“Rusiya ilə NATO arasında danışıqlar çatları daha da genişləndirir”-şərh Dünya

“Rusiya ilə NATO arasında danışıqlar çatları daha da genişləndirir”-şərh

“Rusiya ilə NATO arasında danışıqlar Ukrayna böhranının yaratdığı çatları “təmir etmək” əvəzinə, onun çərçivələrini daha da genişləndirir.
Azerforum.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, NATO və Rusiyanın strateji inadkarlığı hərbi-siyasi tabloya müharibə ssenarisini gətirir ki, bunun da fəsadları altından çıxmaq çətin olar: “Rusiyanın NATO-dan tələbi: “Mənim təhlükəsizliyimə zəmanət verən sənədi imzala”.
NATO-nun kontur-arqumenti: “İstənilən ölkə üçün üzvlük qapım açıqdır”.
Bunlar müharibənin nəzəri zəmini üçün əsaslar yaradan bəyanatlardır və tərəflərin aqressiyası gündən-günə güclənir.
Rusiya əlindəki bütün rıçaqları işə salaraq NATO-nu danışıqlar masasında güzəştə məcbur etmək istəyir, eləcə də Qərb Moskva üzərində böyük təzyiq yaradan sanksiya amilini önə çəkir, amma bu, Kremli çəkindirmir.
Tərəflərin əsəb müharibəsi bu dəfə Rusiyanın silahlarını Ukraynadan kənar ölkələrə - İsveçə, Finlandiyaya tuşlamasına gətirib çıxarır.
Əvvəldən də Rusiyanın İsveç və Finlandiyaya qarşı xoş münasibəti olmayıb, çünki bu ölkələr də NATO üzvü olmaq üçün dünyanın ən böyük hərbi təşkilatının “qapısını döyənlərdəndir”.
Rusiya isə NATO ilə danışıqların nəticəsiz qalmasından istifadə edərək Baltik donanmasının potensialını əzələ nümayişi üçün işə salır.
Belə ki, Rusiya Baltik dənizində İsveçin Qotland adası istiqamətində qüvvələr cəmləşdirir və İsveç də adekvat tədbirlər həyata keçirir.
Rusiyanın Kalininqrad eksklavına (Rusiya ərazisidir) dislokasiya etdiyi qüvvələr, ora yerləşdirilən nüvə başlıqlı raketlər Avropanı, NATO-nu qoruxdan faktora çevrilir, çünki bu silahların “X” anında konkret olaraq hansı koordinatlara atəş açacağı barədə aydın təsəvvürlər yoxdur.
Kalininqrada yerləşdirilən silahlar Baltik donanmasına məxsusdur, bu regionun Avropanın burnunun ucunda olması isə situasiyaya əlavə gərginlik verir.
Kalininqrad:
1. NATO üzvü olan Polşa ilə 50 kilometr məsafəyə malikdir,
2. Buradan Polşaya və Litvaya açılan Suvalki dəhlizi (100 kilometr genişlikdə) NATO-nun “yumşaq qarnıdır”,
3. NATO-nun digər üzvləri olan Almaniya, Danimarka, Litva, Latviya və Estoniya, Norveçə təhlükələr yaradır.
Baltik donanmasının Kalininqraddan marşrut alan sualtı gəmiləri zamanla İsveçin dəniz məkanına, havaya qalxan döyüş təyyarələri Baltikyanı ölkələrin hava sərhədlərinə müdaxilə edib ki, bu da Kremlin daha iddialı olduğunu ortaya qoyur.
Rusiyanın Baltik dənizindəki yeni imkanlar qazanması və israrlı davranışları NATO qarşısında dəniz mövqelərini möhkəmləndirmək prioritetləri qoyur.
NATO Baltik dənizi hövzəsində yerləşən üzvlərinin təhlükəsizliyini qorumaq üçün onları silahlandırır, amma bu, Rusiya üzərində əhəmiyyətli üstünlük qazandırmır.
Rusiyanı üstün edən digər cəhət əlverişli strateji coğrafiyada -Kalininqradda – mövqelənməsi və burada hərbi gücünü artırmasıdır.
Rusiyanın indiki davranışlarının hədəfləri budur:
1. NATO-nu danışıqlarda güzəştə təhrik etmək (burada blef də mümkündür)
2. Bu plan baş tutmayacağı təqdirdə, Ukraynaya müdaxilə etmək,
3. Ukraynada məğlub olmaq və istədiyinə çatmamaq riskinə qarşı Baltik dənizində eskalasiya başlatmaq”.