Paşazadə Putinin İŞİD-in kökünü kəsmək siyasətini dəstəkləyir Hadisə

Paşazadə Putinin İŞİD-in kökünü kəsmək siyasətini dəstəkləyir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Şimali Qafqazda səfərdədir.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərinin "Forum" dövlət konsert zalında Kabarda-Balkar Müsəlmanlarının VII Qurultayı keçirilib. Qurultayda Kabarda-Balkar Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədri, müfti və qazı vəzifələrinə seçkilər keçirilib.
Qurultayın işində QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. A. Paşazadə qurultayda çıxış edib. O, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiq edilən RF milli təhlükəsizlik strategiyasını xatırladıb. Həmin sənəddə Rusiya Federasiyası xalqlarının tarixən formalaşmış vahid mənəvi-əxlaqi və mədəni-tarixi dəyərləri sistemi, eləcə də Rusiya Federasiyasının çoxmillətli xalqının özünəməxsus mədəniyyətinin Rusiya mədəniyyətinin ayrılmaz hissəsi olduğu qeyd edilir. QMİ rəhbəri Rusiyanın terrorun, xüsusilə də öz mənfur əməlləri ilə böyük dünya dinlərindən olan İslamın adını ləkələyən, öz zorakılıqları ilə dünya birliyinin gözündə İslamın adının terror, vandalizm və cəhalətlə birlikdə çəkilməsinə səbəb olan "İslam Dövləti"nin kökünün kəsilməsi istiqamətində Rusiyanın səylərini dəstəklədiyini bildirib. QMİ sədri əmin olduğunu söyləyib ki, ekstremizmə və radikallığa yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini təşkilatların birgə səyləri ilə qalib gəlmək olar: "Rusiya Federasiyasının da, Azərbaycan Respublikasının da dövlət siyasəti insanları milli və dini mənsubiyyətlərinə görə ayırmır, məhz buna görə də vətəndaşlarımız arasında nifaq salmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunun zəmanəti isə xalqlarımızın və rəhbərlərimizin müdrikliyidir".
Qurultay başa çatdıqdan sonra A. Paşazadə Kabarda-Balkar Respublikası rəhbərinin administrasiya rəhbəri Muhammed Kodzokovla görüşüb. Həmin gün QMİ nümayəndə heyəti Çerkessk şəhərinə yola düşüb.