Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər Hadisə

Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May- Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:"Hörmətli İlham Heydər oğlu,
Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf edir. Bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənib.
Əminəm ki, birgə səylərimizlə ikitərəfli əməkdaşlıq əlaqələri kompleksini bundan sonra da inkişaf etdirəcəyik. Bu, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında ölkələrimizin dost xalqlarının köklü mənafelərinə uyğun olaraq cərəyan edir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına sülh və əmin-amanlıq arzu edirəm".
Polşa prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevin 28 May-Respublika Günü münasibəti ilə təbrik edib. Onun məktubunda deyilir: "Hörmətli cənab prezident, Azərbaycan Respublikasının milli bayramı - müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm. Möhtərəm cənab prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək. Hörmətli cənab Prezident, sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm".
İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Çexiya prezidenti Miloş Zeman, Litva prezidenti Dalya Qribauskayte, Avstriya prezidenti Aleksander Van der Bellen, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Əlcəzair prezidenti Əbdüləziz Buteflika, Tacikistan prezidenti Emoməli Rəhmon, Yunanıstan prezidenti Prokopis Pavlopulos, Abu-Dabi vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktum, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan, Lüksemburqun Böyük Hersoqu Anri, Fələstin prezidenti Mahmud Abbas, Syerra Leone prezidenti Ernest Bai Koroma, Mərakeşin Kralı VI Mohammed və Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum təbrik ediblər.