Diaspor təşkilatları – reallıq və perspektivlər Hadisə

Diaspor təşkilatları – reallıq və perspektivlər

Sayın çox olması önəmlidirmi?

Müasir dünyanı diasporsuz təsəvvür etmək qeyri mümkündür. Hər bir ölkənin xarici siyasətinin uğur qazanması, eyni zamanda, ölkə həqiqətlərinin, mədəniyyətinin, tarixinini təbliğ olunmasında əsas yük diapsor təşkilatlarının üzərinə düşür. Hətta böyük dövlətlərin də diasporu var. Amma Azərbaycan kimi ölkələr üçün diaspor daha çox lazımdır. Bir şərtlə ki, təşkilatlarımız güclü olsun və effektli fəaliyyət göstərsin.
Son illər Azərbaycan diasporu müxtəlif mərhələlərdə inkişaf etdi, təşkilatlanma işləri də aparıldı, uğurlu layihələr də var. Amma bütün bu proseslər problemlərlə müşahidə olundu. Təəssüf ki, problemlər aradan qaldırılmadı, buna görə də diaspor təşkilatları arasında narazılıq halları daha da artdı və bəzən bu tendensiya parçalanmalara gətirib çıxardı. Son zamanlar müşahidə olunan bir tendensiya da diqqət çəkir. Azərbaycanın diaspor təşkilatlarının sayının tez-tez qabardılması və bunun uğur kimi təqdim edilməsi. Əvvəllər mediada hər həftədə və yaxud ayda yaranan diaspor təşkilatı haqqında xəbər yayarkən ciddi bir iş barəsində məlumat yaydığımızı düşünürdük. "İsveçdə daha bir Azərbaycan təşkilatı yarandı", "Amerikada təşkilatımız qeydiyyata alındı" kimi xəbər başlıqları getdikcə güclü Azərbaycan lobbisinin fəaliyyətə başlayacağına ümid verirdi.
Ancaq son zamanlar apardığımız müşahidələr və araşdırmalar nəticəsində arzu etmədiyimiz mənzərə ilə qarşılaşırıq. Mənzərə arzuolunan deyil və ciddi fəaliyyət üçün yeni ideyalara ehtiyac var.
Onu da qeyd edək ki, dövlət hər il diaspor təşkilatlarının layihələrini maliyyələşdirmək üçün kifayət qədər vəsait ayırır.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) aldığımız məlumata görə, hazırda dünyada 455 Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib ki, bu az rəqəm deyil. Gəlin görək bu rəqəmə uyğun fəaliyyətlə qarşılaşırıqmı? Ümumiyyətlə, say gücün, uğurun göstəricisi ola bilərmi?
Dünyanın müxtəlif ölkələrində uğurlu fəaliyyət göstərən, yaşadıqları ölkə cəmiyyətlərinə inteqrasiya olunan, geniş əlaqələrə malik, uğur qazanmış soydaşlarımızla söhbətimizdə maraqlı detallar üzə çıxdı. O da maraqlıdır ki, söhbətləşdiyimiz uğurlu iş görmə potensialı olan diaspor nümayəndələrimizin heç biri DİDK ilə əməkdaşlıq etmir.
ABŞ-da fəaliyyət göstərən ilk diaspor təşkilatımız olan Azərbaycan Amerika Cəmiyyətinin rəhbəri Tomris Azəri Diasporla İş üzrə Dövlət Komitəsi ilə işləmədiyini dedi: "Mən, Komitə ilə işləmirəm və bundan sonra da işləməyəcəyəm. Amma bu o demək deyil ki, Azərbaycan üçün çalışmayacağıq. Azərbaycan bizim canımız və qanımızdır. Diasporla İş üzrə Dövlət Komitəsi yaranmazdan və Azərbaycan müstəqilliyini qazanmamışdan öncə də biz, burada vətənimiz naminə çalışmışıq, bundan sonra da elə olacaq. Sadəcə bəzi narazılıq yaradan problemlər var və onlar aradan qaldırılmalıdır".
Tomris Azəri əlavə etdi ki, statistika xatirinə, kağız üzərində və fəaliyyətsiz olan təşkilat dövlətə lazım deyil: "Burada Diaspor Komitəsinin dəstəyi ilə yaradılan 5 cəmiyyət var. Bu təşkilatı idarə edənlərin çoxu nə ingilis dili bilirlər, nə də dünyadan xəbərləri var. Nə bir iş görürlər, nə bir konqresmenlə əlaqə qurub, onlarla danışıb Azərbaycan həqiqətlərini anlada bilirlər. Biz, kənarda və öndə olmaq üçün iş görmürük, fəaliyyət göstərmək bizim vəzifəmizdir. Üzüldüyüm tək şey var, o da diasporumuzun bölünməsidir. Ən yaxşısı diaspora verilən maddi yardımın birdəfəlik ləğv olunmasıdır. Erməni diasporu Ermənistandan, yəhudi diasporu İsraildən pul alırmı? Amma bütün gücləri ilə fəaliyyət göstərirlər".

"1000 gərəksiz insandansa..."

