20:23
868
“Ermənistan tarixən müstəqil və suveren siyasət yürüdən dövlət olmayıb, müxtəlif dövrlərdə böyük güclərin təsiri altında fəaliyyət göstərib”.
Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.
O qeyd edib ki, istər çar Rusiyası dövründə, istərsə də sonrakı mərhələlərdə Ermənistan öz siyasətini müstəqil şəkildə müəyyənləşdirməyib:
“Erməni xalqı tarix boyu böyük güclərin əlində alətə çevrilib və onların maraqlarına xidmət edib. Əvvəllər Rusiya bu təsirə malik idisə, bu gün Nikol Paşinyan hakimiyyəti Qərbin təsiri altındadır. Paşinyan Ermənistanın milli maraqlarından deyil, Qərbin geosiyasi maraqlarından çıxış edir. Bunun əsas səbəbi Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütməməsidir. Paşinyan hakimiyyəti regionda qlobal güclərin maraqlarını toqquşdurur ki, bu da Cənubi Qafqazda sabitlik üçün ciddi risk yaradır.
Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə də “böyük Ermənistan” ideyasını müdafiə edən bəyanatlar səsləndirib.
Qarabağ Ermənistandır və nöqtə’ ifadəsi məhz Paşinyana məxsus idi. Həmin dövrdə Ermənistan rəhbərliyi və hərbi dairələri yeni torpaqlar əldə etmək, hətta Bakıya qədər irəliləmək kimi iddialar irəli sürürdülər. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və ‘Dəmir yumruq’ əməliyyatı bu siyasətin iflasa uğradığını göstərdi”.
Ekspert hesab edir ki, müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlara baxmayaraq, Ermənistan Qərbin siyasi dəstəyinə arxalanaraq yenidən regionda gərginlik yaratmağa cəhd göstərir:
“Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında hərəkət edirdisə, indi erməni diasporu və lobbilərinin dəstəyi ilə Qərbə söykənməyə çalışır. Rusiya beynəlxalq arenada əvvəlki mövqeyini itirdiyi üçün Ermənistan ABŞ və digər Qərb ölkələrinin dəstəyindən istifadə etməklə öz məqsədlərini həyata keçirmək istəyir. Paşinyan hakimiyyətinin Qərbi əsas siyasi dayağa çevirməsi gələcəkdə də Azərbaycana qarşı sərt və aqressiv siyasətin davam etdirilməsi riskini artırır.
Erməni siyasi düşüncəsində böyük Ermənistan ideyası hələ də qalmaqdadır və Paşinyanın siyasətində də bu yanaşmanın izlərini görmək mümkündür”.
Günel Elxan