Ombudsmanlar arasında saziş imzalanıb Hadisə

Ombudsmanlar arasında saziş imzalanıb

Bakıda "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycanın müstəqilliyinin 25 illiyinə, Azərbaycanda "Multikulturalizm ili"nə və Ombudsman haqda Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunub. Tədbirdə Ombudsman Elmira Süleymanova hesabat xarakterli məruzə ilə çıxış edib. O, 15 ildə görülən işlər haqda məlumat verib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, multikulturalizmin Azərbaycan modeli dünyada öyrənilir.
Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çıxış edib. O qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışır: "Azərbaycan buna imkan verməyəcək, işğal faktı ilə barışmayacaq. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar qəbul edib, lakin münaqişə hələ də həllini tapmayıb. Sual olunur, biz qoşulduğumuz hansı konvensiyanı icra etməmişik? Biz kimin torpağını işğal etmişik? İndiyə kimi Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin saxlanmasına 6,2 milyard manat vəsait xərcləyib".
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, son 15 ildə Azərbaycan insan hüquqları sahəsində bır sıra uğurlar qazanıb: "Azərbaycanda insan hüquqları sahəsində inkişaf göz önündədir".
Rusiya ombudsmanı qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfenssiyalar və milli azlıqlar bərabər hüquqlu vətəndaş kimi yaşamaqdadırlar.
T. Moskalkova onu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi-siyasi sahədə ciddi nailiyyətlər əldə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, E. Süleymanova həyatını xalqa, vətənə həsr edib.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Ombudsman bu 15 ildə çox səmərəli fəaliyyət göstərib.
Tədbirdə Azərbaycan və Rusiya Ombudsmanları arasında iki tərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova imzalayıblar.