“Fərmana edilən dəyişikliklərdə müavinətlərin, enerji xərclərinin ödənilməsi ilə bağlı konkret mexanizmlər nəzərdə tutulub” Hadisə

“Fərmana edilən dəyişikliklərdə müavinətlərin, enerji xərclərinin ödənilməsi ilə bağlı konkret mexanizmlər nəzərdə tutulub”

Elçin Mirzəbəyli: "Bu imkan yaradır ki, hər bir məcburi köçkünə fərdi qaydada münasibət göstərilsin"


Aydın Mirzəzadə: "Çətin şəraitdə yaşayan qaçqınların bu mərhələdə bütün kommunal xərcləri dövlət tərəfindən ödəniləcək"


Bəhruz Quliyev: "Sosial müdafiənin ünvanlılıq prinsipi həllini tapacaq"

Fəzail Ağamalı: "Fərman həmçinin, məcburi köçkünlərə ayrılan vəsaitin təyinatı üzrə sərf olunması üçün ciddi əhəmiyyət kəsb edir"


Azərbaycan prezidenti İlham Əliyev"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərman verib. Fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi başlıca olaraq aztəminatlı təbəqəyə verilən dəstəyin, göstərdiyi qayğının nümunəsidir. Onun sözlərinə görə, Fərmana edilən dəyişikliklərdə müavinətlərin, enerji xərclərinin ödənilməsi ilə bağlı konkret mexanizmlər nəzərdə tutulub: "Burada ümumu halda bütün məcburi köçkünlərə eyni qaydalar tətbiq olunmur. Başlıca olaraq onların yaşadığı şərait nəzərə alınır. Təbii ki, bu da imkan yaradır ki, hər bir məcburi köçkünə fərdi qaydada münasibət göstərilsin. Şübhəsiz ki, bu da ilk növbədə Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gələn bir addımdır. Fərmana edilən dəyişikliklər bu sahədə mövcud olan və yaxud mövcud ola biləcək hər hansı bir problemlərin aradan qaldırılmasına ciddi imkan yaradır və konkret fəaliyyət mexanizmləri ortaya qoyur".
Millət vəkili Aydın Mirzəzadə diqqətə çatdırıb ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi qaçqın və məcburi köçkünlərin sosial problemlərinin daim diqqət mərkəzində saxlandığını göstərir: "Eyni zamanda dövlət sənədlərinin həyata keçirilməsində hər hansı bir gözlənilməz məsələ ortaya çıxarsa, həmin məsələnin operativ həll etmək istəyi və dövlətçilik ənənəsi ortaya qoyulur". Cari ilin yanvar ayının 23-də Ölkə başçısı tərəfindən məcburi köçkünlərə verilən çörək pulunun nağd pulla əvəz edilməsi ilə bağlı sərəncamını xatırladan millət vəkili həmin sərəncamın məcburi köçkünlər üçün çox böyük dəstək olduğunu dilə gətirib: "Bu sərəncama əsasən, hər ailə üzvü ayda 36 manat almaqla özlərinin kommunal xərclərini özləri planlaşdıra və sərbəst qalan vəsaitdən istifadə edə bilərlər. Lakin onun həyata keçirilməsi mərhələsində məlum oldu ki, məcburi köçkünlərin bir hissəsi sayğacla təmin edilməyən və qazlaşdırılmayan yerlərdə yaşayırlar. Belə olan halda, onlara çatacaq vəsaitin ödənilməsində bir sıra çətinliklər yaranır. Dövlət bu məsələdə də həssas təbəqədən olan vətəndaşları tək qoymadı, Cənab prezidentin ötən günkü fərmanına əsasən onlar üçün ayda 20 manat çörək pulu saxlanılmaqla, kommunal xərclərin ödənilməsi yenə də dövlət hesabına həyata keçiriləcək. Texniki məsələlər aradan qalxdıqda problem gələcəkdə öz həllini tapacaq".
A. Mirzəzadənin sözlərinə görə, son illərdə demək olar ki, hər il 25 min qaçqın ailəsi dövlət tərəfindən rahat mənzillərlə təmin edilir: "Qaçqınların yaşadıqları dədə-baba torpaqlarına böyük qayıdışın əsası qoyulub. Dövlət başçsının Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı buna misaldır. Lakin bu gün Bakıda, regionlarda kommunal şəraiti olmayan çətin şəraitdə yaşayan qaçqınların bu mərhələdə bütün kommunal xərcləri dövlət tərəfindən ödəniləcək. Gələcəkdə isə onların rahat, müasir tələbələrə cavab verən mənzillərlə təmin edilməsi proqramı daha geniş şəkildə həyata keçiriləcək və onlar daha rahat mənzillərə köçəcəklər".
