«Məhsəti və Əmir Əhməd» dastanı Hadisə

«Məhsəti və Əmir Əhməd» dastanı

II yazı

Dastan bizə şifahi ənənədə yox, yazılı ənənədə – əlyazmada gəlib çatıb. Bu, o deməkdir ki, biz həmin dastanın yarandığı mühiti və bununla həm də Məhsətinin bağlı olduğu mühiti yazılı ənənə ilə şifahi ənənənin qovuşduğu məkanda axtarmalıyıq. Bu məkan nə sırf yazılı ədəbiyyat məkanı, nə də sırf şifahi xalq ədəbiyyatı məkanı yox, bunları ortaqlaşdıran, hər ikisinin arasında körpü rolunu oynayan, peşəkar yazılı ədəbiyyatla xalqın şifahi ədəbi yaradıcılıq normalarını qovuşduran təkkə-təsəvvüf ədəbiyyatının yarandığı və yaşadığı mühitdir. "Məhsəti və Əmir Əhməd" dastanı bir tərəfdən özünün təsəvvüfi-irfvani simvolikası, digər tərəfdən açıq təhkiyə kodu ilə verilmiş təsəvvüfi epik məkan-zaman obrazları ilə məhz təkkə-təsəvvüf mühitinə bağlıdır. Bu baxımdan, "Gəncəli Məhsətinin yaşadığı, əliqələmli olduğu çağlarda artıq neçə əsr idi ki, təsəvvüf fəlsəfi-dini bir cərəyan kimi söz sənətində dərin rişələr atıb", – deyən akad. R.Hüseynov da təsdiq edir ki, "Məhsəti və Əmir Əhməd" dastanını təsəvvüf modeli üzrə açıqlamaq məqsədəuyğundur.
İkincisi, Məhsəti haqqında bu dastan onun rübailəri əsasında sonradan tərtib olunub. Bunu həm dastandakı anaxronizmlər, həm də Azərbaycan məhəbbət dastançılığı ənənəsi təsdiq edir. Prof. M.Təhmasib Azərbaycan xalq dastanlarının müxtəlif yaranma üsullarından bəhs edərkən göstərir ki, dastanlarımızın bir qismi şəxsən dastan yaratmamış sənətkar aşıq-şairlərin şeirlərinin başqaları tərəfindən dastanlaşdırılması yolu ilə yaradılıb. Alimə görə, bu qrupa daxil olan dastanların yaradılmasında iki üsuldan istifadə olunub:
Birincisi, bədahətən söz demək qabiliyyətinə malik bütün görkəmli aşıqların tərcümeyi-halı müxtəlif əhvalatlar, macəralarla dolu olur. Belə aşıqlar çox gəzir, çoxları ilə görüşüb-deyişir, çox zaman da özünə qürrələnənlər tərəfindən deyişməyə dəvət olunur. Hər belə deyişmə isə bir əhvalat, bir macəra kimi dillərə düşür, rəvayət şəklini alır, hətta ustad aşıqlar "mərd ərənlərin, ustadların başına gəlmiş" bu əhvalatları öz şagirdlərinə bir dərs kimi keçir, əbədiləşdirirlər…
İkincisi, müəyyən bir aşığın, yaxud aşıq tərzində yazan şairin ya xəyali, ya da real sevgilisi haqqında demiş-yazmış olduğu şeirlər aşıqlar içərisində çox bəyənilir, yaddan çıxmasın deyə, dastançılar tərəfindən uyğun bir süjet ətrafında birləşdirilib dastan şəklinə salınır, bu yolla yaşadılır. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mehdi bəy Şəqaqi, Natəvan və digər görkəmli şairlərimizin adı ilə bağlı olan dastanlar bu qrupa daxildir. Çox yaxın keçmişdə yaşamış bu şəxsiyyətlərin özlərinin dastan-poema yazdıqlarını xəbər verən yoxdur. Dastanlar isə var.
