“Milli Şura yenə özünü Nardaran hadisələrinin çətiri altına verir” Hadisə

“Milli Şura yenə özünü Nardaran hadisələrinin çətiri altına verir”

"Azərbaycanın özünü radikal müxalifət adlandıran cinahı işini təsadüflər üzərində qurmağa aludə edib". Bu fikri politoloq Tofiq Abbasov deyib.
O qeyd edib ki, bu qüvvələr cəmiyyətə inteqrasiya etmək əvəzinə kənarda meydan axtarırlar ki, özlərini cəmiyyətin işləri üçün yararlı kimi təqdim etsinlər: "Lakin belə gedişat hər şeyi çılpaqlığı ilə göstərir. Bəlli olan odur ki, Milli Şura yenə özünü Nardaran hadisələrinin çətiri altına verir ki, özünün fəal olması fikrini cəmiyyətə təlqin etsin. Lakin bu kimi partizanlığın sonu puç olacaq".
Onun sözlərinə görə, əvvəla, Nardaran hadisələrinin radikal müxalifətə heç bir dəxli yoxdur. Onlar radikal islamçı qrupun fətvası nəticəsində baş verib, ona görə də ictimaiyyətin dəstəyini almadan söndü: "Digər tərəfdən, radikal müxalifət təsadüfi gərginliyi görüb özünü gərginlik ocağına saymaqla özü üçün siyasi dividend yığmaq istəyir. Ən azı belə davranış Azərbaycan müxalifətinin siyasi cəhətdən müflis olmasını təsdiqləyir".
Politoloqun fikrincə, radikallar əgər vətənə və cəmiyyətə yararlı olsaydılar Nardaranda islamçılarla təmasa girib ölkə qanunlarına, qüvvədə olan Konstitusiyaya sadiq olma fikrini təlqin edərdilər: "Əgər onlar bu kontekstdə heç bir iş görməyiblərsə, deməli dağıdıcı niyyətlərə xidmət edirlər. Çünki yetkin qüvvələr ölkə daxilində sabitliyin saxlanılması və qorunması yolunda hansı mövqedə olmaqlarında, yəni, iqtidar və ya müxalifət cinahında durduqlarından asılı olmayaraq sağlam vətəndaş yanaşması sərgiləyirlər".
T. Abbasovun sözlərinə görə, madam ki, radikal liberallar bu məsələdə gözləmə mövqeyi tutub indi isə özlərini Nardaran hadisələri ilə əlaqələndirmək istəyirlərsə, deməli onlar həqiqətən özgələrin yedəyində getməyi özləri üçün vərdiş ediblər: "Odur ki, Milli Şuranın radikal islamçılara növbəti dəstək aksiyası bir daha göstərdi ki, Azərbaycanın siyasi səhnəsinə iddialarla atılmış müxalif partiya və birliklərin intellektual bazası son dərəcə zəifdir və onlar cəmiyyətə konstruktiv mənəvi-siyasi dəstək vermək iqtidarında deyillər".