Mənfur düşmən dinc əhalini atəşə tutur Hadisə

Mənfur düşmən dinc əhalini atəşə tutur

Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb.
Hadisə dünən günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb.
Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini də reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıblar.
Düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib.
Dünən erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.
Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.
Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.
Ermənilərin atdığı çoxsaylı mərmilər mülki obyektlərə düşüb. Baş verən dağıntılar ermənilərin əsas hədəfinin mülki şəxslər olduğunu, evləri və təsərrüfatları atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istədiyini ortaya qoyur.
İşğalçı ordunun ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. İşğalçı qüvvələr təmas xəttində yerləşən məktəbləri, infrastruktur obyektlərini, mülki maşınları da atəşə tutmaqdan çəkinmir.