“Gec-tez hər şey aydınlaşmalıdır” Hadisə

“Gec-tez hər şey aydınlaşmalıdır”

Natiq Abdullayev: "İstəmirəm ki, bir qrup insana görə Nardaranın adı pisə çəkilsin"
"Nardaranda stabillikdir, amma evlərdə axtarışlar davam etdirilir. Bəzən ayrı-ayrı şəxslər hüquq mühafizə orqanları tərəfindən aparılır, dindirildikdən sonra evinə buraxılır. Hər halda, bunun təhlükəsizlik tədbirləri ilə bağlı olduğunu güman edirəm".
Bu haqda Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.
O qeyd edib ki, kənddə intensiv işlər gedir: "Mən, şəxsən bildirirəm ki, bu neçə ildə Nardaran kəndində belə bir şey görünməmişdi. "Azəriqaz" və "Azərişıq"ın işçiləri tam şəkildə çalışırlar. Yəqin ki, yaxın müddətdə kəndin qaz və işıq problemi aradan qalxacaq. Sağ olsun, müvafiq qurumlar.
Amma məni düşündürən məsələ başqadır. 42 milyon manat borcun kəndin adına yazılması doğru deyil və bu, yüksək səviyyədə həll olunmalıdır. Nəinki 42 milyon, 1 milyon borcumuz olsa belə, onu vermək iqtidarında deyilik. Camaatın 95 faizi işsizdir. İş yerləri bağlanıb, insanların çoxu da ixtisara düşüb. İnanırıq ki, problem həll olunacaq.
2300 abonent 2 min, 3 min, lap 5 min manat borclu ola bilər. Axı bunların hamısı 42 milyon manat etmir?! Hesab edirəm ki, kimsə bu məsələdə əllərini bir-birinə dolaşdırır. İnanıram ki, borc cənab prezident tərəfindən silinəcək, çünki onu heç kim verə bilməz. Hamı bilsin ki, bizim 42 milyon manat borcumuzun olması mümkün deyil. Həm də istəmirəm ki, bir qrup insana görə Nardaranın adı pisə çəkilsin. Gec-tez hər şey aydınlaşmalıdır. Kənddə hələ də telefon və internet problemi qalmaqdadır. Məktəblər, bağçalar, xəstəxanalar pis vəziyyətdədir. Uşaqlar məktəbə gedir, amma qorxa-qorxa. Postlardakı əli silahlılar camaatda xof yaradır".
Mətbuatda Natiq Abdullayevin həbs edilən təxribatçı qrupla əlbir olduğu, uzun müddət onları himayə etdiyi barədə informasiyalar da yer alıb. İddialara görə, Natiq Kərimov MTN-də əməkdaşlıq etdiyi qurumun etibarını qazandıqdan sonra uzun illər ərzində qəsəbədə cinayətkar şəbəkə quran Taleh Bağırzadə və dəstəsini də öz qanadı altına alaraq, onları hüquq-mühafizə orqanlarının diqqətindən yayındıra və beləliklə, daha rahat fəaliyyət göstərmələrini təmin edə bilib.
Natiq Kərimov iddiaları, sadəcə absurd adlandırır: "Absurd ittihamlara cavab vermək istəməzdim. Bircə onu deyə bilərəm ki, heç vaxt o səviyyəyə düşmərəm. Yazılanların hamısını qeyd etmişəm. İnşallah, problem kökündən tam həll olunduqdan sonra o saytın redaksiyasına gedəcəyəm. Hərəkatdan gələn adamam, islamçıyam, məni hamı tanıyır. Sosial şəbəkədə paylaşılan xəbərə yazılan rəyləri oxudum, bir nəfər də olsun yazmamışdı ki, doğrudur, Natiq agentə oxşayır. Yəqin ki, o sifarişlə yazılıb. Yaxşı ki, məni hələ başqa ölkələrin agenti kimi təqdim etməyiblər. Amma yazmamışdan əvvəl gərək dərk edələr ki, yalan bir ailə üçün nə deməkdir. Əvvəla, MTN Azərbaycanının nazirliyidir, burda utanc gətirəcək heç bir şey yoxdur. Qurumda yüzlərlə, on minlərlə vətəninə, elinə, obasına sadiq olan insan var. Sadəcə, təəssüflər".