“Həqiqəti açıq demək lazımdır” Hadisə

“Həqiqəti açıq demək lazımdır”

Xiyabaninin qurduğu milli hökumət bir sıra iqtisadi, mədəni-ictimai tədbirlər həyata keçirdi

Güney Azərbaycanda baş verən azadlıq hərəkatlarından biri də Şeyx Məhəmməd Xiyabaninin adı ilə bağlıdır. 94 il öncə bu aylarda Güney Azərbaycanda baş verən hadisələri dərindən bilmək, təhlil etmək, müəyyən qənaətlərə gəlmək son dərəcə gərəklidir. Araşdırmaçı Pərvanə Məmmədlinin fikrincə, I dünya savaşından sonra İranda və Güney Azərbaycanda üsyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Ş.M.Xiyabani sonralar Güney Azərbaycan və İran tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejimli müstəqil dövlət yaratmağa nail oldu: "Məşrutə inqilabının məğlubiyyətindən sonra bir neçə il Petrovsk və Vladiqafqazda yaşayan Xiyabaniyə Rusiyadakı inqilabi hərəkatın yüksəlişi böyük təsir göstərmişdi. Ölkədəki vəziyyəti görən Xiyabani müvəqqəti olaraq açıq siyasi fəaliyyətdən çəkinmək və gizli işə keçmək qərarına gəlir. İki-üç il yalnız Təbrizdə deyil, İranın digər şəhərlərində də gizli təbliğat aparan Xiyabani və onun məsləkdaşları 1917-ci ilin fevralından açıq fəaliyyətə keçdilər. Xiyabani Rusiyada olarkən rus dilini öyrənmiş, çoxlu ədəbiyyat oxumuş, rus siyasi düşüncəsi ilə tanış olmuşdu. O, Quzey Azərbaycanda yaşayan güneylilərin durumu ilə yaxından ilgilənmiş, Bakıda yerli sosial-demokratlar ilə əlaqələr qurmuşdu. Müəyyən fasilələrlə 8 ilə yaxın Rusiya və Qafqazda yaşayan Xiyabani yerli xalqın və dünyanın digər xalqlarının milli-azadlıq dərsləri təcrübəsini mənimsəyərək peşəkar bir ideoloq kimi yetişmişdi. Rusiya həyatı ağıllı gənc olan Xiyabaninin dünyagörüşünün formalaşmasında böyük rol oynamışdı. Bir müddət Petrovskda yaşadıqdan sonra Xiyabani təhsil almaq üçün yenidən Təbrizə qayıdır. Burada ruhani təhsili alan Xiyabani uzun və inadlı şəxsi mütaliə nəticəsində ictimai elmlərə yiyələnmiş, fəlsəfə, tarix, iqtisadiyyat, təbiət elmləri, riyaziyyat və ədəbiyyat sahəsində hərtərəfli biliyə malik olmuşdu, türk, ərəb, fars, rus və fransız dillərində təmiz danışırdı".
O illərdə Xiyabani Demokrat Firqəsinin (Partiyasının) Azərbaycan şöbəsini qurur. Az sonra o, partiyanın adını Azərbaycan Demokrat Firqəsinə (ADF) çevirərək Tehrandan ayrılıb müstəqil şəkildə fəaliyyət göstərir. ADP 450 nümayəndənin iştirakı ilə keçirdiyi qurultayında qətnamə qəbul edərək Tehrana dörd tələb irəli sürür: 1. Demokratik dəyişikliklər, o cümlədən torpaq islahatı; 2. Tehranda Milli məclisin yenidən qurulması; 3. Əyalət əncümələrinin yenidən qurulması; 4. Məşrutənin bütün qurumları ilə birgə qüvvəyə minməsi.
