Torpaqlarımız şoranlaşır... Hadisə

Torpaqlarımız şoranlaşır...

Azərbaycan zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikanın ətraf mühiti həddən artıq çirkləndirilib. Məsələn, əsas ekoloji problemlərdən biri də kənd təsərrüfatı üçün yararlı olan 4,1 milyon ha (respublika ərazisinin 47,7 faizi) torpaqların tədricən sıradan çıxmasıdır. Belə ki, bu torpaqlardan hazırda 3,6 mln. ha eroziyaya məruz qalıb. Bunlardan 1,3 mln. ha zəif, 1,16 mln. ha orta və 1,14 mln.ha yüksək dərəcədə eroziyaya uğrayıb. 1,5 mln. hektardan çox torpaq sahəsi isə şoranlaşıb.
Aqrotexniki qaydalara tam əməl olunmaması, meşələrin sistemsiz qırılması, suvarma suyundan qənaətlə və səmərəli istifadə edilməməsi, kolxoz, sovxoz və kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat suvarma və kollektor drenaj şəbəkələrinin baxımsızlıq üzündən bərbad vəziyyətə düşməsi və s. eroziya və şoranlaşma prosesini sürətləndirən amillərdəndir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi məlumata əsasən, ölkə ərazisində eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb... Təxminən 300 kv. km ərazi isə sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb.
Yol verilən nöqsanlar ucbatından min hektarlarla torpaq əraziləri şoranlaşıb. Hətta o dərəcədə ki, duz qatı ətrafda qar kimi düm ağ örpək yaradıb.
Hər il ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır. Bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin zəhməti əvəzsizdir. Təkcə 2003-2009-cu illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min hektardan 778 min 464,7 hektara çatdırılıb. Bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir.
Fermerlərin bildirdiyinə görə, hazırda şoranlaşmağa məruz qalmış torpaqların 70-80-ci illərdə hər hektarından 35-45 sentner, bəzən daha çox taxıl götürürdük. İndi olsa-olsa, 18-22 sentnerdir. Pambıq da elədir, məhsuldarlıq 2-2,5 dəfə azalıb. Səbəb ondadır ki, ərazinin relyefi və torpaq quruluşu elədir ki, burada dərin drenaj sistemi olmalıdır. Amma vaxtilə işlək olan drenaj sistemlərini indi qamış basıb və tamamilə yararsız hala düşüb. Qrunt sularının axıdılması mümkünsüzdür, ona görə sular torpağın üzünə çıxıb, hər tərəf bataqlıqlaşıb. Meliorasiya işləri yoxdur.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Dövlət Yer Quruluşu Layihə İnstitutunun məlumatına görə, son illər 51 rayonda 715 min hektar torpaqların vəziyyəti öyrənilib. Məlum olub ki, bu torpaqların yalnız 45,5 faizi, başqa sözlə, 325 min hektarı tam münbitdirsə, qalan hissəsi az, orta və ağır dərəcədə şorandır. Problemin aradan qaldırılması üçün isə bir sıra əlaqəli dövlət qurumlarının hərəkətə keçməsi vacibdir. Yoxsa, şoranlaşma torpaqlarımızı "işğal etməkdə" davamlı olacaq. Faktdır ki, torpaqların şoranlaşmasının və bataqlıqlaşmasının, həmçinin səhralaşmasının qarşısını almalı olan dövlət qurumları və səhmdar cəmiyyətlər birgə işləmir. Vaxtilə drenaj sistemlərinin təşkili və istismarı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin üzərində olub.
Araşdırmalar təsdiqləyir ki, təkcə 2007-ci ildə dövlət büdcəsinin 1,9 milyard manatı "Əsaslı investisiya qoyuluşu"na xərclənib ki, bunun da 75 milyon manatı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin payına düşüb. 2008-ci ildə isə bu rəqəm 80 milyon manat, 2009-cu ildə 98 milyon, 2010-cu ildə isə 205,7 milyon manat olub.