Təbii ki, Məhsəti haqqında onun rübailəri əsasında yaradılmış "Məhsəti və Əmir Əhməd" dastanını aşıqlar yaratmasalar da, bu dastanın da yaradılması oxşar şəkildə baş verib. Yəni Məhsəti də bədahətən söz demək qabiliyyətinə malik görkəmli sənətkar idi. Onun da tərcümeyi-halı müxtəlif əhvalatlar, macəralarla dolu olub. Şahın sarayına gedib-gəlir, orada müxtəlif sənətkarlarla qarşılaşır, deyişirdi. Üstəlik qadın olması, bir qadın kimi kişi sənətkarlarla eyni ədəbi meydanda söz güləşdirməsi, dövrünün məşhur sənətkarlarından hesab olunması onu həm yüksək dairələrdə, həm də xalq arasında məşhur etmiş, haqqında ən müxtəlif məzmuna malik əhvalatlar, söhbətlər, rəvayətlər yaranmışdı. Məhz həmin rəvayətlər şairə haqqında sonradan yaradılmış "Məhsəti və Əmir Əhməd" dastanının bünövrəsini və əsas materialını təşkil edib. Digər tərəfdən, "müəyyən bir aşığın, yaxud aşıq tərzində yazan şairin ya xəyali, ya da real sevgilisi haqqında demiş-yazmış olduğu şeirlərin digər aşıqlar içərisində çox bəyənilib, yaddan çıxmasın deyə, dastançılar tərəfindən uyğun bir süjet ətrafında birləşdirilib dastan şəklinə salındığı və yaşadıldığı kimi", Məhsətinin də Əmir Əhməd haqqında, eləcə də əsnafı – sənətkarlar zümrəsini təmsil edən insanlar haqqında söylədiyi xəyali sevgilər haqqında şeirlərin də unudulmaması üçün sonrakı sənətkarlar onları "uyğun bir süjet ətrafında birləşdirib dastan şəklinə salmış və yaşadıblar".
M.H.Təhmasibin bu kontekstdə Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mehdi bəy Şəqaqi, Natəvan və digər görkəmli şairlərin haqqındakı dastanlara işarə etməsi tamamilə səciyyəvidir. Belə ki, bu sənətkarların heç biri özü dastan yaratmasa da, haqlarında dastanlar var. Bu məsələ bizə Məhsəti haqqında yaradılmış dastanla bağlı fikir yürütməyə imkan verir.
Adları çəkilən sənətkarlar həm yazılı ədəbiyyat ənənəsi, həm də şifahi xalq şeiri ənənəsi ilə bağlı olublar. Yəni onlar həm əruzda, həm də hecada yazıb-yaradıblar. Ədəbiyyat tarixində onların yaradıcılığı yazılı ədəbiyyatda xalq şeiri üslubuna aid edilir. Onlar qələm şairləri kimi yazılı əldəbiyyata aid edilirlər. Lakin heca vəznində yazdıqları şeirlərlə həm də el-aşıq yaradıcılığına bağlıdırlar. Əslində bu sənətkarlar yazılı ədəbiyyatla şifahi ədəbiyyatın, əruzla hecanın qovuşduğu ortaq bir məkana aiddirlər. Bu cəhətdən onların ədəbiyyat tarixindəki yeri ilə Məhsətinin yeri arasında bir oxşarlıq var. Məhsəti Xaqani və Nizami kimi yazılı ədəbiyyat nümayəndəsi olsa da, haqqında yaradılmış dastan onun həm də şifahi yarıdıcılıq ənənələri ilə bağlı olduğunu göstərir. Məhsətinin bağlı olduğu bu mühit nə sırf yazılı ədəbiyyat məkanı, nə də sırf şifahi xalq ədəbiyyatı məkanı yox, bunları ortaqlaşdıran, hər ikisinin arasında körpü rolunu oynayan, peşəkar yazılı ədəbiyyatla xalqın şifahi ədəbi yaradıcılıq normalarını qovuşduran təkkə-təsəvvüf ədəbiyyatı mühiti olub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Natəvan təkkə-təsəvvüf sənətkarları olmasalar da, onların yaradıcılığında şifahi və yazılı ədəbiyyat normaları bir-birinə qovuşub. Onların poeziyası bir tərəfdən el-aşıq şeirinə, o biri tərəfdən əruz şeirinə bağlıdır. Əgər bu sənətkarlar heca şeirinə bağlı olmasaydılar, hecada şeir yazmasaydılar, onlar haqqında dastanlar yaranmazdı. Çünki Azərbaycan aşığı özünün bütün tarixi boyunca ağzını yalnız heca üstündə açıb. Azərbaycan aşığı ona yad olan əruz ənənəsini bilmədiyi üçün böyüklüyünü qəbul etdiyi, məşhurluğu önündə baş əydiyi Xaqani, Nizami, Füzuli kimi sənətkarlar haqqında dastan yarada bilməyib. Azərbaycan aşığının Şərq ədəbiyyatı tarixində Nizami tərəfindən məşhurlaşdırılan Leyli və Məcnun haqqında yaratdığı dastanda da nə Nizaminin adı çəkilmir, nə də Füzulidən bircə beyt verilmir. Səbəb odur ki, əruz deyilən ənənə şifahi aşıq yaradıcılığı üçün tamamilə qapalı məkan idi. Təsadüfi deyil ki, Azərbaycan aşıqları Molla Pənah Vaqif, Qasım bəy Zakir, Natəvan haqqında dastanları onların əruzda yazdıqları şeirlər əsasında yox, məhz hecada yazdıqları şeirlər əsasında yaradıblar. Çünki aşıq qoşduğu dastanı sazla ifa edirdi. Azərbaycan aşıq musiqisi sistemində əruz şeirinə uyğun gələn hava yoxdur. Əruz şeirini sazla oxumaq mümkün deyil. Bax, bu məqamda çox maraqlı bir sual meydana çıxır: bir halda ki Məhsətinin fars dilində qoşduğu rübailər, təbii olaraq, əruz vəznindədir, onda bu dastan harada və hansı sənətkarlar tərəfindən yaradılıb?