ADP həmin qətnamədən sonra Azərbaycanın bütün vilayətlərində təşkilatlanmağa başlayır: "Xiyabani nitqləri və məqalələri ilə Azərbaycan xalqını milli mücadiləyə ruhlandırırdı. Xiyabani hesab edirdi ki, Azərbaycana Tehran tərəfindən haqsızlıq edilib. Tehran bu haqsızlığa və ədalətsizliyə son qoymalıdır. Xiyabani Azərbaycanın problemlərinin Konstitusiyasının qüvvəyə minməsi və əyalət əncümələrinin qurulması ilə çözüləcəyinə inanırdı. ADF Tehrandan cavab gözləmədən Azərbaycanın vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görməyə başladı. İlk növbədə möhtəkirlik və aclıqla mübarizə məqsədilə bəzi qurumlar yaratdı. Bunlar aşağıdakılar idi: Ərzaq komissiyası. Bu komissiya əsas ərzaq məhsulu olan çörəyin qiymətini tənzimləyirdi. Məhəllə komissiyası məhəllələrdəki yoxsul və aztəminatlı ailələri müəyyənləşdirib onlara çörək çatdırılmasında ərzaq komissiyalarına yardım edirdi. Yoxsullar evi ("Darül-məsakin") yoxsul, kimsəsiz və qoca adamlar bu evlərdə yerləşdirilirdi. Yardım (İanə) komissiyası yoxsullar üçün yardım toplamaqla məşğul olur, bu məqsədlə varlılardan böyük məbləğdə pullar alırdı".
Xiyabani bu qurumların işinə şəxsən nəzarət edir və vəzifəsini pis yerinə yetirən şəxslərin adlarını "Təcəddüd" qəzetində dərc etdirirdi. Qəzetdə həmçinin bütün qurumların statistik hesabatları nəşr olunurdu. Xiyabani rəsmən iqtidarda deyildi, amma Azərbaycanda hər şeyi nəzarətində saxlayırdı. Bir ilə yaxın davam bu dövr ərzində Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə olunmuşdu".
Araşdırmaçı daha sonra bildirir ki, 1917-ci ildə Azərbaycandakı milli-azadlıq hərəkatına rəhbərlik edən Ş.M.Xiyabani hələ Məşrutə inqilabı zamanı həmişə ön cərgədə idi: "Xiyabaninin siyasi həyatı Məşrutə inqilabı ilə başlamışdı. O, silahlı şəkildə səngərləri dolaşıb mücahidləri maarifləndirmək və ruhlandırmaqla məşğul olmuşdu. "Xiyabani" ləqəbini də Təbrizin məşhur Xiyaban məhəlləsində səngər vuruşlarında böyük cəsarətlə döyüşdüyünə görə almışdı. İstər hərbi, istərsə də diplomatik məsələlərin həllində əsas simalardan biri olan Xiyabani məhz bu illərdə ağıllı, tədbirli bir strateq, görkəmli bir dövlət xadimi kimi yetişdi.
1920-ci il aprelin 7-də Ş.M.Xiyabaninin rəhbərlik etdiyi silahlı üsyan Təbrizdə qələbə çaldı. Güney Azərbaycan Azadistan (Azadlıq ölkəsi) adlandırıldı. Milli hökumət təqribən 5 ay müddətində bir sıra iqtisadi, mədəni-ictimai tədbirlər həyata keçirdi. Bəzi kəndlərdə dövlət torpaqları kəndlilər arasında bölüşdürüldü, məktəblər, xəstəxana, xalça fabriki və s. açıldı. Ş.M.Xiyabani Fransanın məşhur maarifçisi Viktor Hüqonun "Parlamentlərin qapılarını cavanların üzünə bağlamayın, onda onlar ümumi meydanları öz üzlərinə açacaqlar" məşhur ifadəsini misal gətirərək xalqı maariflənməyə, savadlanmağa çağırırdı. "Ölkə əhalisini cəhalətdən qurtarmaqla xalqın hakimiyyəti təmin ediləcək"- deyən Xiyabani maarifin genişlənməsinə, məktəblərin müasir üsulla açılmasına çalışırdı".
Xiyabani milli hökumət başçısı olduğu qısa müddət ərzində Təbrizdə bir çox islahatlar aparmağa başlayır: "O, jandarm təşkilatını genişləndirərək öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. Məhəmmədiyə və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsinə göstəriş verdi. Bakıdan "İttahadiyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabaninin qurduğu dövlətdəki yüksək idarəçilik və nizam-intizam haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar Azərbaycan türkcəsində aparılırdı.
Xiyabaninin üzərində xüsusi dayandığı problemlərdən biri də Azadistanda qadınların ictimai həyatda iştirakı məsələsi idi. Onun bir sıra məqalələri "Dünyanın məşhur qadınları", "Dünya qadınlarının tərəqqisi", "Bizim qadınlarımız", "Sabahkı analarımız" və s. nitqləri məhz bu mühüm problemə toxunurdu". O, deyirdi: "Qadınlarımızın ölkə müqəddəratında və demokratiyanın gələcəyinə böyük payları vardır. Qadınlarımız öz səy və qeyrətlərini, qüvvət və qüdrətlərini vətənin və xalqın xeyrinə işlərə sərf etməlidir".
