Ermənistanda sosial partlayış gözlənilir Dünya

Ermənistanda sosial partlayış gözlənilir

Erməni deputat: "Biz sındırılmışıq"

Cavid

Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşması ölkəni sosial partlayış astanasına yaxınlaşdırır. Erməni iqtisadçılarının dediyi kimi, enerjinin bahalaşması respublikada qarşısı alınmaz vəziyyətə gətirib çıxaracaq.
Deputat Vardan Bostançıyan bildirib ki, elektrik enerjisinin bahalaşması onsuzda bərbat gündə olan insanların vəziyyətini daha da pisləşdirəcək, gündən-günə böyüyən, ölkədən qaçıb getməyə, canını qurtarmağa çalışanların miqrasiyasına imkan yaradacaq.
Onun sözlərinə görə, elektrik enerjisinin bahalaşmasının nəticələri kədərli olacaq. Rəsmi məlumatlara görə, Ermənistanda kasıbların sayı çox böyük faizə çatıb, əhalinin əhəmiyyətli hissəsi dolana bilmir, gündəlik problemlərinin həll etmək gücündə belə deyil.
O vurğulayıb ki, qaz və elektrik enerjisi təchizatı sisteminin müasirləşdirilməsinə ehtiyac duyulur. Təbii ki, bu, maliyyə tələb edir. Amma, pul yoxdur. Sual yaranır, bu hədəflərə ayrılmış vəsaitlər hara gedib?
İqtisadçı deputat deyib: "Biz sındırılmışıq. Başqa çıxış yolumuz belə yoxdur. Bahalaşma çox pis nəticələrə gətirib çıxaracaq. Çünki ölkə qarşısında energetika təhlükəsizliyinin təminatı problemi durur. İndiki hakimiyyətin isə buna gücü və marağı yoxdur. Bir sözlə, enerjinin bahalaşması halında vəziyyət qarşısı alınmaz olacaq. Həmçinin, bu, birmənalı şəkildə əhalinin xaricə su kimi axanına imkan yaradacaq."
Maraqlıdır ki, ölkənin təbii ehtiyatlar və energetika naziri Yervand Zaxaryan elektrik enerjisinin bahalaşmasına haqq qazandırıb, bunun təbii sifariş olduğunu söyləyib.
O jurnalistlərin tutarlı sualları qarşısında acizlik göstərib və bildirib ki, qiymət artımının çoxluğu başqa məsələdir. Burada qərarı Taarif Komissiyası verir. Bizlik bir şey yoxdur. Bu, bizim üçün faydalı təcrübədir.
Xatırladaq ki, hazırda Ermənistanda əhali üçün elektrik enerjisinin 1 kVt/saat üçün gündüz qiyməti 41,85 dram, gecə isə 31,85 dram təşkil edir. "Ermənistan Elektrik Şəbəkəsi" qiymətlərin 48 dramdan 58 dramadək qaldırılması təklif olunur.
Onu da qeyd edək ki, Ermənistan prezidenti Sarkisyanın klanının əhaliyə yalan danışdığı, ölkədən qaçanların sayının isə getdikcə artdığı da bildirilir.
Dünya mediası da işğalçı ölkənin düşdüyü ağır durum haqqında tez-tez materiallar yayımlayır. Ölkə qəzetlərində də Ermənistanda sosial-iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı barədə yazılar dərc edilir. "Ölkədə orta aylıq əmək haqqı çox aşağı səviyyədədir. Bu gün Ermənistanın mövcudluğu xarici yardımdan asılıdır. Erməni diasporu ölkəyə milyonlarla dollar yardım edir, əhalinin böyük hissəsi xaricdəki qohumlarından göndərilən vəsait hesabına yaşayır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəyə xaricdən göndərilən pullar yerli iqtisadiyyatın gəlirlərindən çoxdur",- deyə qeyd olunur.
Erməni mediası, həmçinin yazır ki, Yerevan şəhərinin böyük bir hissəsi köhnə, əldən düşmüş binalardan ibarətdir. "Sovet dövründən qalma avtomobillər ölkədə atmosferin çirklənmə prosesini daha da sürətləndirir. Ölkənin bəzi regionlarında su çatışmazlığı problemi yüksək həddədir. Ermənstanda demokratiyanın vəziyyəti ilə də bağlı ciddi problemlər yaşanır. Bu ilin əvvəllərində həmin problem özünü bir daha nümayiş etdirdi. Hakimiyyət prezident seçkiləri zamanı müxalifətə qarşı kütləvi zor tətbiq edir",- deyə yazıda bildirilir.
Erməni mətbuatının yazdığına görə, Ermənistanda istehlak qiyməti 2015-ci ilin mart ayında keçən ilin mart ayı ilə müqayisədə orta hesabla 6% artıb. Amma bu, rəsmi rəqəmlərdir. Əslində, isə vəziyyət daha ağırdır.
Kabab yemək istəyənlər adi qəlyanaltıda buna 8% artıq pul ödəməlidir, küçə kafesində isə bir fincan qəhvə 15% bahalaşıb.
Ermənistandan 12 aylıq inflyasiya bütün əndazələri aşıb. Bu təbii ki, əhalinin həyat səviyyəsinin pisləşməsinə səbəb olacaq. Hətta rəsmi göstəricilərə görə belə Ermənistanda yoxsulların sayı həddindən çoxdur.
Amma Sarkisyanın inhisarında olan mətbuat əhaliyə ürək-dirək verməkdə davam edir və bildirir ki, Avrasiya İttifaqının başqa ölkələrində vəziyyət daha pisdir. Çünki Rusiyada illik inflyasiya 17%-ə yaxındır.
Belarusda da istehlak mallarının qiyməti artıb. Eyni mənzərə Qazaxıstanda da müşahidə edilir. Avrasiya İqtisadi İttifaqı ölkələrində orta illik inflyasiya göstəricisi hazırda 15% təşkil edir.
Çətin ki, milli statistika xidmətinin və yerli mətbuatın gəvəzəliyi əhalini inandıra bilsin. Axı insanlar Rusiyada və Belarusda deyil, yaşamaq üçün bir tikə çörək tapmağın çətin olduğu Ermənistanda yaşayırlar. Halbuki, Rusiya və Belarusa üz tutan erməni əmək miqrantlarının axını gündən günə güclənir.
"İndi Ermənistanda gündəlik ailə başına 150 qram taxıl, orta dörd nəfərlik ailəyə isə aylıq 80 dollar qazanc düşür. Bir adamın aya 20 dollar qazanc gətirməsi ölkənin süqutunun artıq çoxdan başladığının göstəricisidir. Ermənistan aclıq şkalasından da aşağıdadır". Bunu erməni müxalifətinin liderlərindən olan, politoloq Qagik Sarukyan deyib. Sarukyan bildirib ki, keçid dövrünün ən ağır vaxtlarında belə işğalçı ölkədə dolanışıq səviyyəsi bundan xeyli yaxşı olub: "Doxsanıncı illərin ortalarında insanların yaşayış səviyyəsi bundan qat-qat yaxşı idi. İnsanlar ac qalmırdı. Kəndlərdən şəhərə köç bu qədər deyildi. İndi kəndlərdən imkanı olan Yerevanın bazarlarında fəhləlik etmək üçün gəlir".
Göründüyü kimi, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib. Azərbaycan isə iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Ölkəmizin malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatların nəticəsində respublikamızın sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevrilməsi, xalqımızın milli maraq və mənafelərini daha etibarlı səviyyədə təmin etməsi, Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə heç bir şübhə yeri qoymayıb.