“Hərbi vəziyyət haqqında” qanun layihəsi qəbul olunub Hadisə

“Hərbi vəziyyət haqqında” qanun layihəsi qəbul olunub

Ziyafət Əsgərov: "Qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız mane olan partiyaların fəaliyyətinin dayandırılması əksini tapıb"

Milli Məclisin dünən keçirilən iclasında "Hərbi vəziyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi 5 fəsil 27 maddədən ibarətdir.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. Qanun layyihəsilə bağlı müzakirələr aparılıb.
Deputat Azay Quliyev deyib ki, qanun layihəsinin birinci maddəsində göstərilən hərbi vəziyyətin Konstitusiyaya uğun olaraq Azərbaycan ərazisində, ayrı-ayrı yerlərində tətbiq edilməsi fikrində "hərbi "sözündən sonra "informasiya-yayım normaları" ifadəsini də əlavə etmək lazımdır. Deputat bildirib ki, qanun layihəsində QHT-lərin, ictimai birliklərin, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların olması əsaslıdır.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, istənilən hərbi nizamnamə, doktrinanın xüsusi dili və hüquqi terminologiyası var: "Bu, "Leyli-Məcnun" dastanı deyil ki, götürüb yaza və ya Füzulinin qəzəli deyil ki, götürüb oxuyasan. Qanuna əsasən, hərbi vəziyyət elan olunan ərazidə siyasi partiyanın və digərlərinin fəaliyyətinin dayandırılması düzgün deyil. Tutaq ki, hərbi vəziyyət elan olunub. Bakıda da həmin partiyanın rəhbərliyi başqa məsələ ilə əlaqədar mitinq keçirir. İndi dövlət hərbi vəziyyəti icra etməlidir, yoxsa gəlib siyasi partiya ilə məşğul olmalıdır? Bundan başqa, qanunda mətbuatla bağlı məsələ ilə də razılaşmıram. Hansısa rayon qəzetinin fəaliyyətini dayandırmaqla iş bitmir. Çünki orada gedən məlumatlar respublika əhəmiyyətlidir və həmin məlumatlar əsas mətbuat orqanlarında, eləcə də saytlarda gedir. Bu baxımdan məsələ ciddi qoyulmalıdır. Hərbi vəziyyət elan edilən kimi bu məsələlər avtomatik olaraq dondurulmalıdır. Çünki bütün istiqamət ora yönəldilməlidir. Ərazimizin 20 faizi işğal altında olduğu üçün buna daha diqqətlə yanaşmalıyıq ".
S. Novruzov bildirib ki, ağır texnika sərhəddən xeyli aralıda yerləşdirilməlidir: "Yəni sərhəd bölgəsində sərhəd qoşunları və onun texnikasından başqa əlavə texnika yerləşdirilə bilməz. Azərbaycan prezidenti hərbi vəziyyət zamanı öz tapşırıqlarını verir. Lakin buna qədər məsələlər də var ki, onlar həll olunmalıdır. Bir neçə il bundan öncə qonşu dövlət öz texnikasını bizim ərazimizin 70 kilometrliyinə yığmışdı. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi bu texnikanın hansı əsasla yerləşdirilməsinə dair məsələ qaldırdı. Məlum oldu ki, texnika anti-terror əməliyyatına görə yerləşdirilib. Lakin onlara sübut olundu ki, heç bir anti-terror əməliyyatına belə texnika ilə gedilmir. İkinci dünya müharibəsi zamanı da Sovet ordusu öz təchizatını sərhədə yığdığına görə, müharibənin ilk ayında 30 faiz texnikasını itirmişdi ".
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin 10-cu maddəsində hərbi vəziyyət elan edildiyi zaman yalnız mane olan partiyaların fəaliyyətinin dayandırılması əksini tapıb: "Qalan hallarda partiya öz fəaliyyətini dayandırmayacaq. Heç bir əsas olmadan onların fəaliyyəti dayandırıla bilməz".
Deputat Əflatun Amaşov deyib ki, hərbi münaqişələr dövründə KİV-in fəaliyyətində müəyyən məhdudlaşmaların olması labüddür: "Bu, heç də söz və ifadə azadlığının pozulması deyil. Dünyanın bir çox demokratik ölkələrində daha ciddi məhdudlaşdırmalar tətbiq olunur. Ancaq senzura ifadəsi işlədilmir".
O təklif edib ki, layihədəki "hərbi senzura" anlayışı "hərbi məqsədli məhdudlaşdırmalar" və ya "hərbi məqsədli qadağalar" ifadəsi ilə əvəz olunsun. Deputat, həmçinin, KİV-in fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca maddə əlavə edilməsini də təklif edib.
Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyulub və qəbul edilib.