“Azərbaycanda temperturun 5 dərəcə artacağı gözlənilir” Hadisə

“Azərbaycanda temperturun 5 dərəcə artacağı gözlənilir”

Aytəkin Əsgərova: "Bu isə ölkəmizdə buzlaqların əriməsi, sel və daşqınların, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxaracaq"

20 May 2014-cü il tarixdə BMT-nin İqtisadi Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) konfrans zalında "İqlim Dəyişikliyi və İnkişaf" Alyansı İqlim Dəyişikliyi üzrə Hökumətlər arası Panelin (İPCC) 5-ci Qiymətləndirmə Hesabatının 2-ci və 3-cü İşçi Qrupunun məlumatlarına dair Mətbuat üçün brifinq keçirilib. Tədbirə ev sahibliyi edən BAMF-ın sədri Umud Rəhimoğlu tədbirin mahiyyəti və bu istiqamətdə görülən işlər haqqında qısaca məlumat verib.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) sonuncu hesabatları göstərir ki, iqlim dəyişikliyinin törədə biləcəyi fəlakətlərin qarşısını almaq mümkündür. Bunun üçün karbonla çirklənmənin təcili və uzunmüddətli dövr üçün azaldılması ən əsas şərt kimi göstərilib.
Dünyanın aparıcı iqlim mütəxəssisləri dünya ictimaiyyətinin iqlim dəyişikliyi nəticəsində artan risk şəraitində yaşamaq üçün qətiyyən hazır olmamaları barədə dövlətləri xəbərdar ediblər.
Yokohamada açıqlanan İPCC-nin V Qiymətləndirmə Hesabatının 2-ci hissəsində iqlim dəyişikliyinin bütün materik və okeanlarda həyata mənfi təsir göstərəcəyi barədə məlumat əksini tapıb. İqlim dəyişikliyi güclənir və temperatur artımı, daşqın, quraqlıq, ərzaq qıtlığı yaradır. Bunun nəticəsi olaraq yoxsul əhali sayının artması və xəstəliklərin yayılması kimi halların baş verməsi qaçılmazdır.
Alyansın koordinatoru Aytəkin Əsgərovanın sözlərinə görə, Azərbaycanda tempertaurun təxminən 5C qədər artacağı gözlənilir: "Bu isə ölkəmizdə buzlaqların əriməsi, sel və daşqınların, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxaracaq. Digər tərəfdən isə yarım-səhra zonada yerləşən ölkəmizdə quraqlıq nəticəsində torpaqların deqradasiyası, meşə landşaftının məhv olması, su resurslarının azalması kimi təhlükələr qaçılmazdır. Bunun nəticəsində isə əhalinin kənd-təsərrüfatı imkanları aşağı enəcək, sahilyanı ərazilərdə yaşayan əhali arasında isə infeksion xəstəliklərin yayılması halları və s. baş verəcək. Bu kimi ağır nəticələrə isə cavab tədbirlərinin ləngiməsi gətirib çıxara bilər. Ən pis nəticələrin qarşısını almaq üçün aktiv fəaliyyət göstərmək lazımdır. Bunun üçün isə mövcud dövlət komissiyasını fəaliyyətinin aktivləşdirmək və ya bütün müvafiq qurumların da cəlb olunması ilə yeni çoxtərəfli Milli Komitə yaradılmalıdır."
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov istixana effekti yaradan qazların son 30-40 ildə 287 ppm-dən 400 ppm-ə qalxmasını nəzərə çatdırdı.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının milli koordinatoru İsa Əliyev "tarixən 1C temperatur artımı 1000-1200 il ərzində baş verirdi. Hazırda isə 3-5C arası temperatur artımı 30-40 il ərzində baş verir." söyləməklə iqlimin dəyişməsi prosesinin getməsinin normal sayılması fikirlərinə aydınlıq gətirdi: "Dünya tullantılarının böyük əksəriyyəti ABŞ, Yaponiya, Çin, Hindistan, Avropa və s. kimi ölkələrin payına düşür. Çin 7 milyard ton tullantısı olmaqla ABŞ geridə qoyub. Azərbaycanın dünya tullantılarında payı 0.1% təşkil edir, bu da onu göstərir ki, bizim tullantılar qlobal istiləşməyəı bir o qədər də təısir etmir, amma bizə olan təsirlərə adaptasiya olmalıyıq. Hazırda ölkədə bir sıra dövlət proqramları həyata keçrilir. Məs, bərpaolunan ebnerjidən istifadəyə başlamaqla tullantıları 1% endirməyə nail olmuşuq".
Qeyd edək ki, BAMF Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə 2010-cu ildə "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün keçirilən 3 günlük konfrans-seminarın təşkilatçılarından olub.