Qəbələdə təlimlər keçirilir Hadisə

Qəbələdə təlimlər keçirilir

Sentyabrın 1-də Qəbələ şəhərində "Sərhəd strukturlarında idarəçilik və rəhbərlik bacarıqlarının artırılması" mövzusunda təlimlərə start verilib.
Avropa İttifaqının,BMT İnkişaf Proqramı və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdiyi "Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi" layihəsinin 3-cü komponenti çərçivəsində təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd sərhəd idarəçiliyini həyata keçirən qurumlarda idarəçilik modellərinin beynəlxalq təcrübələrə əsaslanaraq təkmilləşdirilməsidir. Tədbirdə layihə üzrə tərəf müqabili olan ICMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Avstriyadan olan beynəlxalq ekspertləri tərəfindən keçirilən ikitərəfli təlimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstanın Sərhəd və Patrul Polisi nümayəndələri, BMT İP-nin Azərbaycan və Gürcüstan ofislərinin səlahiyyətli nümayəndələri çıxış ediblər.
Məlumat verilib ki, sərhəd idarəçiliyi orqanlarının əməkdaşları idarəetmə və rəhbərlik vəzifələrinə dair nəzəri biliklərini artırmaqla, bu sahədə motivasiya, birgə fəaliyyət və struktur quruculuğu, idarəçilik üslubu, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsini daha da gücləndirib. Eyni zamanda iştirakçılar bu sahədə ikitərəfli əməkdaşlığa dair beynəlxalq təcrübəni müzakirə edərək onun səmərəliliyi və icra mexanizimləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bildirilib ki, layihə çərçivəsində iki ölkə arasında mövcud quru sərhədinin mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş əməliyyatların keçirilməsi imkanlarının mümkünlüyünün öyrənilməsi və tətbiqi, Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Patrul Polisi arasında əməkdaşlığın gücləndirilməsi, quru sərhəd mühafizə və nəzarət prosedurlarının təkmilləşdirilməsi, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramlarının hazırlanması, müasir infrastrukturun yaradılması və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunması kimi məsələlərin həlli nəzərdə tutulur. Təlimlər sentyabrın 3-dək davam edəcək.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin BMT İP və Avropa İttifaqı ilə birgə həyata keçirdiyi "Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi" adlı layihənin əsas məqsədi regionda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir.