
Klassik deyimdir: Vətən sərhəddən başlanır. Bəs sərhəd Vətənin sipərinə necə çevrilir? Ölkələri bir-birindən ayıran mərzlər yurd sevgili oğulların canlı sərhəd dirəyinə çevrilməsi ilə keçilməz səddə çevrilir.
Bəli, bu torpağı Vətən edən oğullar cismən aramızda olmasalar da, ruhən elə bir ölümsüzlük zirvəsinə ucalıblar ki, Azərbaycan var olduqca onların adı da yaşayacaq. Hər bir şəhidin xatirəsi xalqımızın yaddaşında əbədi həkk olunub və gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik nümunəsi kimi ötürüləcək.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək, onları ziyarət etmək cəmiyyətimizin mənəvi dəyərlərinin ən ali təzahürlərindən biridir. Şəhidlərə ehtiram, onların ailələrinə göstərilən diqqət və qayğı milli birliyimizin, vətəndaş həmrəyliyimizin və dövlətçilik ənənələrimizin ayrılmaz tərkib hissəsidir. Bu qayğı yalnız müəyyən günlərlə məhdudlaşmır. Dövlətimizin həyata keçirdiyi ardıcıl sosial siyasət, eləcə də cəmiyyətin müxtəlif təbəqələrinin həssas münasibəti şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını göstərir.
Bu diqqət və qayğının növbəti təzahürü olaraq, bugünlərdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Balakən rayonunda şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb. O, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Səmimi şəraitdə keçən görüşlər zamanı sərhəd xidməti rəhbəri Qullar kəndində balakənli şəhidlərdən Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun, Hənifə kəndində Sərhəd Qoşunlarının kiçik giziri Elsevər Paxırovun, Kortala kəndində əsgər Faiq Qalayçıyevin ailəsini ziyarət edib. Görüşlərdə şəhidlərin hünər və qeyrət yoluna ehtiramla nəzər salınıb, onların qəhrəmanlıqları qədirbilənliklə xatırlanıb.
Bildirilib ki, 1996-cı il avqustun 16-da Qullar kəndində anadan olmuş, 2014–2016-cı illərdə orduda əsgəri xidmət keçmiş Amin Novruzov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşan Amin Novruzov 2020-ci il noyabrın 2-də Zəngilanın azad edilməsi uğrunda qəhrəmancasına şəhid olub.
19 iyul 1997-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, 2015–2017-ci illərdə Naxçıvan əlahiddə sərhəd diviziyasında hərbi xidmətdə olmuş Elsevər Paxırov 2020-ci ildə Dövlət Sərhəd Xidmətinin sıralarına müddətdən artıq xidmətə qəbul edilib. Çevik Hərəkət Qüvvələrinin artilleriya briqadasında kəşfiyatçı-rabitəçi vəzifəsində xidmətə etmiş kiçik gizir oktyabrın 9-da Hadrut istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.
16 dekabr 2001-ci ildə Kortala kəndində anadan olmuş Faiq Qalayçıyev 2020-ci ilin yanvar ayından Dövlət Sərhəd Xidmətinin çevik hərəkət briqadasında pulemyotçu kimi xidmətə başlayıb. Cəbrayıl və Zəngilan ərazisində döyüş əməliyyatlarında iştirak edib, 2020-ci il noyabrın 1-də şəhid olub.
Zəminə RƏSULOVA,
Şəki “Yuxarı baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi