Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

4-cü yazı

I Şah Abbasın əmri ilə onun böyük oğlu Təhmasibqulu bəyə xan titulu verilib Çuxur-Səd əmir əl-ümərası təyin olunur. İsgəndər Münşi yazır ki, "hal-hazırda o vilayətdə hökmrandır". "Zeyl-i alamara-yi Abbasi" də göstərilir ki, 1629-cu ildə Xosrov paşanın Osmanlı ordusu öncə Bağdadı və sonra Təbrizi tutmaq məqsədi ilə Diyarbəkrdən hərəkət edib Mosula daxil olduqda Təhmasibqulu xan Çuxur-Səddə hakimiyyətdə idi. İmperiyanın şimal-qərb sərhədlərinin qorunması ona, şərq sərhədlərinin müdafiəsi isə bu zaman Xoyda olan Naxçıvan hakimi Maqsud sultan Kəngərliyə tapşırılmışdı.
Beləliklə, Əmirgunə xan 20 ilə yaxın Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi olur. Əmirgunə xanın qısa tərcümeyi-halı göstərir ki, təsadüfi adamlardan bəylərbəyi olmur, bu vəzifəyə bacarıqlı, cəsarətli şəxslər, düşüncə sahibi olanlar seçilirdilər. Əbəs deyil ki, 1618-ci ildə ölkədə siyasi vəziyyət gərginləşdikdə Şah məsləhət üçün Əmirgünə xanı Ərdəbilə dəvət etmişdi. 1635-ci ildə Çuxur-Sədə Sultan Muradın süvari dəstələri hücum edir, 9 günlük mühasirədən sonra İrəvan şəhərini osmanlılar yenə də tutub Təhmasibqulu xanı əsir götürüb İstanbula aparırlar. Təhmasibqulu xan ömrünün axırına qədər İstanbulda qalır.
1636-cı ildə Şah Səfi qoşunları tərəfindən İrəvan azad edildikdən sonra Lar hakimi Kəlbəli xan Çuxur-Səd bəylərbəyi və əmir əl-ümərası təyin edildi. Şah Səfinin əmri ilə İrəvan qalasının təmiri də ona tapşırıldı. Ancaq 1640-cı ildə Kəlbəli xan öldürüldü. Məhəmməd Yusif Qəzvini yazır ki, Kəlbəli xan öldürüldükdən sonra cilovdarbaşı Məhəmmədqulu xan Cığatay Çuxur-Səd bəylərbəyi oldu.
1646-cı ildə isə xassə qulamlarının yüzbaşısı olmuş, sonra söhbət yasavulu vəzifəsinə keçmiş Keyxosrov bəy Çərkəz Çuxur-Sədə bəylərbəyi göndərilmişdi. Həmin ilin mart ayında isə onu Mehrab xan Qacarın oğlu Murtuzaqulu xan əvəz etmişdi. 1656-1663-cü illərdə Çuxur-səd bəylərbəyi Qazaq xan Çərkəz Şamlının oğlu Nəcəfqulu xan idi. Nəcəfqulu xandan sonra Əmirgunə xanın oğlu Abbas Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi təyin edilmişdi. Ondan sonra isə ləzgi Səfi xan burada bəylərbəyi olub. O, Şah tərəfindən cəzalandırıldıqdan sonra Rüstəm xanın oğlu Səfiqulu Çuxur-Sədə bəylərbəyi göndərilir.
Şarden yazır ki, hazırda Səfiqulu xan İrəvan bəylərbəyidir. O keçmiş Şah (II Şah Abbas) dövründə Səfəvi İmperatorluğunun ən mühüm əyalətlərindən birində hökmranlıq edirdi. Lakin saray qadınlarının təhriki ilə keçmiş padşah vəfat etməmişdən üç il qabaq tutduğu vəzifədən azad edilmişdi. Səfiqulu xanın arvadı ana tərəfdən Şahın qohumu idi. Şah Süleymanın hakimiyyətinin (1666-1694) ilk illərində onun xahişi ilə ərini Şah yenidən İrəvan hakimi və Çuxur-Səd bəylərbəyi təyin edir. Səfiqulu xan digər hakimlərə nisbətən ədalətli olduğu üçün hökmran olduğu ərazinin əhalisinin hörmətini qazanır. Lakin yerli sultanlar və əyanların bir çoxu ona tabe olmaqdan boyun qaçırır, əleyhinə Şah və divanbəyiyə çoxlu şikayətlər edirdilər. Səfiqulu xan da öz növbəsində Çuxur-Səd vilayətindəki vəziyyət barədə vaxtaşırı Şaha məlumat göndərirdi.
Nəhayət, Şah fərman verir ki, kiçik hakimlər sözsüz olaraq İrəvan hakiminə tabe olmalıdırlar. Şarden yazır ki, həmin fərmanı Şahın qulamı İrəvana gətirdikdə mən İrəvanda idim. Onun gəlib qayıtması İrəvan hakiminə 400 tümənə başa gəlmişdi. Bu məbləğ onun mənzil və yemək xərcindən əlavə idi.