Xüsusilə sel sularının altında qalmış rayonlarda şoranlaşma təhlükəsi daha böyükdür. Qeyd olunan regionlarda torpağın quruluşu öyrənilməli, prosesin qarşısını alan qabaqlayıcı tədbirlər görülməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycanda əkinəyararlı torpaq sahələrinin həcmi cəmi 4,5 milyon hektardır və onun da 3,6 milyon hektarı şoranlaşıb. Deməli, əkinəyararlı torpaq sahələrinin təxminən 80 faizi istifadəyə yararlı deyil. Torpaqların şoranlaşması son bir neçə il ərzində əhəmiyyətli dərəcədə artıb. Bu şoranlaşma prosesi Azərbaycan üçün böyük çətinliklər yaradır və eyni problemlə üzləşən digər ölkələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına mane olur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun bildirdiyinə görə, ən çox şoranlaşan torpaqlar Kür-Araz ovalığında müşahidə edilir, bu ərazinin 2,3 milyon hektarlıq sahəsinin 30 faizi şoranlaşmaya məruz qalıb. Həmçinin Kür çayının vadisində, Mil-Muğan düzənliyində, o cümlədən Qarabağ düzənliyində, Bərdə ərazisində də şoranlaşmış torpaqlar çoxdur.
Fermer Həsən Əhmədov deyir ki, əvvəllər kolxoz və sovxozlarda şoranlaşmaya əsas səbəb olan qurunt sularının axıdılması üçün drenaj sistemləri qurulardı: "İndi fermerlər sahələrini necə gəldi suvarır, arxlara heç kəs qulluq etmir, təmizləyən olmadığından hamısı lil bağlayıb. Kimisi tənbəllik edir, kimisinin də bu cür işlərə maddi və texniki cəhətdən imkanı çatmır. Nəticədə torpaqlar şoranlaşır. Hökumət qurumlarının isə bu heç vecinə deyil".
Azərbaycanda şoranlaşma problemi ilə tək Yevlax üzləşməyib. Şoran torpaqlar əsasən Kür-Araz ovalığında, Aran zonasında geniş yayılıb. Kür çayının vadisində, Mil-Muğan, o cümlədən Qarabağ düzənliyində də fermerlərin bir nömrəli problemi şoranlaşmadır.
Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Sabir Vəliyev bildirir ki, Azərbaycanda əkin altında olan 1,6 milyon hektar torpağın 1 milyon hektarı müxtəlif dərəcədə şoranlaşıb, 400 min hektara yaxın torpaq isə şorakətləşib: "Müxtəlif duzların təsirinə məruz qalmış torpağa yüksək keyfiyyətli toxum səpsən də, məhsuldarlıq aşağı düşür. Şoranlaşmış torpaqlarda məhsuldarlıq 10-15 sentner təşkil edir. Bəzi rayonlarda, o cümlədən Lənkəran, Astara, Lerik, Yardımlıda hər istehsalçının 0,7-0,8 hektar torpağı var, həmin sahəyə hər il taxıl əkir ki, bu da məhsuldarlığın azalmasına səbəb olur. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik İdarəsi tədqiqatlar aparıb. Müəyyən edilib ki, öncə torpaqların münbitliyi qorunmalıdır. Şoran və şorakət torpaqlar münbit hala gətirilməlidir. Aqrokimyəvi laboratoriyaların maddi-texniki bazası möhkəmləndirilməlidir ki, torpağın qida maddələri ilə təmin olunma dərəcəsini, torpağa veriləcək gübrənin normasını müəyyən etsin. Azot, fosfor, kaliumun miqdarı müəyyən edildikdən sonra meliorativ tədbirlərlə yanaşı torpaqlara lazım olan mineral gübrələr verilməlidir. Azərbaycanın əkin sahələrinin 950 min ton mineral gübrəyə ehtiyacı var. Bunun 450 min tonunu fosfor, 340 min tonunu azot, 160 min tonunu isə kalium gübrəsi təşkil edir. Azərbaycan hökuməti hər il meliorativ tədbirlərə vəsait ayırır. Xüsusilə dövlət büdcəsindən "Azərsutikinti" Səhmdar Cəmiyyətinə, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə hər il müəyyən miqdarda vəsait ayrılır".
