Polşa MN: Ukrayna MiQ-29 qırıcıları ilə bağlı konret təklif irəli sürüb Dünya

Polşa MN: Ukrayna MiQ-29 qırıcıları ilə bağlı konret təklif irəli sürüb

Polşanın müdafiə nazirinin müavini Paulina Sobkovyak-Çarneçka Ukraynanın "MiQ-29" qırıcıları ilə bağlı Varşavaya "konkret təklif" göndərdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, cümə axşamı media nümayəndələri ilə söhbəti zamanı deyib.

Sobkovyak-Çarneçka Ukraynanın təklifinin bundan ibarət olduğunu bildirib: Polşa qırıcıları göndərir, Ukrayna isə pilotsuz uçuş aparatları (PUA) təmin edir. Onun sözlərinə görə, hökumət Polşanın bu qırıcıların modernləşdirilməsini maliyyələşdirəcəyi ssenarini "hələlik müzakirə etmir".

"Ukrayna tərəfindən 'MiQ' təyyarələri əvəzində hansı dronları verə biləcəklərinə dair konkret cavab artıq bir neçə gündür ki, masadadır", — deyə o vurğulayıb.

Ondan həmçinin Bolqarıstanın bu məsələdə maraqlı olduğunu nəzərə alaraq, Polşanın nə üçün "MiQ-29" qırıcılarını Bolqarıstana satmadığı soruşulub.

Buna cavab olaraq Sobkovyak-Çarneçka qeyd edib ki, qırıcıların əldə olunması ilə bağlı danışıqlar ilkin olaraq Ukrayna ilə başlayıb.

O bildirib ki, təklif nəzərdən keçirildikdən sonra müdafiə naziri Vladislav Kosinyak-Kamış qərar qəbul edəcək.

Bununla yanaşı, Sobkovyak-Çarneçka bu vəziyyətin uzun sürməyəcəyini və söhbətin "ən çoxu bir neçə həftədən" getdiyini vurğulayıb.

Məryəm Quliyeva