Ekspert Bəhruz Quliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır. B.Quliyevin sözlərinə görə, bu mühüm dövlət sənədinin imzalanması bir daha sübut edir ki, Azərbaycan prezidenti ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasını, xüsusən də məcburi köçkünlərin vəziyyətini hər zaman diqqət mərkəzində saxlayır, onların problemlərinə həssaslıqla yanaşır: "Həmçinin prezident İlham Əliyevin məlum fərmanı ilə məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi həllini tapacaq. Belə ki, fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclaşma mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 1 yanvar 2017-ci il tarixədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma isə məcburi köçkünlər yeni yaşayış sahələrinə köçdükləri günə qədər qüvvədə qalmaqda davam edəcək. Yəni onlar fevral ayından etibarən əvvəlki qaydada 20 AZN müavinət alacaqlar. Bütövlükdə isə burada əsas faktorlardan biri də prezident İlham Əliyevin daim insan amilinə diqqət yetirməsidir ki, hər bir Azərbaycan vətəndaşı bu diqqəti öz üzərində hiss edir və alqışlayır".
Ekspert əlavə edib: "Əbəs deyil ki, ölkə başçımız mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə bağlı əhəmiyyətli fərmanlar imzalayır, onların həyat və məişətlərinin, sosial vəziyyətlərinin təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər aparır. Bütün bu kimi əhəmiyyətli məqamlara diqqət yetirərkən, biz bir daha əmin oluruq ki, atılan addımlar, dövlət başçımızın reallaşdırdığı tədbirlər planı 2017-ci ildə də prezidentin diqqəti mərkəzində olacaq və insanlarımız aparılan davamlı və təməlli islahatların səmərəsini, uğurunu hiss edəcək.
Biz həm də inanırıq ki, ali baş komandan, prezident İlham Əliyev cənablarının yürütdüyü qətiyyətli, prinsipial siyasəti nəticəsində işğal altındakı torpaqlarımız düşməndən təmizlənəcək, qaçqın və məcburi köçkünlərimiz yaxın vaxtlarda öz doğma yurd-yuvalarına geri dönəcək".
Deputat Fəzail Ağamalı deyib ki, bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək. Deputat bildirib ki, prezident İlham Əliyevin siyasətinin mərkəzində xalqımızın, eyni zamanda qaçqın və məcburi köçkünlərin yüksək həyat şəraitinin yaradılması dayanır: "Dövlət başçısı hər zaman qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin həyat səviyyəsinin yüksəldilməsinin qayğısına qalır. Onlar öz doğma yurdlarına qayıdana qədər də bu tədbirlər davam etdiriləcək. Ümidvaram ki, ölkə prezidentinin bu fərmanı qaçqınların problemlərinin həllinə ciddi təsir göstərəcək". Deputat əlavə edib ki, bu fərman həmçinin, məcburi köçkünlərə ayrılan vəsaitin təyinatı üzrə sərf olunması üçün ciddi əhəmiyyət kəsb edir.
Millət vəkili Fərəc Quliyev deyib ki, sərəncam islahat xarakterli olmaqla yanaşı, humanist prinsiplərə əsaslanır. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrinin təcrübəsində də cəzaların daha yüngül şəkildə həyata keçirilməsi, yalnız həbs deyil, insanların etdikləri hərəkətə müxtəlif variantlarla odekvat cəza tətbiq etmək kimi ənənələr var: "Bunun ölkəmizdə də tətbiq olunması ilə bağlı atılan addımlar uğurludur. Sərəncamdan irəli gələn məsələlərə əsasən ev dustaqlığı və ya ağırlaşdırmadan ödəmələrin olması, 18 yaşına qədər olan gənclərin səhvlərinin çox da şişirdilmədən üstündən keçirilməsi və ya daha yumşaq cəza tədbirlərinin həyata keçirilməsi islahat xarakterlidir. Sərəncama əsasən həm uşaqlar, həm qadınlarla bağlı məsələlərə yumşaq yanaşma tərzi həyata keçiriləcək. Hesab edirəm ki, bu sərəncamdan sonra ölkə qanunvericiliyində yeni yanaşma olacaq".
Millət vəkilinin sözlərinə görə, pentensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi haqqında sərəncam insanların islah olunmasına imkan verəcək: "Bu baxımdan sərəncamı yüksək qiymətləndirirəm və hesab edirəm ki, sözügedən sənəd cəmiyyətdə xüsusilə yüksək qarşılanacaq. Elə ölkələr var ki, orada 100 min adama düşən məhbus sayı daha azdır. Lakin bu o demək deyil ki, orada cinayət və ya cəza sistemi yoxdur. Sadəcə həmin ölkələrdə cəza tədbirlərinə yanaşma sistemi fərqlidir. Bizdə də məqsəd məhbusların sayının azaldılması, cəzaların profilaktik tədbirlər görməklə həyata keçirilməsidir".
F. Quliyev əlavə edib ki, son sərəncam Azərbaycanda məhbus ailələrinə də xeyr verəcək: "Çünki cinayət əməli törədən şəxs tək əziyyət çəkmir. Bundan onun ailələri yaxınları da əziyyət çəkir. Elə şəxslər var ki, onlar səhvən ilk dəfə cinayət törədib. Belə olan halda, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsasları daha da məhdudlaşdırılacaq. Ümumiyyətlə, sərəncamın tətbiq sahələri geniş olacaq".