İordan çayının qərb sahilində Nablus şəhərinə gələn israillilər geri qaytarılıb Gündəm

İordan çayının qərb sahilində Nablus şəhərinə gələn israillilər geri qaytarılıb

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki fələstinlilərin Nablus şəhərinin kənarına gələn bir qrup İsrail vətəndaşını geri qaytarıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) mətbuat xidməti məlumat verib.

"Cümə günü daha əvvəl mülki İsrail vətəndaşları Nablus şəhərinin kənarına daxil olublar. Ərazidəki fələstinlilər mülki israilliləri daşa tutublar, İsrail vətəndaşlarından biri isə havaya atəş açıb, tələfat yoxdur", — deyə bəyanatda bildirilir. "Həmçinin bir sıra mülki israillinin qəbiristanlıqda vandallıq etməsi hallarının olduğu bildirilib", — mətbuat xidmətindən əlavə edilib. Məlumata görə, "israillilərin gəlişinə öncədən hazırlaşan ÇAXAL bölmələri izdihamı dağıtmaq və mülki İsrail vətəndaşlarını ərazidən çıxarmaq üçün dərhal hərəkətə keçiblər". "Bütün mülki israillilər Nablus şəhərini tərk ediblər", — deyə qurumdan qeyd olunub.

"ÇAXAL qüvvələri gərginliyə səbəb olan növbəti insidentlərin qarşısını almaq üçün İordan çayının qərb sahilinin müxtəlif ərazilərində hazır vəziyyətə gətirilib və yerləşdirilib", — deyə mətbuat xidməti vurğulayıb və əlavə edib ki, "A" zonasına (İordan çayının qərb sahilində tam fələstinlilərin nəzarətində olan ərazi) daxil olmaq israillilər üçün qadağandır, təhlükəlidir və qanun pozuntusudur".

Məryəm Quliyeva