Təbrizdə Xiyabaninin təşəbbüsü ilə pulsuz iki qız məktəbinin açılması da bu yolda atılan ilk addımlardan idi: "Azərbaycan xalqının hüquqları və Azərbaycanın milli istiqlal məsələsi onun fəaliyyətinin özəyini təşkil edirdi. İstər meydanlarda və ali məclislərdə söylədiyi nitqlərdə, istərsə də yazdığı məqalələrdə Xiyabaninin müasirlərinin xatirələrindən məlum olur ki, gözəl natiqlik qabiliyyətinə malik olan Xiyabani öz nitqlərinin hamısını başa düşəcəyi sadə və anlaşıqlı Azərbaycan dilində söyləmiş, sonra bu nitqlərin çox hissəsi Tağı xan Rəfət tərəfindən fars dilinə çevrilərək "Təcəddüd" qəzetində dərc edilmişdi. Qəzetdəki yazılarda Xiyabani Azərbaycan xalqının hüquqlarını göstərir, onun milli istiqlaliyyət məsələsinə toxunurdu". "Təcəddüd" qəzetinin 24-cü sayındakı "Azərbaycan" başlıqlı məqalədə Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladır, oxucularında vətənpərvərlik duyğuları oyadaraq oğullarını istiqlal mücadiləsinə səsləyirdi: "Qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatı və azadlıq tələblərini məhv edə bilməyəcəkdir. Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır! Zülm, işgəncə, əzab, müsibət, dar ağacları zəncir və zindanlar möhkəm olsalar da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu. Təhdidlər, hücum və əziyyətlər, mühasirə və qırğınlar səni parça-parça edib altını üstünə çevirdi. Lakin məğlub edə bilmədi".
"Təcəddüd" qəzeti 1917-ci ilin aprel ayından nəşrə başlamışdı. Şeyx Məhəmməd Xiyabaninin inqilabi-fəlsəfi görüşlərini əks etdirən "Təcəddüd" qəzetinin müəyyən mərhələdə nömrələri özünün və Əbülqasım Füyuzat, Tağı xan Rəfət, Mirzə Əbülfəttah Ələvi kimi ayrı-ayrı şəxslərin redaktorluğu ilə çap olunmuşdu. Ayrı-ayrı vaxtlarda başqa-başqa adamların redaktorluğu ilə çap olunmasına baxmayaraq, qəzet şeyxin özünün nəzarəti altında çıxmış və əsasən onun ideyalarını təbliğ etmişdi. Qəzetin əsas mündəricəsini azadlıq, bərabərlik, elmin təbliği təşkil edirdi. "Təcəddüd" İran tarixində birinci dəfə olaraq milli məsələlər barədə müstəqil və ardıcıl şəkildə yazırdı. Qəzetin ilk sayında dərc olunan "İran və Rusiya" adlı məqalədə keçmiş Rusiya ilə çağdaş Rusiya müqayisə edilir və xalqı bu ölkəyə yeni münasibət bəsləməyə səsləyirdi".
Xiyabani Məşrutə qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi: "...İndi təmir, bərpa və abadlaşdırma zamanıdır. İstibdad əleyhinə qiyam, əcnəbi istilasına qarşı müqavimət, pozğun daxili ünsürlərlə mübarizədə şücaət və qeyrət, həmiyyət və istiqamət tələb olunur. Bunların hamısı pak övladların vücudunda vardır. Budur, artıq keçmişin zəhmətlərindən istifadə dövrü gəlib çatmışdır. Keçmişin xarabaları üzərində gələcəyin sarayları yüksəlməlidir. Bu sarayların yüksəlməsi fikir və düşüncə tələb edir. Uzağı görən, uzağı düşünən fikir, ağıllı və tədbirli fikir. Yaradıcı və canlandırıcı fikir. Tətbiq və icraedici düşüncə, islah edib intizam yaradan fikir. Səbr və sübat, yenilik, dissiplin və təşkilat, ayıqlıq, ümidvarlıq və fədakarlıq tələb edən fikirlər olmalıdır. Bəli, fədakarlıq və həmişə fədakarlıq! Heç vaxt yorğunluğa və yasa qapılmamalı. Heç vaxt! Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir. Ey anamız Azərbaycan, sən bu ümidləri doğrult, başını yuxarı tut, yaşa! Həmişəlik yaşa!..".

Uğur