ukraynanın şərqində gərginlik artır

Rusiya Donbass bölgəsində hərbi əməliyyatları bərpa edir

Cavid

Ukraynanın Donbass bölgəsində atəşkəsin ciddi şəkildə pozulması müşahidə edilir. "Censor.net" portalının verdiyi məlumata görə, Ukrayna Anititerror Mərkəzi ötən sutka ərzində separatçı qüvvələr tərəfindən 95 dəfə atəşkəsin pozulduğunu açıqlayıb: "Bu, Minskdə əldə edilmiş atəşkəs razılaşmasından əvvəlki səviyyə ilə eynidir. Düşmən artıq ağır və reaktiv artilleriyadan atəş açmaqdan da çəkinmir və bizi cavab atəşinə təhrik edir".
Ukrayna ordusunun Donetsk şəhəri ətrafındakı Avdeyevka şəhərində, Peski, Opıtnoye, Vodyanoye kəndlərində yerləşən mövqeləri daha çox atəşə məruz qalıb. Mariupol şəhəri yaxınlığındakı strateji əhəmiyyətli Şirokino kəndi isə son günlər separatçıların aramsız hücumları ilə üzləşir. Mayın 3-də axşam və 4-nə keçən gecə kənddə 6 saat döyüş gedib. Ukrayna qüvvələri hücumları dəf ediblər. Qarşıdurma zamanı 7 hərbçi yaralanıb, 1-i isə həlak olub.
Ali Radanın deputatı İqor Mosiyçuk baş verənləri hərbi əməliyyatların aktiv mərhələsinin yenidən başlanması kimi qiymətləndirib: "Rusiyalı silahlılar bütün şərq cəbhəsi boyunca bizim ordunun mövqelərini "Qrad" qurğuları, qaubitsa və digər ağır silahlardan atəşə tutur. Şirokinoda hücuma keçiblər, Peski rayonunda da vəziyyət yaxşı deyil. Müdafiə Nazirliyi, Baş Qərargah və ali baş komandan niyə susurlar, mənə maraqlıdır".
Xatırladaq ki, bu il fevralın 11-12-də Minskdə Pyotr Poroşenko, Vladimir Putin, Angela Merkel və Fransua Olland arasında aparılan danışıqlarda atəşkəs haqqında razılıq əldə olunub.
Bu arada Rusiyanın MDB məkanı ölkələrini hələ də qorxuda saxlamaqda davam etdiyi söylənilir. Xarici mətbuatın yazdığına görə, Kreml hərbi gücünü bu dəfə Pribaltika respublikalarına göstərmək niyyətindədir. Belə ki, Rusiya hərbi gəmilərinin Latviya sahillərində peyda olduğu bildirilir. Latviyanın Milli Silahlı Qüvvələri öz Twitter səhifəsində bildirib ki, mayın 3-nə keçən gecə Latviya hərbçiləri Latviya sərhədləri yaxınlığında Rusiyanın hərbi gəmilərini və sualtı qayığını identifikasiya ediblər.
Bundan başqa, sərhəd zonasında "AN-22" rus hərbi nəqliyyat təyyarəsi qeydə alınıb. Desant gəmisi və kiçik qayıq əleyhinə gəmi Latviyanın müstəsna iqtisadi zonasında, dövlət ərazi sularından 5 dəniz mili aralıda yerləşirmiş. Rusiya təyyarəsi ərazi sularının xarici sərhədi yaxınlığında Baltik dənizi üzərində uçuş həyata keçirirmiş. Latviyanın Milli Silahlı Qüvvələrinin məlumatına görə cari ildə Rusiya hərbi texnikası 42 dəfə Latviya ərazi sularının yaxınlığında qeydə alınıb. Keçən il Rusiya hərbi gəmiləri və təyyarələri Latviya sərhədinə 250 dəfədən çox yaxınlaşıb. Ukraynalı jurnalist Andrey Çaplienko bildirib ki, Ukrayna ərazisi Rusiyanı maraqlandırmır. "Əgər Ukrayna ərazisi Rusiyanı maraqlandırsaydı, Krımda dayanardı, çoxdan Luqansk və Donetskin müstəqilliyini tanıyardı. Rusiya münaqişənin davam etməsində maraqlıdır", - Çaplienko qeyd edib.
Rusiyalı politoloq Vitali Arkov isə öz Feysbuk səhifəsində yazıb ki, ABŞ və Avropa İttifaqı anlayır ki, Rusiyanı hərbi yolla məğlub etmək olmaz.
Onun sözlərinə görə, artıq Rusiyanın cənubundakı islam probleminə Ukrayna da əlavə olunub:
"Bunun üçün zəiflətmə və ölkənin ayrı-ayrı əsas regionlarının Rusiyadan ayrılması yolu seçilib. Yeni coğrafi vəziyyət gərək ticarət planlarına əsasən reallaşdırılsın. Bununla da Rusiya həmişəlik olaraq böyük güc anlayışını itirmiş olacaq. Artıq Rusiyanın cənubunda mövcud islam təhlükəsinə Ukrayna Təhlükəsizlik Xidməti və Ukraynanın millətçi qrupları da əlavə olunub".