Dörd fəndən “qeyri-kafi” alan şagird sinifdə qalacaq Hadisə

Dörd fəndən “qeyri-kafi” alan şagird sinifdə qalacaq

Bakalavr və magistraturaya qəbul planında edilən yeniliklər açıqlanıb

Azərbaycanda "Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında" Müvəqqəti Qaydalar təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov dünən keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, qaydaların təsdiqi ilə bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik "qeyri-kafi" qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır: "İndiyə qədər bu qayda olmayıb. Bir və üç fəndən illik "kafi" qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığının yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması üçün yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir".
Nazirlik rəsmisi əlavə edib ki, yeni qaydalara əsasən, əgər şagird ikinci yarımildə bu və digər fəndən "qeyri-kafi" qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Məsələn, əgər şagird birinci yarımildə "yaxşı", ikinci yarımildə isə "qeyri-kafi" qiymət alarsa, onun nəticəsi müsbət qiymət çıxarılmayacaq. C.Valehov qeyd edib ki, özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Məsələn, obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır".
Bu il Azərbaycanda ali məktəblərin bakalavr və magistratura ixtisaslarına qəbul planında müəyyən yeniliklər nəzərdə tutulub. Cəsarət Valehov mətbuat konfransında çıxışı zamanı deyib ki, ötən tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9% artırılıb. Onun sözlərinə görə, qiyabi təhsil forması üzrə qəbul planı isə 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyanı tələbə qəbulu planı artırılıb.
Nazirlik rəsmisi əlavə edib ki, özəl ali təhsil müəssisələrinin hamısında qiyabi təhsil formasına qəbul dayandırılıb. O qeyd edib ki, Azərbaycan İctimai Siyasi Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun 4 filialında həm əyanı, həm də qiyabi təhsil forması üzrə pedaqoji ixtisaslara qəbul aparılmayacaq: "Pedaqoji ixtisaslara qəbul yalnız özəl ali məktəblərdən 3-nə Xəzər, Qafqaz və Bakı Qızlar universitetlərinə icazə verilib. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişli yerlər artırılıb. Kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişinə uyğun olaraq aparılacaq".
C.Valehov qeyd edib ki, ali təhsil müəssisələrinin magistratura pilləsinə qiyabi təhsil formasına qəbul nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bakalavr buraxılışı olmayan ixtisasların magistraturasına qəbul aparılmayacaq.
Digər yenilik isə orta ixtisas təhsil müəssisələrinə aiddir: Belə ki, son illərdə real tələbata əsaslanmadan artırılan qəbul yerlərinin sayı 15667 yerdə 11266 yerə qədər endirilib. Təxminən 4400 qəbul yeri azaldılıb. Qiyabi təhsil forması üzrə kolleclərə qəbul planı 4,1 dəfə azaldılıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları kolleclərin qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38% azaldılıb. Texniki istiqamətli kolleclərdə isə pedaqoji ixtisasları tələbə qəbulu planından çıxarılıb.