Gülən AKP ilə münasibətlərinə aydınlıq gətirdi Dünya

Gülən AKP ilə münasibətlərinə aydınlıq gətirdi

Seçkilərdən sonra onun tərəfdarlarına qarşı "təmizləmə" kampaniyasına başlanılacaq

Cavid

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Türkiyədəki camaatın lideri Fətullah Gülən uzun müddətdir davam edən sükutdan sonra "Zaman" qəzetinə müsahibəsində "Ərgenokon" əməliyyatı zamanı həbs olunanların azadlığa çıxmasına münasibət bildirib. O, qanun və hüququn tərəfində olduqlarını bildirib.
Qeyd edib ki, Ergenokonçular təxliyə olunsalar da, məhkəmələri davam edir: "Hüququn qərarını hörmətlə qarşılamaq lazımdır. Biz həmişə belə olmuşuq, bundan sonra da belə olacağıq".
F.Gülən hazırda Türkiyədə camaata qarşı edilənlərə sərt münasibət bildirib: "Bu cür münasibətləri dəfələrlə yaşadıq. 12 mart işində "dövlətə sızmaq" ittihamı ilə 6 ay yarım həbs verilir. 163-cü maddə rəhmətlik Özal tərəfindən ləğv edilənə qədər gilyotin kimi müsəlmanların başı üzərinə idi. 12 sentyabrdan (1980) başlayaraq, 6 il təqib edildim. Amma bu gün hərbi çevrilişlərdə gördüklərimizdən 10 qat pis münasibət görürük".
F.Gülən "Fənərbaxça" futbol klubunu camaatın alacağı ilə bağlı deyilənləri də təkzib edib. Bunu ümumiyyətlə anlamadıqlarını bildirib. O, Türkiyə ictimaiyyətinə mesaj olaraq bildirib ki, izah edə bilmədikləri hər şeyi camaata yıxmaq kimi bir refleks var.
Samaat lideri 17 dekabr əməliyyatından sonra baş verənlərə də münasibət bildirib: "Dostlarımızın demək olar ki, hamısı vəfalı çıxdı. Hətta bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı. Amma könül hər kəsin belə davranmasını istəyir. Bəzən bu gözlənti tam reallaşmır. Yaşı ötmüş, gün görmüş bəzi dostlarımızın haqpərəstlik adı ilə ortaya çıxıb bir şeylər deməsini gözləməyə haqqımız varmı, bilmirəm. Amma ən azından bunu demək istəyirəm: yaxşı günün dostu olmağı bəzi insanlara yaraşdırmadım. Fəqir (özünü nəzərdə tutur-red) üçün canını verməyə hazır olduğunu deyən bir insan vardı. 12 martdan sonra həbsdən çıxdıq, Bozyaka Yurdunu yeni yaradırdıq, bunları tamamlayaq dedim. "Xocam Allah eşqinə məni qarışdırmayın" demişdi. Belə çətin dövrlərdə hər kəsin xarakteri qədər yolundan sapmaması lazımdır".
Daha sonra o, Ərdoğanın onun haqqında fikirlərinə də reaksiya verib: "O cür ağır sözləri heç əhli-küfür də işlətməyib. Eyni qibləyə yönəldiyimizi düşündüyümüz insanların bu cür rəfatarı əlbəttə çox ağırdır. "Bu da keçər yahu" deyərək səbr etməkdən başqa əlimizdən bir şey gəlmir...
Belə çətin dövrlərdə özünü itirməmək çox önəmlidir. Hər kəs öz xarakteri qədər. İnciməmək lazımdır. Kim başını önə əyəcək, kim utanacaq, onsuz da o biri dünyada məlum olacaq...
Biz bizə olan haqqı halal etdik. Yeddi cahan eşitsin. Amma təcavüz edilən şeylərdə dinin haqqı varsa bu müqəddəs əmanətdir...".
Qeyd edək ki, bir müdətdir Türkiyə hökuməti ilə Fətullah Gülənin liderlik etdiyi "hizmət" hərəkatı arasında soyuq müharibə davam edir.
Onu da bildirək ki, bir neçə gün öncə Türkiyənin tanınmış ilahiyyatçılarından olan Ahmet Tekinin xəbər kanallarının birində Fətullah Gülən camaatı ilə bağlı açıqlamaları o dərəcədə ciddi rezonans doğurdu ki, bunu yazılı KİV də öz səhifələrində sensasiya kimi təqdim etdi. Professor gülənçilərin İslam dininə paralel din yaratmaq istəyi, bunun isə Vatikan, ABŞ və Kilsələr Birliyi tərəfindən dəstəkləndiyi iddiası ilə çıxış etmişdi. A.Tekinə görə, fətullahçıların yaratmaq istədikləri din Müsəlman Xristianlıq və ya Xristian Müsəlmanlıq adını alacaq.
O, bildirirdi ki, Gülən camaatının ən əsas hədəfi Türkiyəni xristianlaşdırmaqdır. Onun sözlərinə görə, gülənçilər öz məqsədləri naminə az qala Qurani-Kərimi belə təhrif etməkdən çəkinmirlər: "Türkiyədə səkkiz missioner qrupu fəaliyyət göstərir və hamısı da camaatla sıx təmasdadır. Gülən cammatı missioner təşkilatının Türkiyə bölməsi kimi fəaliyyət göstərir".