Rusiyada fəaliyyət göstərən Yenises.ru informasiya portalının baş redaktoru Tünzalə Vəliqızı bildirdi ki, kəmiyyətə diaspor təşkilatları kontekstindən yanaşanda bunun birmənalı olaraq uğur göstərici kimi qarşılanması normaldır: "Lakin kəmiyyət olan yerdə rəqabət amilini də nəzərdən qaçırmayaq. Rəqabətin hədəfi doğru təsbit edildikdə orada inkişaf da olur, uğur da. Lakin ölkəmizdən xaricdə milli-mədəni, ədəbi irsimizi yaşatmaq və tanıtmaq nöqteyi-nəzərindən fəaliyyət göstərən diaspor təşkilatlarımız daha uğurlu layihələrə imza atmaqla deyil, daha çox öz aralarında çəkişməklə rəqabət aparırlar. Bu da nəticədə diaspora bir şey qazandırmır. Bizim diaspor təşkilatlarının birləşərək rəqabət aparacaq hədəfi-torpaqlarımızı ilhaq edib, bu gün də yurddan kənarda haqsızlıqlarıyla "haqlı olmağı" başaran - erməni diasporu var. Elə bu aspektdən yanaşsaq, Rusiyada statisik olaraq qeydiyyatdan keçmiş 241 sayda diaspor təşkilatı olduğunu da nəzərə alanda, sayın keyfiyyətə təsir etmədiyinin şahidi oluruq. O statistik rəqəmə "nəyi dəyişməsindən" çox, "nəyi dəyişməməsi" prizmasından baxmaq lazimdir. Bəsit misal olsa da deyim, Jirinovskinin mövqeyini dəyişməsi və ya eksklüziv müsahibə verməsi üçün "tar-kamanla" ona doğru addım atmaq, bizə münasibətin bir anlıq dəyişməsinə nail olmaq deməkdir. Belə ötəri-azmüddətli uğura hesablanan addımlarla çox uzağa gedilə bilinmədiyi də ortadadır. "Sarı gəlin", "dolma" bizimdir, amma təəssüf ki, hələ də Rusiya efirində Qarabağın bizim olmayan kimi göstərilməsi yanlışı ilə üz-üzə durumda olan da bizik".
Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal isə dedi ki, 1000 bacarıqsız insandansa 5 sağlam düşüncəli, fəaliyyət göstərdiyi öləkənin parlamenti, mediası, bələdiyyəsi, QHT-ləri ilə əlaqələrə malik olan diapsor mümayəndələri ilə əməkdaşlıq etmək, onların təşkilatlarını maliyyələşdirmək böyük uğurlara gətirib çıxara bilər: "Belə olduğu təqdirdə nəticə qazanmaq mümkündür. Mən, Diasporla İş üzrə Dövlət Komitəsindən heç bir zaman maddi dəstək almamışam və bunu istəmriəm də".
Almaniyada diaspor komitəsi ilə əməkdaşlıq edən çoxsaylı təşkilatlar var. Onların hər hansı uğurlu layihə ilə yadda qalıb qalmamaları ilə bağlı sualı cavablandlran "burada müasir dünya və ictimai münasibətlər sistemi ilə uyğunlaşan və uğurlu layihələr reallaşdıran ciddi təşkilata rast gəlməmişəm".


Biz nə istəyirik?

Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri Vüqar Abbasov bildirdi ki, məsələyə bir qədər geniş aspektdən yanaşmaq laızmdır: "Öncə onu qeyd edim ki, kəmiyyət hələ keyfiyyət demək deyil. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı təşkilatlarımız ola bilər, ancaq effektli fəaliyyət göstərən təşkilatlarımız o qədər də çox deyil, hər halda müşahidələrim mənə bunu deməyə əsas verir. Əvvala, məqsəd aydın olmalıdır. Bilinməlidir ki, biz nə istəyirik və bu məqsədə çatmaq üçün bizə nə lazımdır? Bax bu "nə lazımdır?" sualına çoxları "maddi vəsait" – deyə cavab verirlər. Əslində haqsız deyillər, maddi gücün olmazsa edə biləcəklərin çox azdır. Ancaq gəlin, bir də baxaq ki, bizim gücümüz nə qədərdir? Hər birimiz böyük planlardan danışa bilərik. Lakin hər kəs özünə baxıb düşünməlidir ki, mən gerçəkdən bunu edə bilərəmmi? Sirr deyil ki, məşğul olduğun sahədə biliyin yoxdursa, sənə nə qədər vəsait ayrılsa belə heç bir şeyə nail ola bilməyəcəksən. Kimsə haradasa Qarabağ məsələsini qaldırırsa, gərək o şəxsin özünün bu problem barədə yetərincə məlumatı olsun. Ermənilərin Qafqaza, Qarabağa nə vaxt və nə səbəbə köçrülməsini bilsin ki, qarşısındakına da bunu anlatmaqda çətinliyi olmasın". V.Abbasov əlavə edib ki, bundan başqa, yaşadığın ölkədə yerli insanların xüsusiyyətlərini bilmən də ən başlıca şərtlərdəndir: "Sən özünü, təşkilatını bu insanlara necə tanıdacaqsan? Aktiv fəaliyyətə gəlincə, çoxlarımız özümüzü aktiv bilirik və passiv də deyilik. Sadəcə bu aktivliyin nəyə hesablanması daha düşündürücüdür ki, bunu da bu işləri kənardan izləyənlər və aidiyyatı şəxslər də görməmiş deyillər. Dəstək vermək fikrini də bir qədər aydınlaşdırmaq lazımdır. Nədir bu dəstək? Necə olmalıdır? Tək maddi dəstəkmi lazımdır? Maddi dəstək nə qədər önəmli olsa da, bəzən bir xoş söz, diqqət ondan daha üstün olur. Gördüyün hər hansı bir işə görə kimlərdənsə, hansısa təşkilatlardan maddi dəstək gözləyirsənsə, başqa sözlə desək, dəstək almaq üçün iş görürsənsə bu artıq iş deyil. Ölkən üçün, millətin üçün etdiyin hər bir işdə səmimi olmalısan. Ancaq xüsusi qeyd etmək istəyirəm ki, maddi vəsaitsiz də çox iş görmək mümkün deyil. Odur ki, iş görüb və daha böyük işlər görmək istəyənlərə və buna potensialı çatanlara dəstək vermək vacibdir. Bəzən deyirlər ki, vətən üçün bunu etmək borcundur və bunu daha çox dövlət idarələrində işləyənlər deyir. O zaman mən də deyirəm ki, onda sən də dövlətdən maaş alma və gəl sən də könüllü bu işlərlə məşğul ol! Olarlarmı? Olmazlar! Bir müğənnini dəvət edirsən ki, gəl Azərbaycanın filan günü ilə bağlı bir tədbirdə çıxış et, elə məbləğ istəyir ki, həmən vəsaitlə nə qədər işlər görmək olar. Yəni vətən hamımızındır, ya hamımız bu işləri könüllü etməliyik, yaxud da özün maddiyyat qarşılığında işləyərkən başqasına ağıl verməli deyilsən. Halbuki təşkilatların bir çoxu maddi dəstəyi özləri üçün deyil, görməli olduqları işlər üçün istəyirlər. Hər bir kəs, təşkilat özü çapında olanlara dəstək verib və yaxın vaxtlarda bunun dəyişəcəyinə də inanmıram".

Say yoxsa, keyfiyyət?


"Qardaşlıq" Macar-Azəri Birgə cəmiyyətinin sədri Ramiz Əmirli isə bildirdi ki, ölkə xaricində cox sayda diaspor təşkilatları yaratmaq heç də güclü lobbi yaratmağımız anlamına gəlmir. Onun fikrincə, ölkə xaricində yaradılan təşkilatların sayı heç nəyi həll eləmir: "Az, amma mükəmməl təşkilatlanmış, planlı şəkildə idarə olunan, lazımi anda, lazımi yerlərdə sözünü deməyi, məqsədinə çatmağı bacaran diaspor təşkilatlarına ehtiyacımız var. Məqsəd say yox, keyfiyyət məsələsi olmalıdır. Çox sayda və fəaliyyətsiz diaspor təşkilatlarının qeydiyyatdan keçməsinin heç bir mənası və əhəmiyyəti yoxdur. Bunu güc və uğur kimi qələmə vermək olmaz. Təbii ki, iş görməyi bacaran insanlarla əməkdaşlıq edilməlidir. Mənim rəhbərlik etdiyim "Qardaşlıq" Macar-Azəri Birgə cəmiyyəti 2011- ci ildən fəaliyyət göstərir, Azərbaycan və Macarıstan dövlətləri arasında münasibətlərin yaranmasında xeyli işlər görmüşük. Mədəni əlaqələrin yaranmasına çalışmışıq, Ayərbaycan, Qarabağın işğalı haqqında bütün lazimi məlumatları Macarıstanda yaymışıq. Qarabağın işğalı haqqında 1993- cü ildə Macarıstan televeziyasının məşhur "Panaroma" verlişinin bir qrup üzvünü başda Dəmətər Giörgi olmaqla Qarabağa səfərinin və mərhum Prezident, ümummilli lider Heydər Əliyevdən müsahibə alınmaslnln təşkilatçısı olmuşam. Onda hec cəmiyyətimiz də yox idi.
Yəni təşkilat yaratmadan da iş görmək olar, təbii ki, əlaqələrin varsa, dil bilirsənsə. Daha effektli işləmək ücün mütəşəkkilliyyimiz vacibdir. Mən, bir diaspor təşkilatının rəhbəri kimi Diasporla İş üzrə Dövlət Komitəsindən hec bir maddi dəstək almamışam. Onlara layihələr həyata keçirilməsi üçün müraciət etsəm də bir nəticəsi olmayib. Bizə az da olsa səfirliyimiz tərəfindən kömək edilir. O da Vilayət Quliyev səfir təyin olunandan sonra...".

Əli Zülfüqaroğlu


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.