
“Azərbaycana qarşı müxtəlif cinayətlər törətmiş Ermənistan vətəndaşlarının məhkəməsi başa çatdı. Ədalət mühakiməsi onlar barədə hökm çıxardı. Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan layiq olduqları cəzaları aldılar. İstintaq onların müxtəlif dövlərdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətdiyini isbat edib. Bu şəxslər Azərbaycana qarşı bölücülük siyasəti aparıb, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirdi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.
E.Cəfərli bildirib ki, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan müxtəlif vaxtlarda Qarabağda qondarma rejimə rəhbərlik etmş, terror və hərbi təxribatlara əmr verən şəxslər olub: “Aylardır davam edən məhkəmə prosesi və çıxarılan qərar dünya birliyinə, Azərbaycanın dostlarına, düşmənlərinə verilən bir mesajdır: Azərbaycana qarşı xəyanət edənlər, cinayət törədənlər, separatçılığıa rəvac verənlər bir gün mütləq qanun qarşısında cavab verəcəklər. Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb, 1994-cü ilin mayın 12-ə qədər davam edib. 6 il ərzində Azərbaycana qarşı çoxsaylı cinayətlər törədilib. Torpaqlarımız işğal edilib, insanlarımıza qarşı soyqırımlar həyata keçirilib. Azərbaycan 26 il dünya birliyindən ədalət gözlədi, lakin o ədalət gəlmədi. Nəyahət, 2020-ci ildə Azərbaycan dövləti təkbaşına ədaləti bərpa etməyə başladı və buna nail oldu. Qarabağ və ətraf rayonlar işğaldan azad olundu, erməni separatizminə son qoyuldu, münaqişəni başladanlar, xalqımıza qarşı cinayət törədənlər ələ keçirilərək Bakıya gətirildi və ədalət mühakiməsinə verildi”.
Siyasi şərhçi vurğulayıb ki, biz ələ keçirilən erməni vətəndaşlarına qanundan kənar davranmadıq, işgəncə vermədik, sadəcə mühakimə etdik və onlar haqq etdikləri cəzanı aldılar: “Baş verənlər azərbaycanlılarla ermənilərin fərqini bir daha dünyaya göstərdi. Biz hüquqi dövlətdə, qanunlarla yaşamağı tərcih etmiş toplumuq, ermənilər isə qonşularla dinc-yanaşı yaşamağı bacarmayan bir toplumdur. Onlar azərbaycanlı əsirlərə və girovlara müharibə qanunlarına zidd olaraq işgəncə verib, bəzilərini məhkəməsiz güllələyiblər. Məsələn, bəzi məlumatlara görə, onlar Milli Qəhrəman Natiq Qasımovu diri-diri yandırıblar. Yeri gəlmişkən, əminəm ki, Natiqin ölüm əmrini verən müharibə caniləri də bir gün Azərbaycanın ədalət mühakiməsinə veriləcəklər. 4 il öncə Xankəndində oturub Azərbaycanı hədələyən Arayik Arutunyan kimi digər Xocalı qatilləri: Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Vitalik Balasanyan da layiq olduqları cəzaları alacaqlar”.
Röya İsrafilova