Daha bir əsgərimiz şəhid oldu Hadisə

Daha bir əsgərimiz şəhid oldu

Cəbhə bölgəsində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib
Cəbhə xəttində düşmənin təxribatları davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Srağagün isə ordumuz daha bir şəhid verib. Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Atəşkəs rejimi Ermənistanın silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulur. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub. Erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Dünən cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib.
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.
Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və müdafiə naziri Zakir Həsənov qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, dünən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilib və monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.