“Səs Azərbaycan”ın uğuru Hadisə

“Səs Azərbaycan”ın uğuru

"Talpa" beynəlxalq şirkətinin lisenziyası əsasında AzTV-də yayımlanan "Səs Azərbaycan" layihəsi artıq 5-ci həftəsini arxada qoyub. Bəzi saytlar bu müsabiqənin tamaşaçılar arasında kifayət qədər rezonans və maraq doğurmadığı, onun qeyri-peşəkarlar tərəfindən həyata keçirildiyi, müəlliflərin başqa ölkələrdəki orijinal versiyalara baxmadığı və sair kimi iddialarla çıxış edir. Bütün bunlar isə Aleksandr Qriboyedevin "Ağıldan bəla" əsərinin qəhrəmanının "Bəs hakimlər kimdir?" məşhur ifadəsini xatırladır.
Əvvəla, AzTV rəhbərliyi "Səs Azərbaycan"ın çəkilişini 200 nəfərə yaxın peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu beynəlxalq heyətə həvalə edib. AzTV-nin əməkdaşları isə bu cür layihələrdə çalışmaq təcrübəsini əldə etmək üçün çəkilişlərə cəlb olunublar. Odur ki, bu məqam "yaradıcı heyətin böyük ehtimalla şəxsi tanışlıq və ya şəxsi münasibətlər zəminində seçilməsi" kimi absurd iddianı dərhal rədd edir.
Digər tərəfdən, sosial şəbəkələr və internet müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını sübut edir. Məsələn, yarış başlayandan iştirakçıları təkcə AzTV tamaşaçıları deyil, facebook və youtube vasitəsilə yüz minlərlə istifadəçi izləyir.

Qeyd edək ki, "Səs Azərbaycan" media ilə peşəkar səviyyədə çalışmağa üstünlük verir. Kifayət qədər tanınan və nüfuzlu 1news.az, trend, day.az, milli.az, friday.az, baku.ws, vzqlyad.az, oxu.az, life.az, primetime, urban, myvideo, video.az saytları bu layihənin media-tərəfdaşlarıdır. Təqdirəlayiqdir ki, bu KİV-lər təmənnasız və ödənişsiz şəkildə layihəyə informasiya dəstəyi göstərirlər. Həmin saytların reportyorları "Səs Azərbaycan"ın seçim turlarından başlayaraq bütün çəkilişləri yaxından izləyir və işıqlandırırlar.
Münsiflər heyətinin seçilməsinə gəldikdə isə, bu proses müsabiqənin facebook səhifəsində açıq səsvermə yolu ilə keçirilib. İstifadəçilər daha çox Mübariz Tağıyevə, Faiq Ağayevə, Manana Caparidzeyə və Tünzalə Ağayevə səs veriblər. "Talpa" beynəlxalq şirkəti məhz sosial şəbəkələr vasitəsilə onların nə dərəcədə populyar olduqlarını araşdırandan sonra siyahını təsdiqləyib.
Müsabiqədə klassik estrada, pop və caz musiqisi səslənməli, ustadlar təkcə yerli deyil, həm də dünya musiqisinə dərindən bələd olmalıdırlar. Münsiflərin hər birinin, xüsusilə də əslən gürcü, amma Azərbaycan vətəndaşı olan və müsabiqə boyu Azərbaycan dilində danışmağa çalışan (bu, təqdirəlayiq haldır) Manananın bu sahədə peşəkarlığı heç kimdə şübhə doğurmur. İstisna deyil ki, ustadlara qarşı iradlar daha çox subyektiv xarakter daşıyır. Odur ki, əgər heyətin tərkibi tamamilə başqa müğənnilərdən ibarət olsaydı belə, onları da sevməyənlər tapılacaqdı.
"Səs Azərbaycan"ın hər hansı özünəməxsus xüsusiyyəti ola bilməz. Çünki qaydaları "Talpa" müəyyənləşdirir. "Səs Azərbaycan" isə bu məşhur beynəlxalq layihənin bir versiyası olmaqla elə ilk yarışdan ölkəmizin sərhədlərini aşıb. Ukrayna, Hollandiya və Böyük Britaniya vətəndaşlarının "görmədən dinləmələr"ə qatılması bunu sübut edir.
Öz miqyasına, məna və əhəmiyyətinə görə Azərbaycan teleməkanında ən populyar və baxımlı layihə olan "Səs Azərbaycan"ın yüz minlərlə izləyicisinin olması ona verilən ən dəyərli qiymətdir. Bütün bunların müqabilinldə bəzi media orqanlarında heç bir real fakta əsaslanmayan qeyri-peşəkar mülahizələrin yer alması yalnız təəssüf doğurur.