Z.Kanakertsi isə yazır ki, Səfiqulu xanın dövründə yollarda oğrular və yolkəsənlərin sayı çoxalmışdı. Oğrular cəzalandırılmırdı. Onlardan cərimə alaraq buraxırdılar. Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və qoşunlarının şikayəti nəticəsində Səfiqulu xan həbs olundu. Şah İrəvanın keçmiş hakimi Abbas xanın kürəkəni Zal xanı İrəvana hakim təyin etdi. Zal xan İravana Azərbaycanın baş vəziri Mirzə İbrahimlə gizli gəlir. Onları qarşılamağa adam getməmişdi. Çünki camaat onların gəldiyini bilmirdi. Zal xan İrəvan qalasına daxil olduqdan sonra vəzir, şeyx ül-islam və bəzi başqa əyanları çağırtdırıb Şahın fərmanını oxudu. Oraya toplaşanların hamısı ona itaətkar olduqlarını ifadə etdilər. Müəllif bu mərasimdən sonra carçının küçəyə çıxıb "Zal xan İrəvanın sahibi oldu. Ömrü çox olsun" deyə uca səslə İrəvan sakinlərinə bildirişini türkcə olduğu kimi əsərində qeyd etməsi, şəhərdə türk dilinin işlənmə səviyyəsinin göstəricisi olub, həm də bu diyarın bir türk yurdu olmasından xəbər verir. 1679-cu ildə İrəvanda zəlzələ oldu, bir çox binalar dağıldı. Lakin Zal xanın göstərişi ilə dağılmış binalar bərpa olundu. Bu vaxt İrəvanın qala divarları da dağılmışdı. Azərbaycan vəziri İbrahim yenə İrəvana gəlib qonşu xanları - Naxçıvan, Bərdə, Zəyəm, Lori, Maku sultanlarını da çağırıb onlara qalanın tikilib bərpa edilməsinə köməklik etmələrini tapşırdı.
Zal xandan sonra Şah Sultan Hüseyn (1694-1722) Murtuzaqulu xanı İrəvana hakim göndərmişdi. O, naxçıvanlı Məhəmməd ağa xanın oğlu idi. İrəvana gəldikdən sonra vergilərin miqdarını azaltmışdı. Həmişə Şaha, saray məmurlarına hədiyyələr göndərirdi. Ondan sonra Şah Məhəmmədqulu adlı başqa bir nəfəri İrəvana hakim təyin edir. Məhəmmədqulu xan da bir çox mahallarda vergiləri yüngülləşdirib ticarət yollarının təhlükəsizliyini təmin edə bildi. O, üç il yarım bu vəzifədə işləmiş və vəzifədən çıxarıldıqdan sonra Şah Sultan Hüseyn Əmirgunə xanın nəvəsi Fəzləlini İrəvana hakim təyin etmişdi.
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, XVI əsrdə olduğu kimi, XVII əsrdə də Çuxur-Səd vilayətini Türkman Rumlu, Ustaclı, Zülqədər, Qacar adlı qızılbaş-türk tayfa əsilzadələri idarə etmişdi. Müxtəlif coğrafi obyektlər, xüsusən kənd, qəsəbə, əyalət adı olan Qarabağ toponimi tarixin dərin qatlarından gəlir və bu adın etimologiyası ilə yanaşı, onun yalnız Türk arealında mövcudluğu Türk təfəkkürünün məhsulu olmasından irəli gəlir. Mavərəünnəhr, Xorasan, İran və Azərbaycanda əski çağlardan Qarabağ adlı kənd qəsəbə, nahiyə, əyalət mövcud olmuş və bu toponimlərin bir çoxu eyni adla bu gün də qalır. "Səlcuqnamə" də XI əsrin tarixi proseslərindən bəhs edildikdə Xorasanda Badqisin qonşuluğunda Qarabağ nahiyəsinin adı çəkilir. Azərbaycanda Qarabağ əyalətinin adına ilk dəfə Fəzlullah Rəşidəddinin "Came ət-təvarix" adlı əsərində 1284-cü il, hadisələrindən bəhs edilərkən "Aran Qarabağı" şəklində təsadüf edilir. Həmidullah Mustoufi Qəzvini (1281-1345) "Nüzhət əl qülub" adlı əsərində XIII-XIV əsrlərdə Azərbaycanın ərazi-inzibati vahidlərindən bəhs edərkən Aran vilayətini "Qarabağ və Aran" adı ilə də yazıya alıb.
Qarabağ adının mənasına gəldikdə isə V.V. Bartoldun fikrincə, Qarabağ adı türk dilindəki "qara" və İran mənşəli "bağ" sözlərininin birləşməsindən yaranıb. Əslində burda hər iki tərkib türk dilində olub, "qara" ucu-bucağı görünməyən, böyük, geniş və "bağ" isə "meyvə ağacları əkilmiş yer, sahə" mənasını ifadə edir. V.Minorskiyə görə bu coğrafi istilah vaxtilə burada yaşamış eyni adlı türk elinin adi ilə bağlı olub, bu gün ondan heç bir iz qalmayıb.