Dastanı kimlərin yaratması sualının bir tərəfi mübahisəsiz aydındır: "Məhsəti və Əmir Əhməd" dastanı heca vəznini təmsil edən aşıqlar tərəfindən yaradılmayıb. Yəni bu dastanı ağzını qoşma-gəraylı üstündə açan, el məclislərində gecədən sübhədək "Abbas-Gülgəz"i, yaxud "Tahir-Zöhrə"ni, yaxud da "Əsli-Kərəm"i danışıb sona çatdıra bilməyən, qalanını sonrakı gecələrdə ifa edən aşıqlar yaratmayıblar. Bu aşıqlar fars dilində deyilmiş rübailər əsasında dastan yaratmağa qabil deyildilər. Çünki belə bir ənənənin özü onlara yad idi. Lakin belə hesab edirik ki, "Məhsəti və Əmir Əhməd" dastanını ümumiyyətlə, Azrbaycan aşıq yaradıcılığ ənənəsindən ayırmaq mümkün deyil. Çünki bizim fikrimizcə, bu dastanı ağzını el-aşıq şeiri üslubunda, heca vəzni üstündə açan aşıqlar yox, onların təkkə-təsəvvüf ocaqlarındakı sələfləri olan aşiqlər yaratmışdılar.
"Məhsəti və Əmir Əhməd" dastanı həm epik məkan, həm bədii zaman, həm ideya-məzmun, həm də funksional mahiyyətinə görə XI-XVI əsrlərlə bağlıdır. Akad. R.Hüseynovun əvvəldə verdiyimiz fikrinə burada yenidən üz tuturuq. O yazır: "Məhsəti və Əmir Əhməd" dastanının əldə olan nüsxələri XV-XVI yüzillərin məhsuludur. Qənaətim budur ki, XII-XIII yüzillərdə bu əsər daha gerçəkçi bir təhkiyəyə malik imiş".
Demək, tədqiqatçı dastanın yaranma və yazılı şəkildə son qeydə alınma dövrünü XII-XVI əsrlərlə hüdudlandırır. Bu isə aşiqlikdən aşıqlığa gedən yolun birinci mərhələsidir. Digər tərəfdən, XVI əsrin əvvəlindən XVIII əsrin ortalarınadək olan dövrü əhatə edən ikinci mərhələ üçün bu dastan öz əhəmiyyətini itirir. Çünki təsəvvüf modelində və ana dilində milli dövlətçilik ideyalarını reallaşdırmağı qarşısına məqsəd kimi qoyan Səfəvi sarayı üçün onların milli ideologiyasından tamamilə uzaq olan, üstəlik fars dilində qoşulmuş "Məhsəti və Əmir Əhməd" dastanı aktual ola bilməzdi.
Beləliklə, "Məhsəti və Əmir Əhməd"" dastanı XII-XVI əsrlər ərzində yaranıb və yazıya alınıb. Bu dövrdə təsəvvüfün mövcud ortodoksal islami normaların əksinə olan heterodoks dəyərlərini təbliğ edən və bu normalar əsasında həyat sürən, öz əxlaqi-mənəvi dəyərləri, sənətçi-musiqiçi həyat tərzi və davranışları ilə rəsmi ictimai dairələrdə, sarayda və xalq arasında çox məşhur olan, azad ruhlu, humanist fəlsəfi-ictimai ideyaları tərənnüm edən, öz rübai yaradıcılığı ilə dövrünün məşhur sənətkarları ilə bir sırada dayanan şairə kimi haqqında çoxsaylı söz-söhbət, əhvalat, dedi-qodu, lətifə, məcarə, hekayət, rəvayət və s. yaranan Məhsəti təkkə-təsəvvüf ocaqları, xərabatla sıx şəkildə bağlı olub. İctimai ideologiyada zahidlə abidin, rindlə şeydanın, ariflə ruhaninin, sufi ilə üləmanın qarşı-qarşıya durduğu, döyüşdüyü və bu savaşın ictimai həyatın, demək olar ki, bütün səviyyələrini əhatə etdiyi bir dövrdə xərabatla məscid iki döyüşən ideologiyanın qərargahları idi...


Seyfəddin RZASOY,
filologiya üzrə elmlər doktoru