Sabir Vəliyevin dediyinə görə, ötən əsrin 60-70-ci illərində ildə 70 min hektardan çox qeyri-sabit sahələr meliorativ tədbirlər nəticəsində yenidən dövrəyə qaytarılırdı: "Amma 1988-ci ildən başlayaraq torpaqların şoranlaşması artmağa başlayıb və müxtəlif tədbirlər görülməsinə baxmayaraq bu proses bu gün də dayanmayıb. Sovet dövründə həm kollektor-drenaj sistemləri ilə torpaqlardakı duzlar yuyulurdu, həm də paralel olaraq şorakət torpaqlar gipsləşdirilirdi.
Son illər, demək olar ki, gipsləşdirmə prosesi getmir, yalnız şoranlığa qarşı mübarizə aparılır. İkincisi, kollektor-drenaj sistemi başlı-başına buraxılıb. Əvvəllər bu sistemə dövlət nəzarət edirdi. Sistemin bərpası üçün isə külli miqdarda vəsait və bir neçə il vaxt lazımdır".
Ölkə üzrə 1 milyon 400 hektar təşkil edən şoran torpaqların 80 faizi mərkəzi aran rayonlarının xüsusilə Ucar və Zərdab rayonlarının payına düşür. Mütəxəssislərin sözlərinə görə, Ucarda 70 min hektar torpaq sahəsinin yalnız 10 faizi əkinə yararlı - birinci qrup torpaq sahəsidir. 90 faizi isə şoran və şorakət olmaqla 3-cü, 4-cü torpaq tiplərinə aiddir. Kənd sakinləri taxıl əkdikləri sahələrdən götürəcəkləri məhsulun miqdarını proqnozlaşdırsalar da hər dəfə yanılırlar. Onların arasında bütün maliyyə ehtiyatını torpağa qoyub, lakin zərər gördüklərini deyənlər də var.
Ucar rayon İcra Hakimiyyətinin (RİH) aqrar məsələlər üzrə aparatının baş məsləhətçisi Rəhman Səfərov bildirir ki, şoran və şorakət torpaqların müəyyən hissəsini kəndlilər üçün yararlı vəziyyətə gətirmək üçün xüsusi dövlət tədbirlərinin görülməsi gözlənilir. Ehtimal olunur ki, bu proqram icra olunarsa, şoranlaşmış torpaqların böyük bir qismini münbit vəziyyətə qaytarmaq olar.
AMEA-nın Torpaqşünaslıq ve Aqrokimya institutunun meliorasiya laborotoriyasının rəhbəri Mustafa Mustafayev açıqlamasında torpaqda baş veren eroziya ve şoranlaşmanın səbəbləri, eləcə də onun törətdiyi fəsadlar haqda maraqlı məlumatlar səsləndirir: "Şoranlaşmış torpaqlarda asan həll olunan duzlar var ki, bunlar tez həll olunduğuna görə torpaqların münbitliyi azalır və bunun da nəticəsində bitkilərin məhsuldarlığı aşağı düşür. Həmçinin, suvarma eroziyası ve ya başqa adla meliorasiya eroziyası prosesi yerin mailliyindən asılı olaraq torpağın üst qatında, mailliyi aşağı olan hissədə gedir. Ona görə də, münbitlik azaldığından məhsuldarlıq aşağı düşür. Bitkinin məhsuldarlığı az olur". Mustafa Mustafayev bu problemin qarşısını almaq üçün görülə biləcək tədbirlərdən də danışır: "Torpaqda eroziyanın qarşısını alınması üçün, birincisi, əkin altında olan torpaqlarda hamarlama işləri aparılmalıdır ki, mikroçökəkliklər doldurulsun. Yəni, yerin səthi düz olsun. Suvarma zamanı səthdə bərabər nəmlənmə aparılsın. Beləliklə, suyun çökək hissələrə yığılmasının qarşısı alınır. Bütün qatlarda eyni nəmlənmə gedir. İkincisi, hər bitkiyə öz tələbatına uyğun su verilməlidir. Normaya uyğun su vermek lazımdır ki, həm bitkinin tələbatını ödəsin, həm də torpaqda su toplanıb qalmasın. Şoranlaşmaya qarşı isə melorasiya sistemleri qurulub ki, bu gün onların çoxu qənaətbəxş deyil. Onların təmizlənməsi, təmir-bərpa işləri, rekonstruksiya işləri müntəzəm olaraq hər il aparılmalıdır ki, torpaqda yığılan duzlar yuyulub kənar edilsin".

Ülviyyə Tahirqızı