“Sahibkarlar təhlükəsiz iş yerlərinin yaradılması normalarına riayət etmirlər” Hadisə

“Sahibkarlar təhlükəsiz iş yerlərinin yaradılması normalarına riayət etmirlər”

Səlim Müslümov: "Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir"

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar "Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi" mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, bu konfransın mövzusu - kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsi son dərəcə aktualdır. Nazir iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılmasına başlandığını bildirib: "Bakıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisi nəzərdə tutulur. Digər bölgələrdə də belə laboratoriyalar yaradıla bilər. Onlarda olan ən müasir avadanlıqlar istehsal sahələrində işçilərin sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amilləri öyrənməyə imkan verəcək".
Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirildiyini qeyd edən S.Müslümov son vaxtlarda nazirliklə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, və digər təşkilatlarla memorandumlar imzalandığını bildirib: "Eyni zamanda, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr qururuq. Qarşıdakı dövrdə işçi insanların həyat və sağlamlığının qorunması məqsədilə iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarəti daim artırılacaq".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində təşkilatın fəaliyyəti, onun nəticələri barədə məlumat verib. Sosial tərəfdaş olaraq ƏƏSMN ilə əməkdaşlıq əlaqələrinin diqqətdə saxlanıldığını qeyd edən S.Mehbalıyev əməyin mühafizəsi sahəsində birgə səylərin daim güclənəcəyini bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasının hər bir işəgötürən üçün ilk növbədə mənəvi borc olduğunu vurğulayıb. Əməyin mühafizəsinin eyni zamanda hər bir müəssisənin iqtisadi mənafeyi üçün də vacib olduğunu vurğulayan M.Musayev rəhbəri olduğu təşkilatın bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb.
2013-cü ildə Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatda baş verən 155 bədbəxt hadisənin tədqiqatı aparılıb. APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, nazirlik tərəfindən heç də bütün hadisələrin tədqiqatı aparmaq mümkün olmur. Nazirin sözlərinə görə, qanunvericiliklə işəgötürən dərhal həmin gün fiziki şəxsi barədə məlumatı Dövlət Əmək Müfəttişliyinə təqdim etməlidir:
"İstehsalatda bədbəxt hadisə ilə əlaqədar aparılmış 155 tədqiqatdan 150-si muzdlu işçilərlə bağlı olub. Bunun nəticəsində baş vermiş 71 ölüm hadisəsinin 70-i muzdlu işçilərin payına düşür. Xəsarət alanlardan 120 nəfərdən 119-u yenə muzdla çalışanlardır. Bunlar onu göstərir ki, hələ də işəgötürənlər, sahibkarlar, eləcə də müvafiq təşkilatlar öz müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz iş yerlərinin yaradılması üzrə qanunla tələb olunan normalara riayət etmirlər. Bunun nəticəsidir ki, bu ilin birinci rübü ərzində tətbiq olunan cərimələrin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfədən çox olub. Cərimələrin çoxluğu onu göstərir ki, müəssisələrdə əməyin mühafizəsi və işçilərin qorunması sahəsində tədbirlər hələ tam şəkildə səmərəli həyata keçirilmir. Bu istiqamətdə böyük işlər görülməlidir. Bu işlər təkcə Dövlət Əmək Müfəttişliyinin nəzarəti altında deyil, eləcə də həmkarlar, işəgötürənlər, bütün ictimai və qeyri-hökumət təşkilatlarla birgə görülməlidir".
"Azərbaycanda işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib". APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan "İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi" mövzusunda keçirilən konfransda çıxışında deyib ki, təkcə cari ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Onun sözlərinə görə, bu rəqəm ümumən son iki ildə tətbiq olunan müvafiq cərimələrin ümumi məbləğinə bərabərdir. Nazir əlavə edib ki, əsas məqsəd işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılmasından ibarətdir: "Əlbəttə, bu cərimələrin çox olması heç də sevindirici hal deyil. Çünki bu onu göstərir ki, kütləvi şəkildə əmək qanunvericiliyinin pozulması halları yerlərdə baş verir və Dövlət Əmək Müfəttişliyi məcbur olub belə cərimələr tətbiq edir. Ona görə də düşünürəm ki, qeyri-hökumət təşkilatları dünyanın hər yerində olduğu kimi daha səmərəli və daha çox əhatəli şəkildə bu proseslərdə iştirak etmələri cəmiyyət üçün daha səmərə verə bilər. Yaxşı olardı ki, məhz əməyin mühafizəsi və əmək təhlükəsizliyi məsələləri üçün Dövlət Əmək Müfəttişliyinin ayrıca "qaynar xətt"i yaradılsın. Belə halları hansı təşkilat və ya fiziki şəxs gördüyü halda "qaynar xətt"ə məlumat versin. Qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış qurum vasitəsilə dərhal bu hallara reaksiya verilsin".
Nazir əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni də qeyd edib: "Nazirlikdə oturduğum binanın 16 mərtəbəsi ilə üzbəüz bina tikilir. Mən baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Üçüncü gün bellərində kəmərləri var, amma dördüncü gün yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün başqa yerlərdə vəziyyət necədir. Ona görə də cəmiyyət olaraq hamımız belə proseslərin qarşısını almaq üçün daha yaxından iştirak etməliyik".
Nazir qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata görə, hər il dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfərə xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayının hər il təxminən 2 milyon 340 min nəfər olduğunu deyən S.Müslümov əlavə edib ki, digər tərəfdən bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ümumi daxili məhsulun 4%-nin itirilməsinə səbəb olur: "Azərbaycanda da istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir. Bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80 nəfərə yaxındır".