Halallıq davası Hadisə

Halallıq davası

Qafqaz Müsəlmanları İdarəsi: "Halallıq dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz"

Qafqaz Müsəlmanları İdarəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartının qəbulu, aprelin 1-dən dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə münasibəti və QMİ-nin bundan sonra halal məhsulların istehsalına zəmanət verib-verməyəcəyi barədə APA-nın sorğusuna cavab verib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ uzun müddətdir ictimai maraq kəsb edən, sosial sifariş xarakteri daşıyan qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini açıqlamağı zəruri sayıb.
QMİ bəyan edib ki, hüquqi, dünyəvi dövlətdə yaşayırıq və bütün məsələlərdə olduğu kimi istehsal standartları ilə bağlı məsələdə də dövlət tərəfindən müəyyən edilmiş normativlərin mövcudluğunu qəbul edir: "Biz onun da fərqindəyik ki, istehsal prosesinin bu və ya digər texnoloji şərtlərə müvafiq qurulması, keyfiyyətə nəzarət, sanitar-gigiyenik şərtlərə əməl olunması, baytarlıq nəzarəti - bir sözlə, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə nəzarət birbaşa müvafiq dövlət strukturlarının səlahiyyətindədir. Dövlət qurumlarının hər hansı funksiyasına müdaxilə etmək məramından uzaq olduğumuzdan, halal məsələsi ilə bağlı vacib şəri məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmaq istəyirik. Halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, dövlət tərəfindən müəyyən edilən standartlarla təyin edilə bilməz. Əsrlər boyu qida məhsullarının halallığı şəriətin dəyişməz meyarlarına əsasən ölçülüb və məhz bu meyarlara əsasən müsəlmanlar halalla haram arasında fərqi müəyyən ediblər. Dünyəvi dövlətlərdə bu məsələlərin dini mərkəz və qurumlar tərəfindən müəyyən edilməsi qəbul edilmiş reallıqdır. Digər səmavi dinlərin də qida məhsulları ilə bağlı müəyyən tələbləri mövcuddur ki, bunlar da məhz müvafiq dini mərkəzlər tərəfindən təsbit olunur".