“Taleh Bağırzadənin açıqlamaları Azərbaycan dövlətinə qarşı təhdid xarakterlidir” Hadisə

“Taleh Bağırzadənin açıqlamaları Azərbaycan dövlətinə qarşı təhdid xarakterlidir”

Fazil Mustafa: "Onun başqa ölkənin təsiri ilə və aldığı təlimatlarla bunu etdiyi şübhə doğurmur"

Nardaranda dindarla polis arasında baş verən insidentə Sabuçudan deputat seçilən Fazil Mustafa münasibət bildirib. O, qeyd edib ki, hər hansı ərazidə qanun pozuntusu varsa, hüquq-mühafizə orqanlarının məsələyə reaksiyası labüddür. O qeyd edib ki, bunu siyasiləşdirməyə ehtiyac yoxdur: "Hər hansı yerdə qanunsuz hərəkət varsa, bu cür addımları atmaq polisin vəzifə borcudur".
Deputat Taleh Bağırzadənin açıqlamalarının Azərbaycan dövlətinə qarşı təhdid xarakterli olduğuna diqqət çəkərək onun həbsinin gözlənilən olduğunu qeyd edib:"Onun başqa ölkənin təsiri ilə və aldığı təlimatlarla bunu etdiyi şübhə doğurmur. Ona görə də Azərbaycan dövləti təhlükəsizliyini qorumaq baxımından başqa ölkələrin maraqlarını təmsil edən insanlara qarşı mövqeyini bildirməlidir. Bu məsələdə dövlətin belə reaksiya verməsini normal qəbul edirəm".
Xatırladaq ki, dünən Nardaranda baş vermiş silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir.
APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Atışma zamanı daha bir neçə nəfər isə yaralanıb. Onların arasında polis əməkdaşları da var.