Gülənin tərəfdarları ilə nurçuları birləşdirən bir ideya var. Hər iki tərəf hesab edir ki, dünyada İslam bir din kimi mütləq qələbə çalacaq. Bildirilər ki, bu marifçiliyin, biliyin çərçivəsində baş verəcək. Yəni, onlar zorakılığı rədd edirlər. Hesab edirlər ki, insan şüurlu şəkildə, könüllü islamı qəbul etməlidir. Ancaq aralarındakı fərqlər də çoxdur.
Nurçular Nursini "Bədiüz zaman" adı ilə anır və dini məsələlərlə bağlı çıxışlarında, şərhlərində Nursiyə istinad edirlər. Fətullah Gülən isə söhbətlərində Nursiyə çox istinad etməməyə üstünlük verir.
Nurçu qrupların hamısında "Risaleyi-Nur" külliyyatı Quran və Sünnədən sonra əsas istinad mənbələrindən biri kimi çıxış edir. Onların Quranı anlamaq üçün Nursinin əsərlərinə müraciət etdiklərinə dair də bilgilər var. "Gülən camaatı" isə Fətullah Gülənin əsərlərinə daha çox müraciət edirlər.
S.Nursinin davamçıları "nurçu" olaraq xatırlanmaqdadırlar və bu onları heç vaxt narahat etməyib. F.Gülən isə "nurçu" olaraq xatırlanmağı hər fürsətdə rədd edir. Bir əsərində "həyatımda, Şərqdən və Qərbdən bir çox tarixçi, ədəbiyyatçını oxuyub, onlardan istifadə etdiyim olub və Səid Nursi də bunların ən öndə gələnlərindən biridir. Ancaq onun özünü görməmişəm. Digər tərəfdən, həyatımda "çi", "çu" kimi bir qrupa aidiyyət ifadə edən sözləri heç istifadə etmədim" - deyərək, "nurçu" olaraq xatırlanmaqdan duyduğu narahatlığı dilə gətirir.
S.Nursi həbs və sürgünlərə düşməsinə baxmayaraq, başqa ölkərə mühacirət etməyib və bunu doğru saymayıb. Nursidən sonra gələn davamçıları da bu ənənəyə sadiq qalıblar.
Bu gün bir çox ölkələrdə gülənçilərin əsas fəaliyyəti məktəb, universitet kimi təhsil müəssisələri açaraq, burada öz məqsədləri üçün dinlər və mədəniyyətlərarası dialoq adı altında fəaliyyətləri həyata keçirməkdir. Hərəkatın müxtəlif vəqf və dərnəkləri, mətbuat sistemləri, xəstəxanaları və maliyyə təşkilatları, biznes strukturları da mövcuddur. Bu isə məhz onu deməyə əsas verir ki, Gülən hərəkatının həyata keçirdiyi fəaliyyətlər missionerlik anlayışına daha yaxındır.
Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə eksperti Henri Barkey isə belə bir iddia ilə çıxış edib ki, Türkiyədə 30 mart seçkilərindən sonra Fətullah Gülən tərəfdarlarına qarşı "təmizləmə" kampaniyasına başlanılacaq. O, ABŞ rəhbərliyinin artıq Ərdoğana olan bütün ümidini itirdiyini bildirib: "Ərdoğan artıq öz güvənini itirib. ABŞ da bunu yaxşı anlayır. O, seçkilərdə qələbə qazansa, hətta prezident olsa belə, daha heç bir zaman xarizmatik lider ola bilməyəcək. Fətullah Gülənlə bağlı Ərdoğanın ABŞ-dan hesab tələb etməsi məntiqsizdir. O zaman ABŞ-a Fətullah Gülənin burada qalması güvənini verən elə Ərdoğanın özü olmuşdu. Əgər dövlət içində dövlət var idisə, niyə o zaman dinmirdiniz?"
Ekspert həmçinin Fətullah Gülənin CHP-yə böyük dəstək verəcəyini deyib: "Fətullah Gülən seçkilərdə CHP-yə böyük dəstək verəcək. Hər bir cəhətdə bu müşahidə olunacaq. Əgər Ərdoğan yenə qalib gəlsə, o zaman böyük "təmizləmə" kampaniyasına başlayacaq. Bu planı artıq o hazırlayıb".
Ekspert Tərlan Həsənovun fikrincə isə bələdiyyə seçkiləri ərəfəsində Ərdoğanın Gülən camaatına qarşı hücuma keçməsi onun siyasi gedişlərindən biridir: "Təbii ki, Gülən və onun camaatı Ərdoğanı cavabsız qoymadı və bundan sonra da qoymayacaq. Gülənin Türkiyə mediasına verdiyi müsahibə və açıqlamaları Ərdoğana həm də bir mesajdır. Bu mesaj Ərdoğana baha başa gələ bilər. Artıq Gülən Ərdoğandan yetərincə zərbələr almaqdadır. Gülənin zərbəsi isə martın sonunda keçiriləcək bələdiyyə və gələn il keçiriləcək prezident seçkilərində AKP-nin məğlubiyyətinə təkan vermək olacaq. Gülən hələ Ərdoğanla bağlı bir çox məqamları açıqlamayıb".