İşsizliyin səbəbləri və formaları... Hadisə

İşsizliyin səbəbləri və formaları...

Son illər ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də məşğulluğa dair tədbirlərin təşkili və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin sayı 2017-ci il yanvarın 1-nə 9811,0 min nəfər təşkil edib. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayı 65,9 faiz olub. Ölkədə iqtisadi fəal əhalinin sayı 5006,8 min nəfər olub, onlardan 4733,7 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi şöbəsinin müdiri Lüdviq Hüseynovun nazirliyin rəsmi mətbu orqanı olan "Sosial həyat" jurnalındakı məqaləsində açıqlanıb. L.Hüseynov qeyd edib ki, müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəskin problemlərdən biri işsizlikdir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. İşsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir. İşsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Məqalədə işsizliyin formaları nəzərdən keçirilir.
İnsanlara fəaliyyət növünün və iş yerinin seçilməsində sərbəstlik verildikdə istər-istəməz seçim qarşısında qalırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə dəyişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçüncülər, mövsümi məşğul olduqları iş yerlərini itirirlər. Elə adamlar da vardır ki, bu xüsusilə gənclərə aiddir, yenicə əmək fəaliyyətinə başladıqlarına görə iş axtarırlar. Bu adamların hamısı iş yerləri tapdıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qayıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəqqəti itirənlər "ümumi işsizlər fondunda" onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna "friksion işsizlik" deyilir. İşsizliyin bu forması qaçılmaz və müəyyən dərəcədə arzu olunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məhsuldarlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoymaq mümkün olmadığına görə, "friksion işsizliyi" də tamamilə aradan qaldırmaq mümkün deyildir.
Məqalədə qeyd olunur ki, friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. İqtisadçılar struktur sözünü "tərkib" mənasında işlədirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyişiklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tələbin strukturunun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi peşə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzilərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu işçilərin bəzi kateqoriyalarında işsizliyin əmələ gəlməsinə səbəb olur. Bu onunla əlaqədardır ki, iş qüvvəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğunlaşa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəqqi sonsuz olduğuna görə struktur işsizliyin də tamamilə aradan qaldırılması mümkün deyildir və bu mənada onun "friksion işsizliyə" oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdirmək olmaz, onların arasında fərqlər vardır. Bu özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək"lərini sata bilərlər. Struktur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə peşəyə yiyələnməsələr, hətta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən "friksion işsizlik" qısa müddət, "struktur işsizlik" isə uzun müddət davam edir.
İşsizliyin növlərindən biri də tsiklik və ya dövri işsizlikdir. İşsizliyin bu növü iqtisadi tsiklik azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olunur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar. 2016-cı il üzrə ölkəmizdə əmək bazarına daxil olmalar bir sıra faktorlarla bağlı olub. Lakin görülən kompleks tədbirlər nəticəsində əmək bazarında sabitliyə nail olunub, işsizliyin artmasının qarşısı alınıb.