Ünvansız məktub... Hadisə

Ünvansız məktub...

Arzu Şirinova

Səhər erkəndən qapı döyülür. Tez tələsik yerindən durub, paltarını geyinib qapıya tərəf addımlayır. "Allah xeyir eləsin", deyib dəmir qapını açır. Poçtalyonu görüb təəccüblənir. "Dünən gəlmişdim evdə kimsə yox idi, ona görə də tezdən gəldim ki, məktubu çatdırım", açıqlamasını verən poçtalyon əlindəki məktubu ev sahibinə uzadır. Ev sahibi əlini cibinə salır ki, poçtalyona pul versin, xırdası olmur. Əlinə bir manat keçir. Hecə olsa iki dəfə qapıya qədər gəlib. O da iki-üç manat bu yolla evinə pul apara bilir. Poçtalyon pulu alıb çöhrəsində təbəssüm dil-ağız eləyib gedir...
...Ev sahibi məktubu o tərəf-bu tərəfə çevirib baxır, kimdən olduğunu aydınlaşdıra bilmir. Ehtiyatla məktubu açır və yenə də kimdən gəldiyini anlamır. Və başlayır ünvansız məktubu oxumağa:"Salam necəsən, ay mənim vəfasız övladım. Yəqin oğul-uşaq sahibi olmusan. Onların kefi necədir? 21 il olacaq ki, yolunu gözləyirəm, gəlmirsən. Bilsən sənin üçün necə darıxmışam... Yollara baxmaqdan gözlərimin nuru öləziyib. Bu qış Qubadlıya yamanca qar yağdı. Hər yer ağappaq idi. Bütün eybəcərliklər, dağılan tifaqlarımız qarın altında qaldığından əvvəlki illərdəki kimi xoş təsir bağışlayırdı. Gecələr şaxta olduğu üçün bir müddət qar ərimədi. Bir də ki, kimsə yox idi ki, ayaqlarının ləpiri ilə qarı ayaqlayıb əriməsini tezləşdirsin...
Axşam olanda qulaqlarım çaqqal ulaşmasından, tək-tük it hürüşməsindən batır. Ona görə də Allaha yalvarıram ki, gecələri qısa, gündüzləri uzun eləsin, sən gəlincə.
Məni bu murdarların, qəsbkarların əlində qoyub getdin. Sinəmi dəlik-deşik eləyiblər. O qədər mina basdırıblar ki, saymaqla qurtarmaz. Bilirlər ki, əvvəl-axır gələcəksən. Ona görə də indidən sənə təxribat hazırlayırlar. Minaları təmizlədəndən sonra gələrsən.
Bu yaramazlar Bərgüşadın, Həkərinin balıqlarının kökünü kəsmək üzrədilər. Hə qədər tutub aparsalar da gözləri doymur. O gün eşidirəm ki, deyirlər ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana oradan da Xankəndinə gəliblər. Bizim yerlərin balığı dadlı olduğu üçün tutub onlara pay aparacaqlar. Bu həmsədrlərin də dişlərində şirə qalıb, biri tut arağından xoşlanır, biri balıqdan, o birisi də baldan. Ermənilər 21 ildir ki, arı yeşiklərini dağdan arana, arandan da dağa daşımaqdan yorulmurlar. Tonlarla bal götürürlər...
...Səhərdən axşama kimi Qızıl qayanın daş karxanasından maşın karvanları üzü Gorus istiqamətində elə hey daş daşıyırlar. Hələ bu harasıdır, meşələrimizdə kəsmədikləri ağac yoxdur. Heçə illik qoz ağaclarını qırıb tələf ediblər.
O gördüyün alma, armud bağlarından əsər-əlamət qalmayıb. Yediklərin yeyiblər, kəsdiklərini kəsiblər, baxımsızlıqdan qurumuş yerdə qalan ağaclara od vurub yandırıblar.
Bu qaniçənlər Həsən kişinin atını sağa-sola o qədər işlətdilər ki, axırda dilsiz-ağızsız heyvan onların əllərindən bezib özünü Qara qayadan üzü aşağı atıb intihar elədi. Yazıq heyvan sahibini çox gözləyirdi. Hər gün Sarı yala çıxıb yollara baxırdı. Sonu da belə.
Mən bunları yazıb sənə dərd yükləmək istəmirəm. Bilirəm ki, imkanın olsa gələrsən. Sadəcə ürəyim dözmədi, dedim bir halını xəbər alım. Tez gəl deyə bilmirəm, çünki geriyə dönüş sənin əlində deyil. Ancaq yenə də tezliklə gəlsən yaxşı olar. Sağlıqla qal".
...Qan-tərinin içində yuxudan ayıldı. Gördüyü sadəcə yuxu idi. Hər gün gördüyü yuxulardan biri...
R.S. Bilirəm ki, bu gün ağdamlı da eyni yuxunu görür və dağılan, viran qoyulan Ağdamı yalnız internetdə yerləşdirilən şəkillərdə görür...