"İranın husilərə təsir imkanları xeyli dərəcədə yüksəkdir" Gündəm

"İranın husilərə təsir imkanları xeyli dərəcədə yüksəkdir"

Ənsarullah (Husilər) İran tərəfindən yaradılmış və hər addımı Tehrandan qaynaqlanan bir təşkilatdır. İranın onlara hərbi texnalogiya, silah, maliyyə və strateji dəstək verdiyinə dair çox ciddi dəlillər var. Məsələ İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin dediyi kimi deyil. Yəni "İran idarə edir və yaxud da İranla heç bir əlaqəsi yoxdur" qədər sadə deyil. Doğrudur, husilərin öz rəhbərliyi var və onlar da idarə edirlər. Hərəkatın başında Əbdülməlik əl-Husi dayanır. Qərarların böyük hissəsi Husi rəhbərliyinin siyasi, hərbi və dini strukturları daxilində qəbul edilir. Amma, onların da arxasında çox ciddi İran dəstəyi və təsiri mövcuddur.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Husilər İranın "müqavimət oxunun" ən təsirli bir hissəsi hesab olunur. İran sadəcə olaraq husilərin hücumları ilə bağlı məsuliyyəti öz üzərinə götürməməkdən ötəri onlardan "imtina," edir, desək daha doğru olar. İranın "Husilər üzərində heç bir təsirimiz yoxdur" deməsi reallığa uyğun deyil və məsuliyyətdən uzaq olmaq üçün, "Husilər müstəqildirlər" deyirlər. Bu da İranı siyasi baxımdan birbaşa məsuliyyətdən kənarda qoyur".
Çünki, husilər tamamilə İranın komandanlıq sistemində olan hərbi birlik deyil. Əslində isə husilər İranın ən yaxın müttəfiqidir və paralel olaraq müstəqil aktyordur ifadəsi daha çox həqiqətə uyğunluq təşkil edir. Çünki, husilər İranın kuklası da deyil. Son vaxtlar husilərin Səudiyyə Ərəbistanının neft və hərbi obyektlərinə hücumları bu məsələni gündəmə gətirir və İran bundan dolayı həmçinin Səudiyyə Ərəbistanı ilə münasibətləri tam olaraq qoparmamaqdan dolayı məsuliyyəti özündən kənarlaşdırmağa çalışır. Bu baxımdan İranın husilərə təsir imkanları xeyli dərəcədə yüksəkdir, amma, husilərin müstəqil regional aktyor olması da burda öz sözünü deyir" - o, vurğulayıb.

Cavid