XVI-XVII əsrlərdə Araz və Kür çayları arasında yerləşən qədim Aran torpağı mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi hesab olunmaqla, onun ərazisi bəzən Tiflisə qədər uzanırdı. 1554-cü ildən sonra Qazax və Şəmsəddin, I Şah Abbas (1687-1629) dövründən Zəyəm, Səfəvilərin hakimiyyətinin son illərində isə Kaxetiya və Zəngəzur da Qarabağ bəylərbəyliyinə tabe olub. H.1106 (m.1694)-cı ildə Qarabağ bəylərbəyi Kelbəli Xan Qacarın Kaxetiyaya da hakim təyin edilməsi, bu zaman Kaxetiyanın da Qarabağa tabe olduğunu göstərir. Ancaq qeyd etmək lazımdır ki, Qarabağ əyalətinin ərazi-inzibati quruluşu haqqında XVI-XVII yüzilin yerli qaynaqlarında məlumatlar Mirzə Samianın 1725-ci ildə yazdığı "Təzkirət al-müluk" adlı əsəri istisna olmaqla pərakəndə haldadır. Qarabağ ərazi-inzibati vahidi barədə "Təzkirat al-müluk" da demək olar ki, dolğun məlumata təsadüf edilir. Qaynaqda Azərbaycan Səfəvi dövlətinin Qarabağ bəylərbəyliyinin mahal və ölkələrindən Zəyəm, Bərdə, Axınabad, Cavanşir eli ölkəsi, Bərgüşad, Qaraağac, Lori va Pənbək, Arasbar va Bəyazidli eli ölkəsi, Suma va Tərgivərin adları qeyd edilib.
Qarabağ əyaləti 1588-1606-cı və 1725-1734- cü illərdə Osmanlı dövlətinə tabe olub. Osmanlı dövlətinin göstərişi ilə 1593-cü ildə "icmal dəftəri" və 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" tərtib edilib. Bu dəftərlər dövrün farsdilli qaynaqlarından fərqli olaraq Qarabağ əyalətinin ərazi-inzibati quruluşu haqqında müfəssəl məlumat verən unikal sənəddir. 1593-ci il tarixli "icmal dəftəri"nə görə Qarabağ əyaləti 36 nahiyəyə bölünən 7 sancaqdan, yəni Gəncə, Bərdə, Xaçın, Axıstabad, Dizaq, Həkəri, Vərəndə adlı sancaqlardan ibarət olmuşdu. Sancaqlar isə nahiyələrə (36 nahiyə) bölünmüşdü. 1727-ci il tarixli müfəssəl dəftərə görə Osmanlı ərazi inzibati bölgüsünə uyğun olaraq 1725-1734-cü illər arasında Qarabağ əyalətinin inzibati quruluşunda dəyişiklik edilib. Yeni bölgüyə əsasən əyalət 37 nahiyəni birləşdirən 5 sancaq va iki qəzadan ibarət olub. Belə ki, əyalət Gəncə və Lori qəzası, Xılxına, Bərdə, Arasbar, Bərgüşad, Çuləndər sancağına bölünmüşdü.
Hüsaməddin Qaramanlı "icmal dəftəri" və "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftər"indən əldə etdiyi materialın təhlilinə əsaslanaraq, həmin əsərə yazdığı "Ön söz" də göstərir ki, Qarabağ əyalətinin ərazisi isə XVI-XVIII yüzilin əvvəllərində əsasən, dəyişilməyib. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam edib, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad sancağına və buradan da şimal istiqamətində, Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş Borçalının cənub hissəsi ilə Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qalasına qədər uzanırdı.
XIX əsrdə yazılmış "Qarabağnamələr" adlı qaynaqlarda Qarabağ əyalətinin tarixi ərazi və sərhədləri haqqındaki məlumatlar "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftər"ində bu barədə verilmiş məlumatlarla, demək olar ki, tam uyğundur.
XIX əsrin Azərbaycan tarixçilərindən Mirzə Camal Cavanşir yazir ki, qədim tarix kitablarına görə Qarabağ vilayəti Aranın bir hissəsi olub, sərhədi cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. Şimal və şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Qərb tərəfdən Köşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır. Bu dağlar Qarabağ-Gəncə, Qazax-Şəmşəddin əhalisinin yaylaqlarıdır. Sözsüz ki, Mirzə Camal Cavanşir "qədim tarix kitabları" dedikdə Həmdullah Mustoufi Qəzvinin "Nüzhət əl-qülub" adlı əsərini də nəzərdə tutur. Bu qaynaqda Aranın, yəni onun bir hissəsi olan Qarabağın Araz və Kür çayları arasındakı əyalət olduğu qeyd edilməklə yanaşı, onun Beyləqan, Bərdə, Gəncə kimi şəhərləri barədə də məlumat verilib.


Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor